Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:52

Almaniyada aksiyalarda iştirakına görə cəzalandırıldığını deyir


Almaniyada keçirilən aksiyalardan birinin plakatı
Almaniyada keçirilən aksiyalardan birinin plakatı

Readmissiya qaydasında Almaniyadan Bakıya qaytarılandan az sonra narkotik ittihamı ilə həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimli təqsirsiz olduğunu deyir.

O, iddia edir ki, Azərbaycandakı haqsızlıqlara etiraz olaraq, Almaniyada keçirilən aksiyalarda iştirakına görə cəzalandırılıb.

Kərimli Nərimanov Rayon Məhkəməsində onun ev dustaqlığına buraxılması üçün verilmiş vəsatətə baxılarkən çıxışında bunu deyib. Bu barədə AzadlıqRadiosu-na onun ailə üzvləri məlumat veriblər.

O, məhkəmədə bildirib ki, üzərindən narkotik maddə tapılması, onu Xətai rayonunda tanımadığı şəxsdən alması haqda ifadə də yalandır.

“Dedilər ki, özün də bilirsən ki, niyə saxlanmısan”

AXCP üzvünün sözlərinə görə, yanvarın 25-də metronun “Nərimanov” stansiyasının yaxınlığında Vergilər Departamentindən çıxanda mülki geyimli şəxslər onu saxlayaraq, zorla maşına mindirib aparıblar. Kərimli deyib ki, həm saxlanılarkən, həm də idarəyə aparılarkən döyülüb, hətta silahla hədələnib:

“Dedilər ki, özün də bilirsən ki, niyə saxlanmısan – dövlətə, hökumətə etiraz eləyirsən. Səndən əvvəlkilərin başına gələn sənin də başına gələcək. Mütəllim Orucovun (AXCP-nin digər həbs olunmuş fəalı) adını çəkdi. Dedilər ki, ya könüllü qol çəkəcəksən, ya da işgəncə veriləcək. Ona görə nə özünü incit, nə də bizi…”

Onun narkotikdən tamamilə uzaq biri, on il peşəkar idmanla məşğul olduğunu deyən ailə üzvləri vurğulayıblar ki, ortada heç bir sübut-dəlil yoxdur.

32-yaşlı Pünhan Kərimli CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunur. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

O, 2018-ci ildə Almaniyaya gedib, 2021-ci il noyabrın 25-də geri qaytarılıb.

“Bu adamın nəinki özü narkotikdən istifadə etmir, ətrafında da bircə nəfər narkotik istifadəçisi yoxdur. Telefonunu araşdırsınlar, görsünlər ki, bircə nəfərlə əlaqəsi olubmu? Bu adam hardan aldı o narkotiki? Bu qədər ağ yalan olmaz axı...” – ailə üzvləri belə deyir.

DİN təkzib edir

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev polisin Almaniyadan deportasiya edilən mühacirləri narkotiklə şərləməsi haqda iddiaların əsassız olduğunu bildirib: “Bu cür fikirlər qətiyyən həqiqətə uyğun deyil”.

Son illər Almaniyadan Azərbaycana yüzlərlə mühacirin qaytarıldığı açıqlanıb. Ötən il deportasiya edilmiş bir neçə AXCP fəalı müxtəlif ittihamlarla saxlanıblar. Onlar da təqsirsiz olduqlarını deyirlər.

2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" Saziş imzalanıb.

Azərbaycan hökuməti readmissiya olunan şəxslərin iş yerləri ilə təmin edilməsində, yaşayış yerinin olub-olmaması ilə bağlı problemlərin həllində və psixoloji yardım məsələlərində kömək etməlidir.

XS
SM
MD
LG