Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Latviya hərbi cinayətləri dəstəkləyənləri vətəndaşlıqdan çıxaracaq


Latviya pasportu
Latviya pasportu

Ədliyyə Nazirliyi bildirir ki, “Vətəndaşlıq haqqında” qanuna bu düzəliş təkliflərini Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı verib

Latviya parlamenti – Seym aprelin 21-də qanunvericiliyə Ədliyyə Nazirliyi tərəfindən təklif olunmuş qanun düzəlişlərini ikinci və yekun oxunuşda qəbul edib.

Qanuna dəyişiklik hərbi cinayətləri və təcavüzkar müharibələri dəstəkləyənlərin ölkə vətəndaşlığından məhrum edilməsini nəzərdə tutur.

Qanun dəyişikliklərinin leyhinə 62, əleyhinə 1 deputat səs verib. 14 millət vəkili səsvermədə bitərəf qalıb.

Başqa pasportu olanlar

Latviyanın vətəndaşlıq haqqında qanununda sülhə, insanlığa qarşı cinayətlər, soyqırım və hərbi cinayətlər törədən şəxs, dövlət və təşkilatlara dəstək verən və ya belə əməllərin iştirakçısı olan şəxslərin vətəndaşlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Lakin qanunda bu da qeyd olunur ki, vətəndaşlıqdan yalnız həm də başqa bir ölkənin pasportuna malik şəxslər məhrum edilə bilərlər.

Ədliyyə Nazirliyi bildirir ki, “Vətəndaşlıq haqqında” qanuna bu düzəliş təkliflərini Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı verib.

Latviyada çox sayda etnik rusun yaşadığı və onlardan bir qisminin Rusiya pasportları olduğu məlumdur.

Rusiya və Belarus vətəndşları hədəflənir

Mart ayında Latviya mediası yazırdı ki, ölkədə milyarder Pyotr Avenin vətəndaşlıqdan çıxarılması mümkünlüyü qızğın müzakirə olunur.

Aprelin əvvəllərində Aven Ukraynadakı müharibəyə qarşı səslənmədiyinə görə Latviyanın ən yüksək dövlət mükafatından məhrum edilib.

Bundan əvvəl Latviya Daxili İşlər Nazirliyi Avenin Latviya pasportunu korrupsiya yolu ilə alıb-almadığını araşdırırdı.

Nazirlik bildirmişdi ki, dil imtahanı zamanı milyarderə güzəşt edilib.

Rusiyaya "soyqırım" ittihamı

Latviya Seyminin qəbul etdiyi bəyanatda Rusiyanın hazırda Ukraynada soyqırım həyata keçirdiyi bildirilir.

Estoniya parlamentinin qəbul etdiyi qətnamədə də Rusiya ukraynların soyqırımını həyata keçirməkdə ittiham olunur.

Bundan əvvəl Latviyada Rusiya və Belarus vətəndaşlarına müvəqqəti məskunlaşma icazəsinin verilməsini və belələrindən investisiyaların qəbulunu qadağan edən qanun qəbul edilib.

Bu qanuna görə 2023-cü ilin 30 iyununadək Rusiya və Belarus vətəndaşlarına Latviyada müvəqqəti yaşayış hüququnun verilməsi dayandırılır.

XS
SM
MD
LG