Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:54

Ermənistanda casus şəbəkəsinin ifşa olunduğu bildirilir


Ermənistan əsgərləri, arxiv fotosu
Ermənistan əsgərləri, arxiv fotosu

Ümumilikdə 19 nəfərin dövlətə xəyanətdə şübhəli bilinərək saxlandığı, bəzilərinin etirafedici ifadələr verdiyi qeyd olunur

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) xarici kəşfiyyat tərəfindən yaradılmış, ölkə ərazisində fəaliyyət göstərmiş casus şəbəkəsinin ifşa olunaraq neytrallaşdırıldığını bildirir.

Qurumun mətbuat xidmətinin məlumatına görə, agentura şəbəkəsinə Silahlı Qüvvələrin müxtəlif bölmələrində xidmət edən onlarla şəxs cəlb edilib.

Hansı informasiyalar istənilib

MTX bildirir ki, sosial şəbəkələrdə ermənilərin adları və fotoları ilə çoxsaylı saxta hesablar açılıb. Xarici xüsusi xidmətlərin ermənicə sərbəst danışan əməkdaşları Silahlı Qüvvələrdə çalışan müxtəlif şəxslərlə əlaqələr qurublar.

Tanışlıq daha yaxın xarakter alandan sonra hesab sahibləri erməni zabitlərə müəyyən mükafat qarşılığında müxtəlif informasiyalar verməyi təklif edirlər: qoşunların yeri, şəxsi heyət və hərbi texnikanın sayı, döyüş sursatının həcmi, müdafiə rayonlarının dislokasiyası və sairə.

Məlumata görə, casusluq fəaliyyətilə məşğul olan şəxslər, vəzifəsindən dolayı dövlət və xidməti sirr xarakterli məlumat və sənədlərə malik 20-dək ermənistanlını şəbəkəyə cəlb edə biliblər.

Sözügedən hərbçilər müxtəlif mobil əlavələr vasitəsilə ödənən pul qarşılığında xarici xüsusi xidmət orqanlarına hərbi və digər xarakterli informasiya ötürüblər. Bu xəyanət addımlarının Ermənistan Respublikasına ziyan vurduğu bildirilir.

19 şübhəli

Ermənistanın hüquq-mühafizə orqanları irimiqyaslı əməliyyat tədbirləri çərçivəsində sözügedən şəxslərin kimliyini müəyyənləşdirib, ötürülən informasiyanın həcmini və xarakterini aydınlaşdırıb, əlavə informasiya ötürülməsini önləyib, məlumatda deyilir.

Ümumilikdə 19 nəfərin dövlətə xəyanətdə şübhəli bilinərək saxlandığı, bəzilərinin etirafedici ifadələr verdiyi qeyd olunur.

Rəsmi məlumata görə, 30-dan çox axtarış aparılıb, cinayət işi üçün əhəmiyyət daşıyan çoxsaylı sənədlər, əşyalar götürülüb, həmçinin xarici valyutada pul göndərildiyini təsdiqləyən çeklər tapılıb.

MTX casusluq şəbəkəsinə cəlb olunanların hansı ölkəyə, yaxud ölkələrə informasiya ötürdüyünü bildirmir.

XS
SM
MD
LG