Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:06

Hərbi prokurorun istefası tələb edildi


Hərbi Prokurorluğun qarşısında etiraz
Hərbi Prokurorluğun qarşısında etiraz

İyunun 16-da "Tərtər işi" ilə bağlı həbs olunan şəxslərin yaxınları və başqa fəallar Bakıda Hərbi Prokurorluğun inzibati binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar bu işin ədalətli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb ediblər.

Aksiya iştirakçılarının sözlərinə görə, həmin iş üzrə həbsdə olan bir çox hərbçilər günahsız ola-ola işgəncələrə məruz qalıblar. Onlar öz yaxınlarının azadlığa buraxılmasını tələb ediblər. "Altı aydır yenilənmiş istintaq gedir. Mənim oğlum günahsızdır, niyə hələ də həbsdədir?", - aksiya iştirakçılarının biri qeyd edib.

Etirazçılar həmçinin, Hərbi prokuror Xanlar Vəliyevin istefasını tələb ediblər. Onlar bunun yenilənmiş istintaqın obyektiv aparılması üçün zəruri olduğunu söyləyiblər.

Aksiyada vurğulanıb ki, "Tərtər işi"nin ictimai tədqiqatı ilə məşğul olan hüquqşünas İlham Aslanoğlunun (Təhməzov) iyunun 9-da Yevlax rayon Məhkəməsinin hökmü ilə təhqirdə günahlandırılaraq 6 ay azadlıqdan məhrum edilməsi də yaxşı hal deyil. Onlar qeyd ediblər ki, bununla həmin hüquqşünas ikinci dəfədir həbs olunur.

Aksiya iştirakçıları sonra da tələblərinin əks olunduğu bəyanat oxuyublar. Aksiya zamanı heç bir insident yaşanmayıb.

Hələlik, aksiyada səslənən çıxışlara Hərbi prokuror Xanlar Vəliyev, başqa aidiyyəti rəsmi şəxs və qurumlardan münasibət almaq mümkün olmayıb.

2021-ci ilin dekabrında Baş Prokurorluq "Tərtər işi" üzrə istintaqın bərpa edildiyini açıqlayıb. Prokurorluq sonra da məlumat yaymışdı ki, iş üzrə işgəncə şikayətləri ilə bağlı yeni həbs edilənlər var və zərərçəkənlərin sayı xeyli artıb.

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Sonradan bir sıra media orqanları bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yaydı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi.

Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

Saxlanan hərbi qulluqçuların yaxınları deyirdi ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, işgəncə nəticəsində ölənlərin bəzilərinə də sonradan bəraət verildiyi vurğulanırdı. (Hüquq müdafiəçiləri ölənlərin sayının 10-dan çox olduğunu bildirirlər. Amma bu, rəsmən təsdiqlənməyib)

XS
SM
MD
LG