Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:42

'Yandex-in gələcəyi Rusiyanın gələcəyindən asılıdır'


Yandex
Yandex

Rusiyanın çoxmilyardlıq texnologiya şirkəti, əsas axtarış platforması olan "Yandex" ölkədə elektron ticarət də daxil olmaqla bir çox sahədə dominantdır.

Rusiyanın Ukraynada işğalçı müharibə apardığı və Qərbin Rusiyanı sanksiyalarla ram etməyə çalışdığı indiki dövrdə çoxu Moskvadakı baş qərargahda cəmləşmiş 18 min işçisi olan şirkətin gələcəyi şübhəlidir.

Martın 7-də "Yandex" İdarə Heyətinin iki üzvünün istefasını elan etdi. Bundan bir həftə sonra icraçı direktorun müavini Avropa Birliyinin sanksiyaları tərəfindən vurulduqdan sonra istefa verdi. Daha sonra "Yandex" özünün iki ən üzdə olan kontent bölməsini satmaq istədiyini açıqladı.

Bununla yanaşı, Qərbin sanksiyaları "Yandex"in ABŞ birjalarında dondurulması ilə nəticələndi. Öz növbəsində səhmdarlar kompensasiya və bond qarantiyaları tələb etməyə başladılar. Ancaq şirkət 1.25 milyard dollara çatan bu məbləği ödəmək iqtidarında olmadığını bildirdi.

Prezident Vladimir Putin Moskvada "Yandex"in baş qərargahına baş çəkir. 2017
Prezident Vladimir Putin Moskvada "Yandex"in baş qərargahına baş çəkir. 2017

20 milyard dollarlıq qazanc itkisi

"Yandex"in səhmləri Rusiyanın Ukrayna sərhədinə qoşun toplamasının ictimaiyyətin diqqətini çəkməyə başladığı noyabrdan bəri 80 faiz dəyər itirib. Bu da 20 milyard dollardan artıq qazancın itirilməsi deməkdir. Hazırda bu səhmləri alıb-satmaq mümkün də deyil.

""Yandex"in gələcəyi Rusiyanın gələcəyindən asılıdır, əksinə deyil", – tanınmış amerikalı texnologiya konsultantı və investor Ester Dayson AzadlıqRadiosuna (RFE/RL) müsahibəsində deyib. O, həm də martın əvvəli istefa verən idarə heyəti üzvlərindən biridir.

"Yandex.Q" adlı sual-cavab xidmətinə rəhbərlik edən Tonya Samsonova isə martın əvvəli şirkəti Ukrayna müharibəsi ilə bağlı çoxsaylı axtarış gətirən məlumatlara senzura qoymaqda suçlayıb, buna etiraz edərək istefa verib.

Samsonova deyib ki, Putin hökumətinin müharibəyə qarşı müxalif fikirləri susdurmaq cəhdləri fonunda "Yandex" diktatura üçün təbliğat maşınına çevrilmək riski ilə üzləşib.

"Xarici agent" qanunu

Kreml illərlə "xarici agent" qanununu işə salaraq müstəqil jurnalistika və media qurumlarını sıradan çıxarmaqla məşğul olub. Çox sayda nəşr, kanal və fərdi jurnalist onun qəzəbinə tuş gələrək cəzalandırılıb.

Ukraynaya işğalçı hücumdan dərhal sonra görülən tədbirlərsə jurnalistlərin ölkədən qaçmasına səbəb oldu.

"Yandex.Taxi"
"Yandex.Taxi"

"Yandex"in ana səhifəsi mühüm rusdilli xəbər portalı, nəşrlərə keçidi təmin edən nəhəng vasitədir. "Yandex News"un 30 milyonadək rusiyalı istifadəçisi var. Ancaq başlıqlar oxucuları rəsmi dövlət və ya dövlətin tərəfində olan media qurumlarına yönləndirməyə başlayıb. "Yandex News"da "müharibə" və "müdaxilə" kimi sözlərin axtarışı heç bir nəticə vermir.

İnsan həyatına bais "xəbərlər"

Martın 1-də "Yandex News"un keçmiş rəhbəri Lev Qerşenzon "Facebook" postunda keçmiş həmkarlarını müharibə ilə bağlı xəbərləri gizlətməkdə və dövlətlə əlbirlikdə günahlandırıb.

"Rusiya əhalisinin mühüm bir hissəsinin müharibənin olmadığına inanması faktı bu müharibənin bazası və aparıcı qüvvəsidir. "Yandex" bu gün müharibə haqda informasiyanın gizlədilməsinin əsas elementlərindən biridir. Belə "xəbərlər"in hər günü və saatı insan həyatlarına bais olur. Və siz də, mənim keçmiş həmkarlarım buna görə məsuliyyət daşıyırsınız", – Qerşenzon məktubunda yazıb.

Şirkətin martın 7-də bu iki istefa ilə bağlı verdiyi açıqlamada deyilir: "Rusiyada mövcud siyasi mühitdə komandamızın qanunu pozaraq şirkət və onun əməkdaşlarını riskə atmadan Rusiya ictimaiyyətinə azad və açıq məlumat verməyə davam etməsi qeyri-mümkün hala gəlib".

"Yandex.Eda" qida daşıma xidməti
"Yandex.Eda" qida daşıma xidməti

Əvvəl təbliğat, sonra xəbər

"İndi siz axtarış nəticələri gələnədək daha çox təbliğat nəticələri alırsınız. Əvvəl reklam, sonra təbliğat, sonra xəbərlər gəlir. Daha müharibə haqda informasiyanı "Yandex"dən ala bilmirsiniz", – Ester Dayson deyir.

"Mənim atam müharibə başlayanda hər şeyi inkar edirdi. …Mən müharibə haqda ilk beş xəbəri görmək üçün yandex.ru-ya girdim. Gördüm ki, ingiliscə bilməyən atamın müharibədən xəbərinin olması mümkün deyil", – əvvəllər Moskvada yaşayan jurnalist Samsonova deyir. Onun sual-cavab xidməti 2019-cu ildə "Yandex" tərəfindən satın alınaraq "Yandex.Q" adlandırılmışdı.

Artıq bir neçə aydan bəri şirkətdən getməsi barədə danışıqlar aparan Samsonova martın 2-də "Yandex"in baş səhifəsində Rusiya qüvvələrinin Ukrayna şəhərlərini bombalaması və günahsız insanları öldürməsi haqda informasiyanı dərc etməməsi faktına görə istefa verib.

"Şirkətin bugünkü hərəkətlərini cinayət, işğal və müharibəyə havadarlıq hesab edirəm", –o yazıb.

Kremlin müdaxiləsi

Üç il əvvəl Kreml şirkətin idarəçilik strukturunu dəyişmək və idarə heyəti üzərində veto hüququ əldə etmək qərarına gəldi. Əldə edilən güzəşt planına görə hökumət idarə heyətinə iki adamını yerləşdirdi və şirkətə nəzarətin böyük hissəsini ələ keçirdi. "Nəticədə dövlət milli maraqların tələb etdiyi zaman tranzaksiyaları bloklamaq və "Yandex" rəhbərliyini kənarlaşdırmaq gücü qazandı", – "The Financial Times" yazır.

Bu baş verənlər amerikalı investor Maykl Kalvinin həbsi ilə üst-üstə düşdü. Kalvi hələ 20 il öncə "Yandex"ə 5 milyon dollarlıq ilkin investisiya qoyub. 2019-cu ildə ona mənimsəmə ittihamı ilə 5 il 6 aylıq şərti həbs cəzası kəsilib. Bu hadisə həm Rusiyada, həm də xaricdə biznes icmasını narahat etməyə başladı. Kalvi həbsxanada yatmır, səyahət edə bilir, ancaq hər ay federal penitensiar xidmətdə qeydiyyatdan keçməli olur.

"Yandex"in, əsasən, reklamdan gələn gəlirləri ölkə iqtisadiyyatının 1990-cı illərin əvvəllərindən bəri yaşadığı ən çətin dövrdə kəskin azala bilər. İqtisadçılar Rusiya ÜDM-sinin bu il 15 faizədək azalacağını deyirlər.

XS
SM
MD
LG