Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:29

'Təcili yardım çağırmağa qoymadı, dedi ki, polisə xəbər verərlər'


Ailə zorakılığı. Foto illüstrasiya
Ailə zorakılığı. Foto illüstrasiya

İki uşaq anası Gülnar Vəlizadə həyat yoldaşının ölümünə görə həbsdədir. İddia olunur ki, vurduğu bir bıçaq zərbəsi ərinin həyatına son qoyub. O, CM-in 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddəsi ilə suçlanır.

Qadın qanlı olayı bilərəkdən deyil, özünü qorumaqdan ötrü törətdiyini deyir. Onun sözlərinə görə, dəfələrlə şiddətə məruz qalıb. Gülnar Vəlizadə olay günü də ərinin onu döyüb boğmaq istədiyini iddia edir. Həmin vaxt özünü xilas etmək istəyib və bıçaqla ərini vurub.

Elşən Hadızadə çoxlu qan itirdiyinə görə ölüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin araşdırmalarından məlum olub ki, o, xəstəxanaya həddindən artıq gec çatdırılıb. Gecikmənin səbəbkarı həm də özü olub, çünki Təcili Tibbi Yardıma zəng etmək istəməyib - polisə xəbər veriləcəyindən, bu işə onların da qarışacaqlarından çəkinib.

"Elşən Gülnarın adını vermək istəmirdi"

"Mən onlara çatanda Elşən yaralıydı. Dedi, həyətdə iş görəndə yıxıldı, bıçaq batdı. Elşən təcili yardım çağırmağa qoymadı, dedi ki, polisə xəbər verərlər. Özü sonradan çağırdı, amma az sonra zəng elədi ki, gəlməsin. Gülnar aptekdən dərman alıb gətirdi. Elşən Gülnarın adını vermək istəmirdi. Mənə dedi ki, Gülnar vurub, amma heç kim bilməsin...", - mərhum Elşənin dostu Azad Əsədovun sözləridir.

Gülnar Vəlizadə və Elşən Hadızadənin bu evlilikdən iki övladları var. Onlar ata nənəsi Mahirə Hadıyevanın himayəsindədir. Uşaqlardan 7-yaşlı Hüseyn məhkəmədə anasının əleyhinə danışaraq iddia edib ki, anası atasını bıçaqlayanda gözüylə görüb: "Hətta anam atamın başına tava da vurmuşdu...".

"Atam mənə dedi ki…"

Övladından bu sözləri eşidən qadın məhkəmə zalında huşunu itirib. Onun yaxınları isə ata nənəsini azyaşlı uşağı öz anası əleyhinə yalan danışmağa vadar etməkdə günahlandırıblar.

"Atam mənə dedi ki, polis gəlsə, deyərsiniz ki, atam özü özünü bıçaqlayıb...", - hakim və vəkilin bir neçə sualından sonra uşaq belə deyib.

Olay 2022-ci ilin yanvarında paytaxtın Hövsan qəsəbəsində yaşanıb. 1990-cı ildə doğulmuş Elşən Hadızadə ondan 1 yaş kiçik Gülnar Vəlizadənin qrup yoldaşı olub.

Qadının ittiham olunduğunu CM-in 126.3 maddəsində 9 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub. Ancaq o bu maddə ilə özünü suçlu saymır və olayın özünü müdafiə etmək istərkən baş verdiyini bildirir.

Cütlük təxminən iki il olar hadisənin yaşandığı ünvanda ev alıbmış.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda məişət zorakılığından zərər çəkənlərin sayı əvvəlki illə müqayisədə 18.1 faiz artaraq 1 min 536 nəfər olub. Onların da 78.5 faizi qadınlardır.

Ötən il 64 nəfər məişət zorakılığı nəticəsində qətlə yetirilib. Bunların da 46-sı qadın olub.

XS
SM
MD
LG