Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:14

İranda siyasi məhbus qəbiristanlığı hasarlanıb


Xavaran məzarlığı
Xavaran məzarlığı

“Amnesty International” insan haqları təşkilatı həmin dövrdə 4500 nəfərin, MKO isə 30 minədək insanın öldürüldüyünü bildirir

İranda 1980-ci illərin sonlarında öldürülmüş minlərlə siyasi məhbusun və rejimin opponentinin qohumları onillərdir Tehrandakı Xavaran qəbiristanlığındakı nişanəsiz məzarlara buraxılmırdılar. Həmin qətliamı gizlin saxlamağa çalışan hakimiyyət indi də qəbiristanlığı hasarlayır. Bu haqda AzadlıqRadiosu-nun fars xidməti – Fərda Radiosu xəbər verir.

Ötən həftə sosial mediada yayılmış video və fotolarda məzarlıq ətrafına beton hasar çəkildiyi, təhlükəsizlik kameraları qurulduğu görünür. Bir çox iranlı buranı “lənətlənmişlər məkanı” adlandırır.

“Bizi qorxutmaq əvəzinə...”

Paytaxtın şərqində yerləşən bu qəbiristanlıqda nə vaxtsa dini azlıq təmsilçiləri dəfn olunurdu. Amma Xavaran 1988-ci ildə kütləvi edam olunan siyasi məhbusların, klerik rejimin opponentlərinin gizli dəfn yerinə çevrildi.

Xavarandakı məzarlar nişanəsizdir. Tehran onillərdir qurbanların ailələrinin ziyarətinə icazə verməyib, oraya gül, xatirə simvolları qoyanları cəzalandırıb. Belə bir sərt rəsmi rəftar Tehranın dissidentlərin və dini azlıq təmsilçilərinin qətlini ört-basdır etməsi, hətta onların dəfn yerlərinin murdarlanması ittihamlarına yol açıb.

Ailələr və fəallar məzarlığın hasarlanmasını hakimiyyətin Xavarana girişi daha da məhdudlaşdırmaq cəhdi kimi görürlər. Qurbanların ailələrini təmsil edən bir qrup hasarlanmadan qəzəbini bildirib.

“Rejimin ailələrin ziyarətini önləmək üçün hasar çəkmək və kamera quraşdırmaq qərarını qəbul etmirik. İslam respublikasını bu ailələrin təqibini mümkün qədər tez dayandırmağa, bizi qorxutmaq əvəzinə suallarımıza cavab verməyə çağırırıq”, – qrup bu həftə bəyanatında bildirib.

İsveçdə hökm gözlənir

Keçmiş prokuror müavini, 1988-ci ildə Tehranın Evin həbsxanasında 100-dən çox edamda və insan haqları pozuntusunda əli olmaqda suçlanan Həmid Nuri İsveçdə mühakimə olunur və iyulun 14-də hökm gözlənir.

Nurinin hansı məhbusların edam olunmasını müəyyənləşdirməkdə hakimlərə yardım etdiyi bildirilir. Ovaxtkı Ali dini lider Ayətulla Ruhulla Xomeyninin 1980-88-ci illərin İran-İraq Müharibəsinin sonunda verdiyi fətva İran torpağında hücumların təşkilində suçlanan Mücahiddini-Xalq Təşkilatının (MKO) üzvlərinə qarşı idi. Sonradan fətva “mohareb”, yəni Allaha qarşı müharibə aparmaqda təqsirli bilinənlərə aid olundu.

“Amnesty International” insan haqları təşkilatı həmin dövrdə 4500 nəfərin, MKO isə 30 minədək insanın öldürüldüyünü bildirir. Onların içində MKO üzvləri, tələbələr, solçular, dini rejimin digər şübhəli opponentləri olub.

Nuri 2019-cu ildə İsveçə tətilə gedərkən saxlanıb və Stokholmda beynəlxalq hərbi cinayətlər və insan haqları pozuntuları ittihamları ilə məhkəməyə çıxarılıb. İran bu addımı sərt tənqid edib, Nuriyə azadlıq tələb edib.

İran Prezidenti İbrahim Rəisi daxil olmaqla dini isteblişmentin bir sıra üzvlərinin kütləvi qətllərdə rolu olduğu bildirilir. BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Rəisinin qətliamda mümkün rolunu araşdırmağa çağırıb.

XS
SM
MD
LG