Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:48

Rusiya səhm bazarlarında kəskin sıçrayış


Arxiv fotosu
Arxiv fotosu

Dünən, Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü fonunda fond birjalarında 40-45 faizlik düşüş baş vermişdi

Fevralın 25-də Rusiyanın səhm bazarlarında kəskin artım qeydə alınıb. Moskva birjası 20.5 faiz, RTS indeksi 25 faizədək qalxıb.

Dünən, Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü fonunda fond birjalarında 40-45 faizlik düşüş baş vermişdi. Bu, Rusiya səhm bazarı tarixində antirekord idi. Öncəki antirekord 1997-ci ilin oktyabrında yaşanmışdı.

Ən böyük artım NOVATEK, Rosneft, Yandeks, Qazprom-un səhmlərində qeydə alınıb.

RBK ekspertlərinin fikrincə, Rusiyayla Qərb arasında Ukrayna ilə əlaqədar birbaşa münaqişə riski ikinci plana keçdiyindən səhmlərə tələbat artıb.

Digər tərəfdən, Moskvaya tətbiq edilən sanksiyalar investorların qorxduğu qədər miqyaslı olmayıb.

Vahid Ələkbərov 6 milyard dollar itirib

Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatının birinci günündə rusiyalı milyarderlər 39 milyard dollar itiriblər. Bu haqda “Bloomberg” məlumat yayıb. Həmin məbləğ investorların ilin əvvəlindən verdikləri itkidən çoxdur.

Ən böyük zərbə Lukoil prezidenti Vahid Ələkbərova dəyib. Onun sərvəti 6 milyard dollardan çox azalaraq 13 milyard dollara düşüb.

Rusiya ordusu fevralın 24-də səhərdən Ukrayna ərazisinə raket zərbələri endirir. ABŞ, Aİ, Böyük Britaniya Moskvaya sanksiyalar açıqlayıblar.

Rusiya Prezidenti Vladimir Putin biznes təmsilçiləri ilə görüşündə Ukrayna ərazisində silahlı hücumu “məcburi addım” adlandırıb. “Bizə başqa cür hərəkət etmək şansı vermədilər”, – o deyib. Putin Qərbin təhlükəsizlik qarantiyaları məsələsində “bircə millimetr belə irəli getmədiyini”, bunun isə Rusiya üçün böyük risklər yaratdığını iddia edib.

XS
SM
MD
LG