NATO özünün açıq qapılar siyasətini Rusiyanın təzyiqi altında dəyişmək niyyətində deyil, lakin Gürcüstan kimi ölkələr bu alyansa qoşulmaq üçün əhəmiyyətli islahatlar həyata keçirməli, ərazi mübahisələrini həll etməlidirlər.
Bunu NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xaviyer Kolomina deyib.
O AzadlıqRadiosuna müsahibəsində qeyd edib ki, Gürcüstan alyansa üzv olmaq üçün indidən hazırlıq görməlidir, hərçənd onun NATO üzvlüyü perspektivi hələ çox da yaxında deyil:
“Biz bilirik ki, bu dəqiqə açıq qapılar siyasəti aktual deyil. Düşünürəm ki, Gürcüstan hakimiyyəti də bunu bilir. Amma onlar bütün hallarda hazır olmalı, ədliyyə, təhlükəsizlik və başqa sahələrdə zəruri islahatları həyata keçirməlidirlər”.
Hazırda Rusiya və Qərb arasında Ukraynaya görə qarşıdurma var. Bundan əvvəl Rusiya ABŞ və NATO-ya öz tələblərindən ibarət ultimatum verib.
Rusiya NATO-nun şərqə doğru genişlənməyəcəyinə, Ukrayna və Gürcüstan da daxil heç bir keçmiş sovet respublikasının alyansa üzv qəbul edilməyəcəyinə dair yazılı qarantiyalar tələb edir.
“Biz ruslara açıq bildirmişik”
Yanvarın 27-də ABŞ və NATO Rusiyanın tələblərinə yazılı cavablarını təqdim ediblər.
Amma bu sənəddə deyilir ki, NATO-ya üzvlük kimi təməl məsələlərdə Rusiyaya heç bir güzəşt edilə bilməz.
NATO bundan əvvəl bildirib ki, hər hansı ölkənin alyansın sıralarına daxil olması onun suveren hüququdur.
Kolomina da bu məsələyə toxunub:
“Biz ruslara son dərəcə açıq bildirmişik: Öz təməl prinsiplərimizi güzəştə getməyəcəyik. Biz Ukrayna və Gürcüstanın suverenliyi və ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyik. Mənə 100 faiz aydındır ki, NATO özünün açıq qapı siyasətində güzəştə getməyəcək”.
Alyansın ən yaxın partnyorlarından biri olan Gürcüstan NATO-nun təlim və missiyalarında müntəzəm iştirak edir.
2008-ci ildə NATO-nun Buxarest sammitinsdə müttəfiqlər qərara gəliblər ki, Gürcüstan NATO-ya üzv olmaq hüququna malikdir, amma bunun üçün lazımi tələblərə cavab verməlidir.
Lakin Gürcüstan hazırda bir sıra ölkədaxili problemlər yaşayır. Rusiya Gürcüstandan qopmuş iki separatçı bölgənin – Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bundan məqsəd Gürcüstanın NATO-ya qoşulmasını əngəlləmək olub.
NATO hər partnyorla təlim keçirmir
Kolomina habelə Tbilisinin üzləşdiyi ərazi mübahisələri məsələsinə də toxunub:
“Biz inanırıq ki, Gürcüstan Avroatlantika yolu ilə hərəkətini davam etdirməlidir. Gürcüstan NATO-ya üzvlüyə hazır olan kimi bunu edə biləcək. Hərçənd mən Gürcüstanın yalnız bir hissəsinin NATO-ya qoşulmasının mümkünlüyünü görmürəm”.
NATO səfiri daha sonra deyib:
“Biz inanırıq ki, Gürcüstanın ərazi bütövlüyü fundamental prinsipdir. Buna görə də biz Rusiyaya qoşunlarını Gürcüstandan çıxarması üçün təzyiq göstərəcəyik və eyni zamanda Gürcüstanın NATO-ya qəbulu istiqamətində işləyəcəyik”.
Son illərdə Gürcüstan siyasi böhran yaşayır. 2020-ci ilin parlament seçkisindən bəri hakim Gürcü Arzusu partiyası ilə müxalifət arasında barışmaz qarşıdurma var.
Böhran ana müxalifətin əsas siyasi qüvvəsi olan Vahid Milli Hərəkatın lideri, keçmiş prezident Mixeil Saakaşvilinin həbsi ilə daha da dərinləşib.
Kolomina deyib ki, Gürcüstanın NATO üzvlüyünə gedən yolunda bəlkə də ən böyük əngəl islahatların ləngliyi və ölkədəki siyasi qütbləşmədir.
Bununla belə, NATO nümayəndəsi vurğulayıb ki, alyansla Gürcüstan arasında əməkdaşlıq bundan sonra da inkişaf etdiriləcək.
O bildirib ki, NATO hər partnyorla birgə təlimlər keçirmir və Gürcüstanla belə təlimlərin keçirilməsi onun NATO səviyyəsində hərbi hazırlıq gördüyünü nümayiş etdirir.