Prezident İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ probleminin həllində bundan sonrakı proses tərəflərin atacağı konkret addımlardan asılı olacaq. Amma, Dağlıq Qarabağın statusu məsələsində prezidentlərin baxışları fərqli olduğundan rəyini bildirən mütəxəssislər üçün konkret hansı addımlardan söhbət getdiyi aydın deyil.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının sədr müavini Aydın Mirzəzadə isə bildirir ki, danışıqlar təfərrüatı ilə açıqlanmadığı üçün bundan sonrakı addımların nə olacağını demək çətindir. Ancaq, ola bilsin ki, bundan sonrakı addımlar danışıqların intensivləşdirilməsi ilə bağlıdır. Çünki, beynəlxalq ictimaiyyət də danışıqların davam etdirilməsində maraqlıdır və buna təkid edir: «Danışıqların davam etdirilməsi bu gün sonrakı addımlar kimi başa düşülür. İstisna deyil ki, dövlət başçıları arasında görüşlər intensivləşsin və biz gələcəkdə məsələnin tam həlli barədə bəyanatlar eşitmiş olaq». Aydın Mirzəzadə düşünür ki, prezidentlərin Minsk görüşündə müəyyən konstruktiv nəticələr əldə etmək mümkün olub.
Razılaşmalardan söz düşmüşkən, mütəxəssislərin bir qisminin fikrincə, danışıqlar prosesində hətta problemin həllinə bir addım qalsa belə bu, nəticənin əldə olunacağını deməyə əsas vermir. Çünki, belə hallar indiyə qədər dəfələrlə olub. Bu fikirdə olanlar Paris, Ki-Uest və İstanbul sammitindən əvvəlki hadisələri misal gətirirlər. Həmin vaxtlarda iki ölkənin ictimai rəyində və beynəlxalq aləmdə problemin həll olunacağı təsəvvürü yaranmışdı. Amma, sonrada bu ümidlər özünü doğrultmadı.
Politoloq Rasim Musabəyov isə hesab edir ki, əldə edilən razılaşma Laçın və Kəlbəcər rayonları ilə bağlı ola bilər. Ancaq, prinsipial məsələlərdə-yəni status məsələsində mövqelərin necə yaxınlaşdırılacağı anlaşılan deyil. Ona görə də o Minskdə əldə edilən razılaşmaya ümid bəsləmir:
«Hər halda danışıqlarda konstruktivliyin olması, hansısa nəticə əldə etmək üçün istəklərin olması müsbətdir. Ancaq, o istəklərin gerçəkləşəcəyinə ümidli olmağa kifayət qədər əsas görmürəm». Prezidentlər arasında razılaşmanın və bundan sonrakı addımların Dağlıq Qarabağın statusuna dair referendum keçirilməsi ilə bağlı olduğunu istisna etməyənlər də var.
Digər tərəfdən mütəxəssislərin bəziləri hesab edir ki, həm Azərbaycan, həm də Ermənistan ictimaiyyəti müharibə istəmədikləri üçün sülhə hazırdırlar. Rasim Musabəyov deyir ki, hər iki ölkədə keçirilən sorğular da bunu təsdiqləyir. Ancaq, həm ermənilər, həm də azərbaycanlılar bu sülhün öz maraqları çərçivəsində əldə edilməsini istəyirlər. İlham Əliyevin və Robert Koçaryanın öz ölkələrində başqa şərtlərlə ictimaiyyəti sülhə hazırlamasını demək çətindir.
Azərbaycanda isə xüsusən müxalifət yönlü və müstəqil qəzetlərdə şərhçilərin yazılarında Dağlıq Qarabağ probleminin həllinə dair pessimist fikirlər yer alır. Bu cür şərhlərdə hakimiyyətin Azərbaycan üçün hansısa qeyri məqbul razılaşmaya getmək niyyətində olduğu qeyd edilir. Hətta, ANS telekanalının yayımını dayandırmaqla hakimiyyətin Qarabağ danışıqlarına dair azad fikir mübadiləsinə mane olmaq istədiyini iddia edənlər var. Bu fikirlərlə razılaşmayan Aydın Mirzəzadə deyir ki, bir kanalı bağlamaqla belə şeyə nail olmaq mümkün deyil. Ən azı ölkədə yayımlanan «Azadlıq», BBC və sair xarici radiolardan ölkə ictimaiyyətinin məlumatlanmaq imkanı mövcuddur. Ayna-Zerkalo qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov isə hesab edir ki, əslində ANS-in bağlanması həmin radiostansiyaların verilişlərinin də məhdudlaşdırılmasıdır:
«Müstəqil və müxalif fikrin cəmiyyətə təqdim olunması dairəsi maksimum daraldılır. ANS-in dayandırılması o deməkdir ki, çıxış kanalı olan xarici radiostansiyaların daha geniş auditoriyaya yayımı dayandırılır».
Şərq-Qərb Araşdırmaları Mərkəzinin Rəhbəri Ərəstun Oruclu da ANS telekanalının bağlanması səbəbləri sırasında Dağlıq Qarabağ probleminin həlli məsələsinin də olduğunu istisna etmir.