Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:37

Polis Novxanıda məhdudiyyət qoyub


Novxanı. 31 yanvar 2022
Novxanı. 31 yanvar 2022

Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı bu gün, yanvarın 31-i, saat 12 radələrində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin 138-cı doğum günü ilə bağlı onun Novxanı kəndindəki abidəsini ziyarət ediblər. Amma bu zaman polislə onların arasında mübahisə yaranıb.

Müsavat Novxanıda
Müsavat Novxanıda

Polis koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantini səbəb göstərərək ziyarətin 10 nəfərlik qruplar şəklində mümkün olacağını açıqlayıb. Müsavat başqanı Arif Hacılı isə deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hətta qapalı məkanlarda 150 nəfərlik toy şənliklərinə ötən ildən razılıq verib. Onun deməsinə görə, açıq havada 10 nəfərdən çox ziyarətçinin bir yerdə hərəkət etməsinə məhdudiyyət M.Ə.Rəsulzadəyə münasibətin və müxalifət qüvvələrinin, o cümlədən Müsavat Partiyasının üzvlərinin sayının bilinməsini istəməməyin göstəricisidir. A.Hacılı əlavə edib ki, əslində onlar pandemiyanı nəzərə alaraq ziyarətə az bir tərəfdarla - 50 nəfərlik bir heyətlə gəliblər.

Mübahisəyə baxmayaraq, müsavatçılar polisin ziyarətə 10 nəfərlik qruplarla getmək tələbi ilə razılaşıblar.

Müsavatçılar abidənin önündə M.Ə.Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı çıxışlar da ediblər.

"O zaman pandemiya yox idi?"

Milli Şuranın rəhbərliyi də bu gün, yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin 138-cı doğum günü ilə bağlı onun Novxanı kəndindəki abidəsini ziyarət ediblər.

Ziyarət zamanı polisin koronavirus pandemiyası ilə bağlı karantini səbəb göstərərək insanları abidə önünə 10 nəfərlik qruplar şəklində buraxmasına münasibət də bildirilib. Quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib ki, pandemiya olduğunun hamı fərqindədir və rəhbərlik 10 nəfərdən ibarət qrup şəklində gəlib: "Amma bu şəkildə burada belə böyük polis iştirakını təmin etmək, adamlara müdaxilə etmək Rəsulzadənin irsinə hörmətsizlikdir. Biz Yeni ildə minlərlə azərbaycanlıların şəhərin mərkəzində maneəsiz toplaşdığına şahid olduq. O zaman pandemiya yox idi?".

Milli Şura Novxanıda
Milli Şura Novxanıda

15-20 dəqiqə gözlədikdən sonra Milli Şuranın rəhbərliyi abidəni ziyarət edə bilib. Orada da bir sıra çıxışlar səslənib.

Müxalifət partiyaları rəhbərlərinin məhdudiyyətlərlə bağlı apardıqları paralellərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, karantindən siyasi məqsədlər üçün istifadə olunduğuna dair deyilənləri qəbul etmirlər.

XS
SM
MD
LG