Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:56

Mel Gibson superqəhrəmanlığı deyil, yurdsevərliyi seçib?


Mel Gibson 69-cu Kann Film Festivalında, Fransa, 22 may 2016
Mel Gibson 69-cu Kann Film Festivalında, Fransa, 22 may 2016

Mel Gibson superqəhrəmanlığı deyil, yurdsevərliyi seçib?

“Batman”, “Yağış Adam”, “Qladiatör” və “Ceyms Bond”u oynamaq istəməməsi belə təsəvvür yardır

Hollivud ulduzu Mel Gibson vaxtilə böyük kassa gəliri əldə etmiş bir çox filmdən imtina etdiyini deyib. 60 yaşlı aktyor “Batman”, “Rainman” (“Yağış adam”), “Qladiator” və “Ceyms Bond” kimi daha öncə ona təklif olunan filmlərdən boyun qaçırdığını bildirib.

Şotlandiyanın Qlazqo şəhərində keçirilən “An Experience With Gibson” (“Gibsonla təcrübə”) adlı aktyordan karyerası boyunca hansı superqəhrəmanı canlandırmaq istəyib-istəmədiyini soruşublar.

Superqəhrəman janrına heç maraq göstərmədiyini bildirən aktyor ona üç dəfə “Batman” rolu təklif olunduğunu, ancaq hər dəfə təklifdən imtina etdiyini deyib.

“Batman”dən başqa rədd etdiyi digər layihələrdən də söz açan Mel Gibson Rocer Murdan sonra Ceyms Bond roluna təklif aldığını və bu təklifdən də boyun qaçırdığını söyləyib. O zaman hələ 26 yaşında olan aktyor rolun ağırlığını qaldıra bilməyəcəyini düşünüb. Gibsonun yerinə Ceyms Bondu Timoti Dalton oynayıb.

Bütün bunlar yetməz kimi, aktyor Kino Akademiyasının 61-ci və 73-cü mükafatlarında ən yaxşı film nominasiyasında Oskar mükafatına layiq görülen “Rainman” və “Qladiator”da da rol almaq istəməyib. Gibson “Qladiator”un yerinə Ridli Skottun eyni ildə ekrana çıxan “The Patriot” (“Yurdsevər”) filmində oynamağa üstünlük verib.

Üç həftə öncə isə Mel Gibson “Lethal Weapon” (“Ölümcül silah”) silsilə filminin növbəti - beşinci bölümündə çəkildiyini bildirib.

WeGotThisCovered” saytı indi filmin ssenarisi üzərində iş getdiyini yazır. Gibson bu ekran əsərində “bir neçə həssas problemə toxunacağını” da deyib. Aktyor daha çox ayrıntıya varmasa da, müşahidəçilər bu silsilədən olan əvvəlki filmlərin təbiətini nəzərə alaraq, filmin polis zorakılığı və irqçilik məsələlərinə toxunacağını düşünürlər.

Daha öncəki dörd “Lethal Weapon” filmini çəkən rejissor Riçard Donner ötən ilin iyulunda dünyasını dəyişməzdən öncə “Lethal Weapon 5” üzərində bir qədər çalışa bilmişdi. Ancaq deyilənə görə, Donner filmi çəkəcək qədər ömrü qalmadığını öyrənəndən sonra Mel Gibsondan filmin rejissorluğunu öz üzərinə götürməsini istəyib. İlk vaxtlar doğrudan da “Lethal Weapon 5”ə Gibsonun rejissorluq edəcəyi, ancaq filmdə oynamayacağına dair xəbərlər yayılmışdı.

Mel Gibsonun adı illər boyunca bir çox problemdə hallanıb. 1991-ci ildə bir ispan qəzeti aktyoru homofob olmaqda suçlayıb. Gibson üzr istəməkdən boyun qaçıraraq, dediyi sözləri müdafiə edib. Onun bu davranışı bir müddət unudulub. Gibson hətta media monitorinqi sahəsində çalışan qeyri-hökumət təşkilatı GLAAD-a çalışmağa, 1990-cı illərin sonlarında LGBT icmasından olan gənc rejissorlara seminarlar verməyə başlayıb. O, bir zaman Hollivudun ən sevilən simalarından biri olub.

2006-cı ildə yeni bir problem doğub: Gibson “uyuşdurucu təsiriylə avtomobil sürmək” ittihamıyla həbs olunub. Yetərincə ağır suçlama olsa da, bu azmış kimi, polis zabiti aktyorun maşın sürməsinə imkan verməyəndə, o, qəzəblənib və antisemit ifadələr işlədib. Aktyorun “yəhudilər dünyadakı bütün müharibələrə görə məsuliyyət daşıyırlar. Sən yəhudisən?” deməsi cihaza yazı

lıb. Həbs xəbəri mediada yayılıb və o zamandan bəri aktyor Hollivuddan uzaqlaşdırılıb.

Gibson bu dəfə üzr istəməyə çalışsa da, bu, işə yaramayıb. Onun iri Hollivud blokbasterlər çəkdiyi dövr bitib. Başqa bir insident törətməsəydi, bəlkə də qayıdışı mümkün olardı.

Aktyor 2010-cu ildə qızının anası Oksana Qriqoryeva ilə telefon danışığında irqçi deyimlər işlətdiyindən, bu danışığın səsyazısı mediaya sızmışdı. Bundan sonra Gibsonun məişət zorakılığına yol verməsi araşdırılmış və o, qızını görmək hüququndan məhrum edilmişdi.

Son illərdə Gibson Hollivud aləmini qəzəbləndirməyə davam edib. Onun respublikaçı olması ilə bağlı şübhələr illərlə səngiməyib və hətta tədbirlərin birində izdiham içində Trampı salamlaması kameralara da düşüb.

XS
SM
MD
LG