Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:20

Ərdoğanın şahzadəni qucaqlaması – Qərb mediası


Vəliəhd şahzadə Məhəmməd bin Salman Cəddədə R.T.Ərdoğanı qarşılayır. 28 aprel 2022
Vəliəhd şahzadə Məhəmməd bin Salman Cəddədə R.T.Ərdoğanı qarşılayır. 28 aprel 2022

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan aprelin 28-də Səudiyyə Ərəbistanına səfər edib. Onun vəliəhd şahzadə Məhəmməd bin Salmanla qucaqlaşmasının fotosu yayılıb. “The Financial Times” bunu jurnalist Camal Xaşoqinin qətlindən dolayı iki lider arasında illərdir davam edən ədavətin bitməsinin əlaməti hesab edir.

Şahzadənin tənqidçisi, “Washington Post” qəzetinin keçmiş köşə yazarı Xaşoqi 2018-ci ildə Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirilib. Onun cəsədi indiyədək tapılmayıb.

Ərdoğanın ittihamı

Türkiyə məhkəməsi bu yaxınlarda qətl üzrə məhkəmə prosesinin Səudiyyəyə transfer olunmasına dair hökm çıxarıb. Jurnalisti ər-Riyaddan göndərilmiş xüsusi dəstənin qətlə yetirdiyi bildirilir.

Ərdoğan Şahzadə Məhəmmədi Xaşoqinin qətlinə görə heç vaxt açıq şəkildə ittiham etməyib, amma dolayısıyla məhz onu günahlandırdığını deyib. Ərdoğan bildirib ki, qətlin sifarişi Səudiyyə hökumətinin “ən yüksək səviyyəsi”ndən verilib. Ancaq ölkənin kralı Salmanı buna görə ittiham etmədiyini də vurğulayıb.

Gələn il seçkiyə gedəcək Ərdoğan regiondakı keçmiş düşmənlərlə əlaqələri düzəltməyə, xarici sərmayə cəlb etməyə çalışır. O, Səudiyyə Ərəbistanı ilə əlaqələrdə “yeni eraya qapı açmağa” ümidini dilə gətirib.

Türkiyə prezidenti Birləşmiş Ərəb Əmirlikləri, Misir, Ermənistan və İsraillə, eləcə də qərblə ölkəsinin əlaqələrini bərpa etməyə çalışır.

Xarici kapital axını

Səudiyyə Türkiyə şirkətləri üçün qeyri-rəsmi embarqonu qaldırıb. Türkiyə rəsmiləri ümid edirlər ki, neftlə zəngin krallıqla münasibətlərin düzəlməsi onların iqtisadiyyatını gücləndirəcək, Səudiyyədən investisiya cəlb edəcək, ticarəti qızışdıracaq.

“Financial Times” yazır ki, Rusiyanın Ukraynaya təcavüzü fonunda bahalanan qlobal enerji və xammal qiymətlərinin dərinləşdirdiyi ticarət defisini qapatmaq üçün xarici kapital axını Ərdoğan üçün həddən artıq vacibdir.

Təhlilçilərin fikrincə, Türkiyənin idxal xərcləri üstəgəl artan inflyasiya üzümüzə gələn aylarda dəyişkən türk lirəsinə yenidən təzyiq yarada bilər.

Ərdoğan bu gün – aprelin 29-da müsəlmanların müqəddəs Ramazan ayının son günlərində Məkkəyə gedib.

Bir daha jurnalistin qətli haqda...

İnsan haqları fəalları və Xaşoqinin keçmiş nişanlısı Türkiyə hakimiyyətini jurnalistin qətlinin araşdırılmasını bu ölkədə davam etdirməyə çağırırdı. Onların fikrincə, əks halda qətl ört-basdır olunacaq.

Ötən ilin fevralında ABŞ jurnalistin qətlinin arxasında məhz vəliəhd şahzadə Məhəmməd bin Salmanın dayandığını açıqladı. Bundan sonra Vaşinqton 76 səudiyyəliyə səfər qadağası tətbiq etdi.

Səudiyyə Ərəbistanının mövqeyinə görə, Xaşoqi xəfiyyələrin “özbaşına əməliyyatında” öldürülüb və vəliəhd şahzadənin bundan xəbəri olmayıb.

XS
SM
MD
LG