Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:47

Bayden Şərqi Avropa və Baltik ölkələrinə əsgər göndərə bilər


Ukrayna hərbçiləri
Ukrayna hərbçiləri

Təkliflərdə Şərqi Avropa ölkələrinə 1000-5000 əsgər yerləşdirmək, vəziyyət pisləşərsə, sayı on dəfə artırmaq nəzərdə tutulur

ABŞ Prezidenti Co Bayden Baltik regionu və Şərqi Avropadakı NATO müttəfiqlərinə minlərlə əsgər, eləcə də hərbi gəmi və təyyarə göndərməyi nəzərdən keçirir. Bu haqda “The New York Times” qəzeti administrasiya rəsmilərinə istinadla yazır.

Qəzet belə bir addımın Rusiyanı təcavüzə təhrik edəcəyindən çəkinərək Ukrayna ilə bağlı indiyədək təmkinli mövqe tutmuş Bayden administrasiyası üçün dönüş nöqtəsi olacağını yazır.

Rusiyanın Ukrayna ilə sərhədə əsgər cəmlədiyi və Qərblə Rusiya arasında danışıqların nəticə vermədiyi bir dönəmdə administrasiya “təhrik etməmək strategiyası”ndan geri çəkilir, qəzet yazır.

Variantlar

Məqalədə deyilir ki, şənbə günü prezidentin Merilenddəki Kemp Deyvid iqamətgahında görüş zamanı Pentaqonun aparıcı rəsmiləri Baydenə Amerika əsgərlərinin yerləşdirilməsi üçün bir neçə variant təklif ediblər. Təkliflərdə Şərqi Avropa ölkələrinə 1000-5000 əsgər yerləşdirmək, vəziyyət pisləşərsə, sayı on dəfə artırmaq nəzərdə tutulur.

Qəzetə adlarının çəkilməməsi şərtilə danışan rəsmilərin sözlərinə görə, Bayden bu həftənin əvvəlində qərar verə bilər.

Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox əsgər yığdığı bildirilir. Şənbə günü Britaniya Moskvanı Ukraynada rusiyapərəst lideri rəhbər gətirmək planları hazırlamaqda ittiham edib.

Bayden ötən yay Amerika əsgərlərini 20 ildən sonra Əfqanıstandan çıxarıb və ölkəni başqa bir münaqişəyə çəkməyə meylli olmadığını deyib.

Amma Bayden rəsmiləri son vaxtlar xəbərdarlıq ediblər ki, Putin Ukraynaya təcavüzə başlarsa, Kiyevə dəstək verəcəklər.

Qəzet yazır ki, NATO-nun Estoniya, Latviya və Litvanın daxil olduğu şərq cinahına Amerika əsgərlərinin yerləşdirilməsi Rusiya Prezidenti Vladimir Putinin arzulamadığı ssenaridir. Moskva Qərbdən təhlükəsizlik qarantiyaları, özəlliklə NATO-dan şərqə doğru genişlənməni dayandırmağı tələb edir.

Rusiyaya cavab

Bu arada ABŞ Kiyevdəki səfirlik işçilərinin qohumlarına ölkədən çıxmaq göstərişi verib.

“Aydındır ki, bu, Rusiyanın Belarusa, NATO ilə sərhədə qəfil qüvvələr yerləşdirməsinə cavabdır”, – Obama administrasiyası dövründə Pentaqonun Rusiya və Ukrayna üzrə əsas rəsmisi olmuş Evelin Farkas deyib.

“NATO bu siyasi kontekstdə qəfil hərbi gedişə cavab verməyə bilməzdi. Kreml anlamalıdır ki, qüvvə yerləşdirməklə vəziyyəti gərginləşdirirlər və özləri daxil, bütün tərəflər üçün təhlükəni artırırlar”, – o vurğulayıb.

Blinken:ABŞ Ukraynanın müdafiəsində qərarlıdır
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Polşa müdafiə nazirliyinin məlumatına görə, hazırda ölkədə 4 minədək ABŞ əsgəri və min NATO əsgəri var. Baltik ölkələrində isə 4 minədək NATO əsgəri var.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

XS
SM
MD
LG