Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:30

Şan-şöhrətini itirmiş Azərbaycan xalçaları…


Yerli dəllaların Azərbaycan xalçasına vurduğu ziyan sovetlərin vurduğu zərbədən daha betərdi
Yerli dəllaların Azərbaycan xalçasına vurduğu ziyan sovetlərin vurduğu zərbədən daha betərdi
«Koroğlunun gözü uzağı çox yaxşı görürdü, anası onu üç yaşınadək xalça üstündə böyütmüşdü. Ayağı torpaq görməmişdi…» Bu, bir əfsanədir. Amma xalça haqda bir sıra elmi əsərlərin müəllifi və hazırda Qubada bir neçə emalatxana sahibi Fatma Ağamirzəyeva bunun həqiqət olduğuna inanır. O, deyir ki, Azərbaycan xalçaları təkcə istilik və ya gözəllik üçün deyil, həm də müalicə vasitəsidir: «Çində xəstəliklərin müalicəsi zamanı ayaq altındakı nöqtələr də masaj olunur. Körpə vaxtı uşaq ayağını bitkilərdən hazırlanmış boyaqlardan toxunmuş xalçaya qoyursa, özünə lazım olanı götürür. Səs özünə, göz özünə, qulaq özünə lazım olanı götürür. Koroğlunun tək gözü iti olmayıb. Səsi də gözəl olub. Qolu qüvvəli, iradəsi güclü olub. Bu, nağıl deyil».

Xalçaçı xanım danışır ki, boyaqların hazırlandığı bitkilərin min bir sirri var. Məsələn, elə bitkilər var ki, onu gün işığında yox, məhz ay işığında dərmək lazımdır. Eləcə də, ilin quraqlıq və ya yağmurlu keçməsi də bitkilərə təsirsiz ötüşmür. Bu da necə deyərlər, bir elmdir. Fatma Ağamirzəyeva deyir ki, təbii rənglər nəinki parlaq və davamlı olur, belə boyaqla rənglənmiş yun ipliklərdən toxunan xalçalar bəzi xəstəliklərə təsirsiz ötüşmür.


Bilmirəm, Fatma xanımın danışdıqları nağıldır, ya reallıq. Amma son zamanlar yerli xalçaçılar boyaq bitkilərinin azalmasından, bəzilərinin yoxa çıxmasından narahatdırlar. Bu üzdən də boyağı bəzən xarici ölkələrdən gətirdirlər. Səbəbini Fatma Ağamirzəyeva onunla izah edir ki, camaat torpağı şumlamaq və ya alaqdan təmizləmək əvəzinə, ona od vurur. Nəticədə torpağın üst qatı, deməli, bir çox bitkilərin kökü yanıb külə dönür.


Fatma Ağamirzəyeva deyir ki, həmin boyaların olmaması xalçaların gözəlliyinə və keyfiyyətinə, milliliyinə də təsirsiz ötüşmür. Odur ki çıxış yolu axtarır: «Alpan kəndi boyaqları ilə məşhur olub. Orda iki hektar sahə götürmək və itməkdə olan boyaq bitkilərini qorumaq istəyirəm. İndi həmin boyaqlar Hindistandan gətirilir».


Bəlkə də xalçaçılıq haqda söhbətə boyaq bitkilərinin azalması ilə körpü salmağım kimisə təəccübləndirəcək. Amma yeddi xalçaçılıq məktəbi və kompozisiya baxımdan çox zəngin olan Azərbaycan xalçalarını başqalarından fərqləndirən həm də həmin boyaqlardır. Deyəcəksiz, xalı-xalçanı fərqləndirən başqa səbəblər hansılardır? Tədqiqatçıların qənaətincə, kompozisiyaların zənginliyi və məktəblərin çoxluğu daha çox ölkənin iqlimi, təbiəti, bitkiləri ilə bağlıdır. Həmin komponentlərdən biri yoxa çıxanda, xalçalar da həminki olmur. Bakıdakı Xalça Muzeyinin direktoru Röya Tağıyeva:

Azərbaycan Xalçaçılıq Muzeyindən eksponatlar, 6 noyabr 2006
«Bədii baxımdan Azərbaycan xalçaları kimi zəngin ornamentli, kompozisiyalı xalçalar yoxdur. Təkcə Qarabağda 19-cu əsrin axırında evlərdə 600-dək çeşni tapılmışdı. O da Azərbaycanın coğrafi şəraiti ilə, iqliminin rəngarəngliyi ilə bağlıdır. Burda dağlar da var, dəniz də, səhralıq da. Bu da müxtəlif rənglər, çalarlar deməkdir. Bu da müxtəlif keyfiyyətli qoyun yunu deməkdir. Bu yun texniki baxımdan müxtəlif sıxlıq verir. Quba, Şirvan qoyunlarının yunu narındır deyə, xalçalar da zərifdir. Dağlıq bölgə olan Qarabağda, Qazaxda yun qalın olur. Bunun da öz üstünlüyü var. Şərait müxtəlifliyi çox çeşidliliyə səbəb olur».


…Bir neçə il öncə politoloq Leyla Əliyeva ilə söhbət zamanı məlum oldu ki, o, həm də xalça toxumağı sevir. Siyasətçi xanımın xalçaçılığa meyl etməsinin səbəbini soruşanda sözü zarafata saldı. Dedi ki, qədimdə Azərbaycanda qıza elçi gələndə, onun həm də xalça-palaz toxumaq qabiliyyətinə qiymət verirdilər. Bunu Xalçaçılıq Muzeyinin bələdçisi də muzeyə gələnlərə deyir: «Elçi gələndə qızın toxuduğu xalçanı üzə çıxarırdılar ki, qızımız bunu da bacarır. Deyilənə görə, xalçaya baxıb qızın xasiyyətini də müəyyənləşdirmək olurmuş…»


Amma zaman artıq dəyişib. Artıq ötən əsrin əvvəllərinə kimi qorunan ənənə itib, daha hər evdə xana qurulub, xalı-xalça toxunmur. Eyni zamanda, ölkəyə valyuta gətirən, indinin özündə də müxtəlif kolleksiyalarda və məşhur muzeylərdə saxlanılan Azərbaycan xalçaları əvvəlki şan-şöhrətini ötən əsrin sonlarından itirməyə başlayıb. Elə bu gün də onun dünya bazarına çıxarılması asan deyil. Bu haqda az sonra…


İndisə bir qədər keçmişə dönək. Yerli tarixçilərin qənaətincə, Azərbaycan xalçasının yaşı iki min ildir. Xalçaçılıq Muzeyinin direktoru Röya Tağıyeva deyir ki, arxeoloji qazıntılar zamanı keramik qabların üzərində tapılan naxışlar indiki xovsuz xalçalardakı naxışların eynidir. Bu da onu göstərir ki, həmin ornamentlərin keramikaya həkk olunduğu vaxt artıq xalça da olub. Söhbət etdiyim sənətşünasların qənaətincə, hələ 14-15-ci əsrlərdə Azərbaycan xalçaları Böyük İpək Yolu ilə Avropaya gedib çıxıb: «Florensiya məktəbinin formalaşmasına Azərbaycan xalçalarının nəinki rəng harmoniyası, həm də təsvirləri də təsir göstərib. Avropa rəssamlarının əsərlərində Azərbaycan xalçaları da əks olunub. Onları təntənəli günlərdə eyvandan asırdılar».


Amma Azərbaycan xalçalarının dünya şöhrəti iki əsr əvvəl daha da artdı. Ticarət yollarının artması, Azərbaycanın əlverişli bölgədə yerləşməsi xalçalara da diqqəti artırdı.


Röya Tağıyeva deyir ki, həmin dövrdə Rusiyadan mütəxəssislər Azərbaycana gələrək yerli xalçaları öyrənməyə, hansı mahalda nə qədər məşhur xalçaçının olması və ənənələrlə maraqlanmağa başladılar. Həmsöhbətimin sözlərinə görə, yerli xalçaları Avropaya sevdirən kompozisiya baxımından zənginliyi, toxunuşunun orijinallığı və bir də təbii boyaqdan istifadə olunması idi. Yalnız 19-cu əsrin sonlarından yerli sənətkarlar kimyəvi boyaqlardan istifadəyə başladılar. Süni boyaqla toxunan xalça keyfiyyətsiz sayılırıdı. Xalq arasında buna «bazar xalçası» deyirdilər.


Azərbaycan xəritəsi xalça üzərində
Ötən əsrin iyirminci illərindənsə kollektivləşmə xalçaçılığın da keyfiyyətinə təsirsiz ötüşmür. Fatma Ağamirzəyeva: «1920-ci ilədək Azərbaycanda yüksək keyfiyyətli nadir xalçalar toxunub. Müharibə dövründən sonra isə yaradılan artellərdə qeyri-peşəkarlar işləməyə başlayıb. Sonra təbii yun sintetik iplə əvəzlənib. Kompozisiyalar bəsitləşib. Bu üzdən də Azərbaycan xalçası beynəlxalq bazarda öz yerini itirməyə başlayıb».


Röya Tağıyeva isə deyir ki, sovet dövründə Azərbaycan xalçaları daha çox valyuta gətirirdi deyə, kütləvi istehsala üstünlük verildi. Bu üzdən də yerli xüsusiyyətlər, məktəblərin ənənələri itməyə başladı. Sifarişçi olan «Azərxalça» İstehsalat Birliyi toxucu qızlara hazır eskiz, hazır iplik və süni boya verirdi. Artıq xalça yaradıcılıq məhsulu deyildi. Mütəxəssislərin rəyincə, ən pisi həm də bu idi ki, Qazax toxucularına Şirvan, Qarabağ üslubunda xalçalar sifariş olunur və ya əksinə edilirdi. Bu da ənənələriin it-batına səbəb olurdu.


Fatma Ağamirzəyevanın sözlərinə görə, ötən əsrin 90-cı illərində Azərbaycandan aparılan qədim əşyalar kimi, xalçalar da yenidən özünə diqqət çəkdi. Yenidən sifarişlər artdı. Amma bu dəfə yerli dəllaların Azərbaycan xalçasına vurduğu ziyan sovetlərin vurduğu zərbədən daha betərdi, deyəsən: «Faktiki olaraq xalçalar başdansovdu toxunur. Sonra onu xüsusi kimyəvi vasitəylə yandırırlar. Məqsəd ona bir qədər əntiq görkəm və parlaqlıq verməkdir. Nəticədə xalça 50 il qocalır. Bunun nəticəsində də xalçalarımız haqda mənfi rəy yaranır».


Azərbaycan xalçalarının keçmiş şöhrətini qaytarmaq istəyən yerli xalçaçılar deyirlər ki, hökumətin bu sahəyə nəzarət etməməsi bir yandan yaxşıdır - əvvəlki kimi ənənələr it-bata düşmür, yaradıcılıq və keyfiyyət ölmür. Amma o biri yandan tez varlanmaq istəyənlər sənətkarın əməyini də öldürürlər. Odur ki, bəlkə də Azərbaycanın fəxri olan xalçaların imicinə zərbə vuranlara nəzarət etmək üçün nəsə bir mexanizm olmaldır. Fatma Ağamirzəyeva bunu da deyir ki, hökumət onları əsasən samballı qonaqlara hədiyyə vermək üçün yada salır.


Xalçaçılığı qorumaq məqsədilə hələ 1967-ci ildə Azərbaycanda Xalça və Tətbiqi Sənət Muzeyi yaradılıb. Ölkə müstəqillik qazanandan sonra isə xalçaçılığın qorunub saxlanması və inkişafı məqsədilə qanun qəbul olunub.


XS
SM
MD
LG