Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:03

Maurisio Pavesi: «Biz müxalifət kimi reaksiya verə bilmərik»


Maurisio Pavesi: «Azərbaycanda əsas problem qanunvericiliklə bağlı deyil»
Maurisio Pavesi: «Azərbaycanda əsas problem qanunvericiliklə bağlı deyil»

ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesinin qənaətincə, son həftədə çap mətbuatı və televiziya ətrafında baş verənlər Azərbaycanda söz və fikir azadlığı ilə bağlı böyük problemlərin olduğunu göstərdi. Cənab Pavesi hesab edir ki, hökumət jurnalist təşkilatlarının qanun pozuntularına yol verdiyini desə də, rəsmilərin bu pozuntulara reaksiyası adekvat deyil: «Bu addım atılmazdan öncə ictimai maraq nəzərə alınmalıydı. Hər hansı qurumun qanun pozuntusuna yol verməsi yox, ictimai maraq üstün tutulmalıydı. Qanun pozuntusu olduğu halda, məhkəmə qərar verməliydi. Yəqin ki, yaxın bir neçə həftə ərzində biz prezidentin dediklərinin əmələ çevrilib-çevrilməməsinin şahidi olacağıq. Onda görəcəyik ki, bu problemin həlli tapıldı, ya yox. Hökumət buna ölkədə azad mətbuatın təmin olunması və onun probleminin həlli kimi baxmalıdır».



Azərbaycanda media azadlığı sahəsində hökumətin addımlarına beynəlxalq təşkilatların reaksiyasının zəif olması barədə müxalifət tərəfdən səslənən ittihamlara isə ATƏT rəsmisinin cavabı belə oldu: «Əlbəttə, mən müxalifətin indiki vəziyyətini yaxşı anlayıram. Amma bizim işimiz Azərbaycan hökumətinə qarşı təcavüzkar kampaniya başlamaq deyil. Biz müxalifət kimi reaksiya verə bilmərik. Çünki bizim adımız ATƏT-dir, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. Bundan başqa, əgər ATƏT doğrudan da baş verənlərə reaksiya verməsəydi, onda müxalifət partiyalarının bizə «niyə göz yumursuz» deyə, irad tutmağa haqqı olardı. Bizim bəyanatı tənqid etmək olar. Amma nəzərə alın ki, diplomatik missiyanın hökumətə verdiyi reaksiya özünəməxsus və diplomatik olur. Diplomatik missiyaların verdikləri bəyanatlarda sərt mesajlar var və bu həmin dili bilənlərə tanışdır. Hökumət bizim nə dediyimizi yaxşı anlayır. Biz bəyanatda demişik ki, ATƏT ANS televiziyasının bağlanmasını pisləyir və ondan narahatdır. Bunun əvəzinə desək ki, hansısa X niyə telekanalı bağlayıb, sizcə, hansısa bir uğur qazana bilərikmi?»



«Mən elə bir ölkə tanımıram ki, orda nümayiş və ya mitinq yol hərəkətinə mane olmasın. Bu problemə Romada, Parisdə, Nyu-Yorkda da rast gəlinir. Sadəcə, bu narahatlığı azaltmaq haqda düşünmək olar. Nümayişin keçirilməməsi üçün belə bir səbəb gətirilməsi qəbuledilməzdir»
Bir neçə ay öncə ATƏT-in Bakı Ofisi sərbəst toplaşmaq azadlığı haqda qanunla bağlı tövsiyələrini hökumətə təqdim etdi və bu yöndə Avropa Şurası Venesiya Komissiyasının iştirakı ilə müzakirələr apardı. Eyni zamanda, ATƏT də zaman-zaman seçki qanunvericiliyinin, seçki komissiyalarının dəyişdirilməsi yönündə təkliflərlə çıxış edib. Səfir bu yöndə fikirlərini də jurnalistlərlə bölüşdü: «Sərbəst toplaşmaq azadlığı və seçki komissiyalarının tərkibinin dəyişdirilməsi hələ də həll olunmamış məsələdir. Gələn il Avropa Şurası Venesiya Komissiyası ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı Azərbaycan hökuməti ilə müzakirələrə başlayacaqlar. Sərbəst toplaşmaq azadlığı qanunu haqda müzakirələrsə hələ də həll olunmamış qalır. Çox tezliklə Azərbaycan hökuməti ilə Venesiya Komissiyası bu qanuna dəyişikliklərlə bağlı müzakirələrə başlayacaq. Biz müxtəlif məsələləri diqqətdə saxlaya bilərik. Azərbaycanda əsas problem qanunvericiliklə bağlı deyil. Ölkənin yaxşı qanunları var, ancaq onların tətbiqi hökumətin qarşısında duran ən böyük problemdir. Əsas məsələ ölkədə yaşayış vəziyyətinin yaxşılaşdırılması üçün qanunların tətbiqinə nail olmaqdır. Təəssüf ki, Azərbaycanda belə deyil».

Maurisio Pavesi eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin aksiyaların şəhərin mərkəzində yox, kənarda keçirilməsi haqda qərarına da münasibət bildirdi:


«Toplaşmaq və fikir azadlığı bütün dünyada ən fundamental hüquqlardır. Azərbaycanda da bütün dünyada olduğu kimi, vətəndaşların istənilən yerdə sərbəst toplaşmasına icazə verilməlidir. Onun harda keçirilməsi ilə bağlı bir qədər əvvəllər müzakirələr aparıldı. Bu da uğursuzluqla nəticələndi. Bir neçə həftə əvvəlsə hökumət yürüş və mitinqlərin keçirilməsinə yenə də qadağalar qoydu. İcra Hakimiyyətinin yanaşması mənə aydın deyil. Müxalifətin küçə yürüşü keçirmək müraciəti rədd edildi. Bildirildi ki, bu nümayiş nəqliyyatın hərəkətinə mane olur. Mən elə bir ölkə tanımıram ki, orda nümayiş və ya mitinq yol hərəkətinə mane olmasın. Bu problemə Romada, Parisdə, Nyu-Yorkda da rast gəlinir. Sadəcə, bu narahatlığı azaltmaq haqda düşünmək olar. Nümayişin keçirilməməsi üçün belə bir səbəb gətirilməsi qəbuledilməzdir. Başqa bir səbəb də gətirildi ki, aksiyada qaldırılacaq problemlər hökumətin nəzarətindədir. Mən elə bir hökumət tanımıram ki, əhalisinin problemlərindən xəbərdar olmasın. Məsələn, Romada təqaüdçülər etiraz aksiyası keçirmək istəsələr, bu o demək deyil ik, hökumət onların problemlərindən xəbərsizdir. Bu, onların aksiya keçirməsinə icazə verməmək üçün səbəb olmamalıdır».


ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesinin 2007-ci il yanvarın 8-də Azərbaycandakı diplomatik missiyasının müddəti başa çatır. O, dekabrın 1-də ölkəni tərk etməzdən öncə bir neçə jurnalistlə görüşərək, onların suallarını cavablandırıb. Maurisio Pavesi: «Azərbaycana gələrkən hansı problemləri görmüşdümsə, təəssüf ki, elə o problemlər həll olunmadan da ölkəni tərk edirəm».


XS
SM
MD
LG