Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:47

Klassik Hollivud kinosunun beş elementi


"Casablanca" — 1942-ci ildə "Warner Bros." tərəfindən çəkilmiş klassik Hollivud filmi
"Casablanca" — 1942-ci ildə "Warner Bros." tərəfindən çəkilmiş klassik Hollivud filmi

Klassik Hollivud filmləri tamaşaçıya sadə və təsirli görünür. "No Film School" saytı yazır ki, "Hollivudun Qızıl dövrü" adlandırılan dövrə aid bu filmlər səkkiz böyük Hollivud studiyasında istehsal olunub. Bu filmlər müasir nəzərlə baxıldıqda bayağı görünə bilər. Ancaq klassik Hollivud kinosu bizim kinoda hekayə nəqlinə yanaşmamızın əsasını qoyub.

Çikaqo Universitetinin Kino və media elmləri professoru doktor Cordan Şoniq öz mühazirəsində klassik Hollivud hekayəsinin əsas elementlərini göstərib. O, həmçinin müasir hekayə nəqlində hələ də Hollivudun Qızıl dövrünün izlərinin göründüyünü vurğulayıb.

Sadə, ənənəvi struktur

Klassik Hollivud kinosu 1927 – 1963-cü illər arasında Amerika kinosundakı vizual tərz və hekayə nəqli qaydalarını ifadə edən termindir. Yadda saxlamaq lazımdır ki, bu dövrdə Amerika kinosu hekayə nəqlinin müəyyən elementlərini auditoriyanı cəlb etmək üçün ən effektiv üsul kimi gücləndirməyə başlamışdı.

Klassik Hollivud hekayəsi son dərəcə sadə və ənənəvi struktura malik idi: başlanğıc, orta və son. Filmi çəkən studiyanın qərarına əsasən işlənən sonluq adi auditoriya tərəfindən sorğulana bilməzdi.

Bəs klassik Hollivud hekayəsinin əsas elementləri nədir?

Psixologiyası ilə müəyyən olunan fərdlər

Hansısa problem həll etmək və ya məqsədə çatmaq üçün mübarizə

Başqa insanlar və ya kənar şərtlərlə münaqişə

Qəhrəmanlar qərar qəbul edə bilirlər, səbəb-nəticə əlaqəsi isə hekayəni irəli aparır

Dəqiq qələbə və ya məğlubiyyət var

"Dedlayn quruluşu"

Münaqişənin həlli üçün mübarizə çox zaman iki məqsədlə çulğalaşır: bir romantik və bir başqa məqsədlə. Son nəticədə bu konfliktlər birləşir və romantik maraqlar qəhrəmanın digər konfliktinə qarışmağa başlayır.

Klassik Hollivud hekayəsi qəhrəmanın istəyi ilə hərəkətə başlayır. Bu istəksə hekayə və personajlar açıldıqca inkişaf edir.

Auditoriyanın filmin gedişatına maraq və diqqətini qoruyub saxlamağın yollarından biri mərkəzi hadisəyə yaxınlaşdıqca hərəkətliliyi artırmaqdır. Strukturun bu forması həm personajlar, həm də auditoriya üçün gərginliyi artırdığına görə populyardır.

Biz filmin gedişatında müəyyən bir zamanda nəyinsə baş verəcəyini bilirik. Buna görə də qorxu və həyəcanla həmin anı gözləyirik. Bu mənada klassik Hollivud hekayəsində "dedlayn (son tarix) quruluşu"ndan istifadə edilir. Tamaşaçılar bu gün də qəhrəmanın vaxtının məhdud olduğunu anladıqları üçün həyəcanla həmin qırılma anını gözləyirlər.

Daha dərin insan hekayələri

Ən müasir filmlər artıq klassik Hollivud hekayəsindən istifadə etmirlər. Bu filmlərdə daha realistik və dərin insani hekayələrə üstünlük verilir. Buna baxmayaraq, müasir kinonun əsas elementlərini də nəzərdən qaçırmaq olmaz.

"Gravity", "The Nice Guys" və "Alien" kimi sadə hekayəsi olan filmlər klassik Hollivud hekayəsi yolunu davam etdirirlər. Bu filmlərin yaradıcıları gözəlliyi ssenari strukturunun sadəliyində və auditoriyanın gözləntiləri ilə oynamağın yeni yollarını kəşf etməkdə görürlər.

Özlərini eksperiment adlandırmayan filmlərin çoxu hələ də bilərəkdən və ya bilməyərəkdən klassik Hollivud hekayəsi xəttini tuturlar. Klassik Hollivud hekayəsi bütün ötən əsr ərzində tamaşaçıların və kinematoqrafçıların kinoda hekayə nəqli anlayışını formalaşdırıb. "Pis sayılmayan bu vərdişdən qurtulmaq çox çətindir", – yazıda deyilir.

Əgər hekayə strukturunuzla bir qədər oynamaq istəyirsinizsə, bu beş elementi əsas götürün və bir elementi hekayənizə əlavə etməyəndə, yaxud onu tərsinə çevirəndə nə olacağına baxın. Bu əyləncəli çalışma sizin yazı bacarıqlarınızı itiləşdirməyə kömək edə bilər. O, həm də sizin Qızıl dövr filmləri hekayələrinin incəliklərini daha yaxşı anlamağınıza yardım edə bilər.

XS
SM
MD
LG