Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:25

Moskvadan İsrailə qaçan rejissor


Dmitri Boqolyubov
Dmitri Boqolyubov

Bu il fevralın 24-də Rusiya Ukraynaya hücum edəndə rejissor Dmitri Boqolyubov ölkəsini tərk etmək qərarına gəldi. Özü, həyat yoldaşı və qızı əşyalarını üç çamadana toplayaraq "Aeroflot"dan birtərəfli bilet alıb ölkədən çıxdılar.

Ailə hələ 2017-ci ildə mühacirət etdiyi İsrailə getdi. 2017-ci ildə səfərləri qısa olan ailə eyni ildə iş və şəxsi səbəblərlə Moskvaya qayıtmışdı. İndi isə onlar İsraildə qalmaq niyyətindədirlər.

Manyakla qapı qonşusu olmaq

"Bizim bundan sonra daha özümüzü Rusiya ilə assosiasiya edə bilməyəcəyimiz aşkar idi. Putin Rusiyasında yaşamaq manyakla qapı qonşusu olmaq kimidir", – Boqolyubov deyir.

Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən bəri, demək olar, onlar kimi düşünən bütün liberal fikirli dostları Rusiyanı tərk edəndə Boqolyubov və həyat yoldaşı artıq onların da getmək vaxtı gəldiyini bilirdilər. Onların hər ikisi Putin rejimini tənqid edən filmlər çəkiblər.

42-yaşlı Boqolyubovun 2019-cu ildə çəkdiyi "Town of Glory" filmi ötən ay Təl-Əviv "Cinematheque" və " Jerusalem Cinematheque" kinoteatrlarında göstərilib. Filmi "DW Documentary" YouTube kanalında da izləmək olar.

"Town of Glory" filmində Rusiyada əhalinin bu qədər çox hissəsinin Putini və onun Ukraynada apardığı müharibəni dəstəkləməsinin izahı verilir. "Biz indi baş verənlərin köklərini göstəririk", – Boqolyubov öz filmi haqqında deyir.

Sovet keçmişində donub qalmış şəhər

Film Rusiyanın qərbində yerləşən müflisləşmiş Yelnya şəhərciyi haqdadır. Moskvadan 370 kilometr uzaqda yerləşən bu şəhərcik hələ ötən il Ukraynaya hücuma hazırlıq zamanı qoşunların toplandığı yerdir.

Boqolyubov əvvəlcə Yelnya haqqında filmi nostalji və ya romantik prizmadan çəkmək, sovet keçmişində donub qalmış şəhəri göstərmək istəyib. O, uşaqlıqda ailəsi ilə birlikdə yay aylarını yaxınlıqdakı daçada keçirirmiş. Bunun sayəsində yerli sakinlərlə danışmaq imkanı əldə edib.

"Ancaq çəkməyə başlayanda gördüm ki, militaristik isteriya insanların düşüncəsinə hakim olmaqdadır", – rejissor "The Times of Israel" qəzetinə müsahibəsində deyir.

Boqolyubova görə, Yelnya bütün Rusiya Federasiyasındakı saysız-hesabsız şəhər və kəndi təmsil edə bilər. Ancaq Yelnya, eyni zamanda, SSRİ ordusunun İkinci Dünya müharibəsində Almaniya üzərində ilk qələbəsini qazandığı yerdir. Bu isə yerli sakinlərin son dərəcə fəxr etdiyi tarixi irsdir. Hərçənd qələbə sovet ordusuna 32 min nəfərlik itki bahasına başa gəlmiş və cəmi bir neçə həftədən sonra əldən verilmişdi.

Yelnyada hər şey SSRİ-nin İkinci Dünya müharibəsindəki qələbəsini yad etmək ətrafında dövr edir. Yerli sakinlər Qələbə günü və Vətən keşikçiləri günü kifayət etmirmiş kimi, Şəhərin hərbi şücaət gününü də qeyd edirlər.

Uydurma düşmən paranoyyası

"Town of Glory" filmi bütün bunlardan Rusiyanın avtoritar rejiminin əhalini uydurma düşmən paranoyyasında saxlamaq üçün manipulyasiya aləti kimi istifadə etdiyini göstərir.

Putinin Vahid Rusiya Partiyasının nümayəndələri ictimai tədbirlərdə daim Rusiyanın düşmənlərindən, vurulmalı olan "terrorçu", "faşist" və "nasist"lərdən danışırlar. Yelnya camaatı da bütün bunlara inanır. Boş-bekar veyllənən əyyaşlardan tutmuş, Putinin andiçmə mərasimini TV-də gördüyü üçün onu bəyənən yaşlı qadına, SSRİ-nin bərpasını böyük səbirsizliklə gözləyən, vətənpərvərliyi isə Putinə sevgi kimi anlayan Svetlana adlı ordu veteranına qədər hamı inanır.

Boqolyubov özü və həyat yoldaşının yaradıcı insanlar olaraq Rusiyaya qayıtmasının qeyri-mümkün olduğunu deyir. "Mən etik səbəblərdən Rusiya dövlətindən vəsait ala bilmərəm. …Bundan sonra xaricdən pul almağa da icazə yoxdur", – Boqolyubov deyir.

Rusiyada qalmaq, eyni zamanda, Mədəniyyət Nazirliyinin senzurasına, təqib və həbslərə məruz qalmaq demək olardı.

XS
SM
MD
LG