Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:21

‘Pussy Riot’ üzvü Rusiyadan gedib


Mariya Alyoxina (sağda), 2021-ci il
Mariya Alyoxina (sağda), 2021-ci il

Alyoxina, Şteyn və etirazçı qrupun digər üzvləri son aylar dəfələrlə 15 sutkalıq həbsə məhkum ediliblər

“Pussy Riot” pank qrupunun əsas üzvlərindən olan Mariya Alyoxina müsahibəsində Rusiyadan getdiyini açıqlayıb. Ötən ay Moskva məhkəməsi onun bir illik şərti cəzasının qalan hissəsini real həbslə əvəzləmiş, bunu Alyoxinanın cəzanın şərtlərini pozmasıyla əsaslandırmışdı.

Aprelin 26-da Daxili İşlər Nazirliyi onu axtarışda olanlar siyahısına salandan sonra Alyoxinanın yeri haqda məlumat yox idi. Moskva məhkəməsi isə qərarı bundan beş gün öncə çıxarmışdı.

21 günlük cəzanı həbsdə çəkməliydi

Alyoxina sentyabrda adamları müxalifəti Aleksey Navalnının saxlanmasına etirazlara çağırmaqla koronavirus təhlükəsizlik qaydalarını pozmaqda təqsirli bilinmişdi.

Məhkəmənin qərarı o deməkdir ki, Alyoxina cəzasının qalan 21 gününü cəzaçəkmə müəssisəsində çəkməliydi.

“New York Times” qəzetinin mayın 10-da dərc etdiyi müsahibədə Alyoxina deyib ki, Moskvada həbs olunmamaq üçün yemək daşıyan kuryer kimi geyinərək ölkədən çıxıb, polisin onu izləyə bilməməsi üçün mobil telefonunu özüylə götürməyib.

O, Belarusa, iki uğursuz cəhddən sonra oradan Avropa İttifaqı üzvü olan qonşu Litvaya keçib. Daha sonra isə dostu, islandiyalı perfomans rəssamı Raqnaq Kjartansonun köməyilə avtobusla səyahətinə davam edib. Dostu bir Avropa ölkəsinin Alyoxinaya səyahət pasportu verməsinə nail olub, yəni o, Aİ vətəndaşı statusu alıb.

Polisdən qaçmağın asan yolu

Addımından xoşbəxt olduğunu deyən Alyoxina artıq Moskva fevralın 24-də Ukraynaya hücuma başlayandan sonra ölkədən qaçmış minlərlə rusiyalıdan biridir.

Alyoxinann partnyoru, “Pussy Riot” üzvü Lyusya Şteyn isə apreldə Rusiyadan qaçıb. O, Twitter-də yerləşdirdiyi fotosunda “Delivery Club” şirkətinin yaşıl formasındadır, belində ərzaq çatdırma qutusu var, şəklin altında “blokun ağzındakı polis əməkdaşlarından qaçmağın asan yolu” sözlərini yazıb.

Şteyn tvitində Alyoxinanın Rusiyadan qaçmadığını, “səyahətə çıxdığını” qeyd edib, “Mən isə, belə deyək, özümü azad etdim” deyə əlavə edib.

Tarixçə

Alyoxina, Şteyn və etirazçı qrupun digər üzvləri son aylar etiraz aksiyalarında, razılaşdırılmamış yürüşlərdə iştiraka görə dəfələrlə 15 sutkalıq həbsə məhkum ediliblər.

“Pussy Riot” baş nazir Vladimir Putin yenidən prezident postuna qayıtmaq üçün kampaniya aparanda Moskvada kilsəyə girib ona qarşı “etiraz duası” oxuyandan məşhurlaşıblar. Qrupun üç üzvü “dini nifrət zəminində xuliqanlıq” ittihamıyla məhkum edilib.

Alyoxina və qrup yoldaşı Nadejda Tolokonnikova iki illik cəzanı demək olar tam çəkiblər, 2013-cü ilin dekabrında amnistiyaya düşüblər. Özləri isə bunu 2014-cü il Soçi Qış Olimpiya oyunları öncəsi Putinin öz imicinə xidmət cəhdi hesab ediblər.

XS
SM
MD
LG