Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:06

'Təkcə Putinin deyil, Rusiyanın müharibəsidir'


Vladimir Putin, 2014-cü il
Vladimir Putin, 2014-cü il

“Düşünürəm ki, Putinlə heç bir sülh mümkün deyil. Putinin Qərbdən çox yaşayacağı fikrini real hesab etmirəm. Putinin sonu Qərbdən tez çatmalıdır"

Rusiyalı akademik, Moskvada yerləşın Post-İndustrial Araşdırmalar Mərkəzinin direktoru Vladislav İnozemtsov AzadlıqRadiosu-nun Gürcüstan xidmətinə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin səhhətindən, rusiyalıların Ukraynadakı müharibədə nə dərəcədə günahkar olmasından danışıb.

İnozemtsev Ukraynanın cənubunun bütünlükdə tutulmasını Moskva üçün böyük uğur hesab edir. O yada salır ki, 2014-2015-ci illərdə Novorossiya və Malorossiya, Krıma quru dəhlizi barədə danışılırdı. İndi isə bu əldə olunub, amma heç kim bunu uğur hesab etmir.

“Problem ondadır ki, Putin müdaxilənin məqsədlərini və tapşırıqlarını çox yuxarıdan seçmişdi, ona görə də indi hər hansı qələbə elan etmək mümkün deyil, axı deyilmişdi ki, Ukrayna de-nasifikasiya olunacaq, Rusiyanın təsir dairəsinə düşəcək, neytrallaşdırılacaq və demilitarizasiya olunacaq… Bu gün Putinin üzləşdiyi böyük problem odur ki, bütün plan pis tərtib olunmuşdu”, – o vurğulayıb.

Əldən çıxanı qaytarmaq...

İnozemtsev Rusiya ordusunun əldə etdiklərini geri almağın mümkün olmadığını qeyd edir. Putinin planı işğal edilən ərazilərdə referendum keçirmək, onları bir formada Rusiya Federasiyasına birləşdirməkdir. Bundan sonra Ukrayna ordusu irəliləyərsə, Putin Rusiya ərazisinə təcavüz olunduğunu iddia edəcək.

“Gedəni qaytarmağın tamam mümkün olmadığını da demirəm, çünki Ukrayna ordusu güclənməkdədir. Bir məqamda böyük əkshücuma keçəcək. Buna görə də Putin irəliləyişləri yekunlaşdırmaq, möhkəmləndirmək və əsaslandırmaq istəyir”, – o deyib.

Putinin guya xəstə olması haqda deyilənlərə gəlincə, İnozemtsev onun səhhətində müəyyən problemlərin ola biləcəyini, ancaq “qəfildən ölməyinə ümid bəsləməyin yalnız xülya olduğunu” söyləyir. Təhlilçinin fikrincə, Putinə Ukraynadakı vəziyyətlə bağlı adekvat informasiya verilməyib. Kremlin xərclədiyi pullar düzgün xərclənməyib, Ukrayna cəmiyyətində əhval, Ukrayna ordusunun hazırlıq səviyyəsi haqda saxta informasiya təqdim olunub. “Fikrimcə, Kremlin növbəti addım barədə hərtərəfli planı yoxdur, amma ərazinin ilhaqıyla müharibədə indiyədək əldə olunan nəticəni təmin etmək olar”.

Putin Rusiya, Rusiya Putindir

“Bu gün Ukraynada baş verənlər Putinin, yoxsa Rusiyanın müharibəsidir?”

İnozemtsev bu iki məsələ arasında fərq qoymur, Putinin Rusiya, Rusiyanın isə Putin olması fikrini ağlabatan sayır. Baxmayaraq ki, bir çoxları Rusiya və Putinin tam fərqləndiyini iddia edir.

“Buna görə də təkcə Putinin deyil, Rusiyanın müharibəsi deyərdim”, – deyən İnozemtsev rusiyalıların müharibə üçün “100 faiz” kollektiv günah yiyəsi olduğunu düşünür.

Təhlilçi Putinin reytinqi məsələsinə ehtiyatlı yanaşma tövsiyə edir. Çünki putinçilərin hazırladığı ideologiya, yaxud doktrina adamların Putinə dəstək üçün nə isə etməsini istəmir, onlardan sakit durmaq, prezidenti tənqid etməmək tələb olunur:

“Əslində, Putin üçün ən vacib olan dəstək deyil, apatiyadır, əhalinin böyük hissəsinin heç nə etməməsidir. Deyərdim ki, Putini dəstəkləyən bu 70-80 faiz sadəcə deyirlər ki, ‘sənə qarşı çıxmırıq’, ona görə də bu dəstək heç vaxt reallığa çevrilməyəcək… Məsələn, çevriliş, vətəndaş müharibəsi olarsa… kiminsə Putinin arxasında duracağına şübhə edirəm. Yəni 80 faizin onu dəstəkləməsi onların silaha sarılaraq Donbasa döyüşməyə getməsi anlamına gəlmir”.

Uzağı 15 ilə “rejim dağılacaq”

İnozemtsev Qərbin Rusiyaya güzəştə getmək üçün Ukraynaya təzyiq göstərəcəyi haqda bəzi təhlilçilərin fikirləri ilə razılaşmır. Çünki bu gün atəşkəs, sülh sazişinin imzalanması belə, dörd ildən sonra Putinin Kiyevi ələ keçirməyə bir daha cəhd etməyəcəyi demək deyil.

“Düşünürəm ki, Putinlə heç bir sülh mümkün deyil. Putinin Qərbdən çox yaşayacağı fikrini real hesab etmirəm. Putinin sonu Qərbdən tez çatmalıdır, 2015-ci ildən belə düşünürəm. Onlar aktiv münaqişəyə girişməməlidirlər, sadəcə Putinin artıq aşdığı limitlərlə bağlı möhkəm durmalıdırlar. Beş, 10, 15 ilə rejim dağılacaq, çünki çox şəxsiləşmiş bir rejimdir, bu rejim salamat qala, heç fiziki baxımdan Putindən çox yaşaya bilməz”, – deyən təhlilçi varis ssenarisini də real saymır.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayıb və Qərbin ağır sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG