Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:52

Ukrayna iqtisadiyyatı Rusiyanın təzyiqinə duruş gətirərmi


Ukraynanın şərqində separatçılarla təmas xəttinə yaxın yaşayanlar
Ukraynanın şərqində separatçılarla təmas xəttinə yaxın yaşayanlar

Bu gün Ukraynanın xarici valyuta ehtiyatları 31 milyard dollardır

Rusiyanın Ukrayna ilə sərhədə onminlərlə əsgər yığması Moskvanın mümkün hücuma hazırlaşması ilə bağlı ehtimallara yol açıb. Hərbi ekspertlər bu dəfə işğalçının 2014-cü illə müqayisədə daha güclü orduyla üzləşəcəyini deyirlər. Rusiya 2014-cü ildə Krımı ilhaq edərək Donbasda separatçıları dəstəkləməyə başlayıb.

Bir çox ekspertlər daha geniş eskalasiya zamanı Rusiya ordusunun üstünlük təşkil edəcəyini deyirlər. Amma Ukrayna silahlı qüvvələri də böyüyüb, daha yaxşı təlim görüb, daha yaxşı təchiz olunub.

Daha sağlam iqtisadiyyat

Bəs iqtisadi baxımdan? AzadlıqRadiosu-nun müxbiri Tod Prins ekspertlərə istinadla yazır ki, çoxsaylı struktur problemlərinə, davamlı korrupsiyaya, COVID-19 pandemiyasının təsirinə baxmayaraq, indi Ukrayna iqtisadiyyatı 2014-cü ildəkinə baxanda daha sağlam vəziyyətdədir, Moskvanın artan təzyiqinin yaratdığı problemlərin öhdəsindən daha yaxşı gələ bilir.

“Buferlərə – Ukraynanın xarici valyuta ehtiyatlarına və büdcə defisitinə baxanda, məncə, indi daha yaxşı formadadır, müqavimət də yaxşılaşıb”, – Britaniyada yerləşən “Oxford Economics” konsultasiya şirkətinin iqtisadçısı Tatyana Orlova deyir.

2014-cü ilin fevral-mart aylarında qərbpərəst, korrupsiyaya qarşı Maydan etirazları nəticəsində Moskvaya yaxın prezident Viktor Yanukoviç devrildi. Rusiya buna cavab olaraq Krımı ələ keçirdi, Donbasda separatçılığı alovlandırdı.

2014 vs. indi

Yanukoviç hökumətinin idarəçiliyi iqtisadi vəziyyəti pisləşdirmişdi, xarici valyuta ehtiyatları milli qrivnanın dəstəklənməsnə xərclənirdi. Böyük büdcə kəsiri yaranmışdı. 2014-cü ilin əvvəlində mərkəzi bankın cəmi 18 milyard dollarlıq xarici valyuta ehtiyatı vardı, milyardlarla dollarlıq xarici borcu yığılmışdı.

Həmin il Rusiya işğalı sonrakı iki il ərzində iqtisadiyyatda 10 faizədək azalma yaratdı.

Bu gün Ukraynanın xarici valyuta ehtiyatları 31 milyard dollardır. Qaz bazarının liberallaşdırılması daxil olmaqla islahatlar büdcə və cari hesab defisitlərinin azalmasına səbəb olub. Ölkənin xarici valyuta ehtiyatları beş aylıq idxala bərabərdir. 2014-cü ildə üç aylıq idxala bərabər idi.

“Ukraynanın daha qoşa defisit problemi yoxdur, hadisələr mənfi ssenari ilə inkişaf edərsə, suveren defoltdan yayınmaq daha asan olacaq”, – Orlova deyib.

Hökumət borclarını vaxtında ödəyə bilməyəndə suveren defolt yaranır. Defolt isə ölkənin gələcəkdə borclanmasını çətinləşdirir, bahalandırır.


Zelenski hökumətini çökdürmək

Müəllif yazır ki, Rusiyanın yeni işğala hazırlaşmasından asılı olmayaraq, sərhədə qoşun yığmanın bir məqsədi Ukrayna iqtisadiyyatına zərbə vurmaq, Volodimir Zelenski hökumətini zəiflətmək, çökdürmək ola bilər.

Britaniya bu ayın əvvəlində bildirdi ki, Moskvanın niyyəti “Kiyevə rusiyapərəst lider yerləşdirməkdir”.

Rusiya qlobal enerji böhranı vaxtı Ukraynaya kömür ixracını dayandırıb, Kiyevi əlavə təchizat üçün digər mənbələr axtarmağa məcbur edib.

Ukrayna ərazisindən Avropaya nəql edilən təbii qazın həcmi də yarıbayarı azaldılıb. Təbii qaz tranziti Ukrayna üçün vacib gəlir mənbəyidir, ilə 2 milyard dollar yaxın pul deməkdir.

Bank sektoru

Rusiya sərhədə qoşun yığmağa başlayandan qrivna dəyərinin 10 faizindən çoxunu itirib. Yanvarın 28-də bir dollar 28.6 qrivnaya bərabərləşib.

Enerji, emal, pərakəndə satış şirkətləri kimi strateji investorların böhran fonunda Ukraynaya planlaşdırılan sərmayələri təxirə salacağı gözlənir.

Vətəndaşlar isə pullarını banklardan çəkə, dollar çevirmək istəyə bilərlər ki, bu da bank sistemi və valyutaya təzyiqi artırar.

Son illərin islahatları da sözünü deyib. İndi Beynəlxalq Valyuta Fondu, qərb hökumətləri Kiyevə maliyyə dəstəyi verir.

Orlova hökumətin bank sektorunu təmizlədiyini, kreditorların şoklara daha davamlı olmasından ötrü onlara pul buraxdığını deyir.

Ukraynada mülki işçilərə də hərbi təlim keçirilir
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Qaz idxalı

Bu gün Ukrayna 2013-cü ildəkindən 30 faiz az, 10 milyard kubmetr qaz idxal edir. Liberallaşdırma nəticəsində yüksələn qiymətlər şirkət və evlərin istehlakı azaltmasına səbəb olub. Krımın və ölkənin şərqində iki regiona nəzarətin itməsi də təbii qazdan istifadəni azaldıb.

Kremlin təsirindən azad olmağa çalışan Ukrayna təbii qazı birbaşa Rusiyadan deyil, qərb qonşuları vasitəsilə idxal edir.

Nəticədə Rusiyanın Ukrayna ilə ticarəti azalıb, bu da təchizat zəncirində pozulma təhdidini kiçildib. Bunu keçmiş iqtisadiyyat naziri, hazırda Kiyev İqtisadiyyat Məktəbinin prezidenti Timofey Milovanov deyir.

Çin və Polşa Rusiyanı geridə qoyaraq Ukraynanın ən böyük ticarət tərəfdaşlarına çevriliblər.

Amma Ukrayna da Rusiya və Belarusla eyni enerji şəbəkəsinə bağlıdır. Kiyev 2023-cü iləcən elektrik paylayıcı sistemini Avropa İttifaqı ilə sinxronizasiya etməyi planlaşdırır. Bu halda enerji təhlükəsizliyini gücləndirmiş, Kremlin mövqeyini zəiflətmiş olar, Milovanov söyləyir.

Putinin özünə qarşı da sanksiyalar qoyula bilər
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Gözlənən islahatlar

Bankçılıq, qaz istehlakı sahəsində, kənd təsərrüfatında torpaq islahatlarına baxmayaraq, Ukrayna bir sıra dəyişiklikləri hələ də həyata keçirməyib.

Stokholm Azad Dünya Forumunun təhlilçisi Anders Aslund bloq postunda yazırdı ki, ədliyyədə, Təhlükəsizlik Xidmətində (SBU), Baş Prokurorluqda çoxdan yubanan islahatlar gerçəkləşməli, iqtisadiyyatda böyük rol oynayan dövlət şirkətlərinin idarəçiliyi yaxşılaşdırılmalıdır.

Birləşmiş Ştatlar və Avropa Rusiyanın mümkün hücumunun təsirini azaltmaq üçün Ukraynaya maliyyə yardımı göstərməyə hazır olduğunu bildirib.

Vaşinqtondakı Beynəlxalq Maliyyə İnstitutunun iqtisadçısı Yelina Ribakova deyir ki, Rusiya qüvvələrini geri çəkərsə, yarım ilin içində borc bazarları Ukraynanın üzünə açıla bilər.

XS
SM
MD
LG