Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:42

Deputat: 'Antiterror əməliyyatları aparıla bilər'


Qarabağdakı sülhməramlılar muzdlu döyüşçüyə çevrilə bilər? Rusiyalı ekspertin şərhi
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Qarabağdakı sülhməramlılar muzdlu döyüşçüyə çevrilə bilər? Rusiyalı ekspertin şərhi

"Görüşdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb". Xarici İşlər Nazirliyindən "Turan"a nazirlərin 16 iyul görüşü haqda verilən məlumatda belə deyilir.

Ötən həftə İlham Əliyev altı ayın yekunlarına həsr olunan müşavirədə erməni silahlı birləşmələrinin Qarabağdan çıxmamasına toxunmuşdu. O, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamədə bunun öhdəlik kimi qoyulduğunu, ancaq Ermənistanın onu yerinə yetirməməsinə diqqət çəkmişdi.

"Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır",- dövlət başçısı söyləmişdi.

İ.Əliyev
İ.Əliyev

İ.Əliyev demişdi ki, Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, bunu açıq desin: "Biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu, bəlkə də, indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir".

Prezidentin sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 16 iyul görüşündən sonra növbəti addımlar bəlli olacaq.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov deyib ki, bütün səylər iki dövlət arasında postmünaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir.

"Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb",- Azərbaycan XİN bəyan edir.

Ermənistan XİN-in yaydığı məlumatda isə bildirilir ki, nazir Ararat Mirzoyan regionda sabit və uzunmüddətli sülhə nail olunması yolunda Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsinin vacib olduğunu qeyd edib. Eyni zamanda vurğulanır ki, bu kontekstdə ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun təcrübəsi vacibdir.

E.Nəsirov
E.Nəsirov

Deputat: "Biz gözləyirik"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a deyir ki, 10 noyabr Bəyannaməsinin ən mühüm bəndlərdən biri dördüncü bənddir: "Bu, Rusiya sülhməramlı qüvvələrinin gəlişiylə paralel qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması ilə bağlı bənddir. Bu bəndin bir hissəsi icra olundu. Rusiya sülhməramlıları gəldi. Amma erməni silahlı birləşmələri çıxarılmadı".

Deputatın sözlərinə görə, bu, 10 noyabr razılaşmasının şərtlərinə daban-dabana ziddir: "Biz gözləyirik. Azərbaycan tərəfi gözləyir ki, həmin bənd işə salınsın və nəticə etibarilə regionda vəziyyət tam dəyişə, sülh müqaviləsinin imzalanması üçün unikal şərait yarana bilər".

E.Nəsirovun qənaətincə, bu, baş verməyəcəyi təqdirdə bir neçə variant nəzərdən keçirilə bilər: "Bu bənd icra olunmasa, 10 noyabr sənədinin legitimliyinə şübhə yaranır, kölgə düşür. Bu, Ermənistan və Rusiya üzərinə əlavə məsuliyyət qoyur. Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələri necə ola bilər? Bu qeyri-mümkündür. Hansı ölkə öz ərazisində qeyri-qanuni silahlı qüvvələrin olmasına icazə verər? Heç biri".

O, Azərbaycanın atacağı addımların beynəlxalq hüquq normalarına uyğun olacağına əmindir: "Antiterror əməliyyatları aparıla bilər. Belə olan halda bütün məsuliyyət Ermənistanın üzərinə düşmüş olacaq. Nə qədər ki həmin iks anı yetişməyib, Ermənistan sənədin dördüncü bəndinə əməl etsin".

Ə.Oruclu
Ə.Oruclu

Ərəstun Oruclu: "Nazirlərin görüşünün nəticəsi olmayacaq, çünki..."

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Ərəstun Oruclu da 10 noyabr sənədinin dördüncü bəndinin artıq iki ildir icra olunmamasına toxunur: "Bu sənəd imzalananda Rusiya tərəfi öhdəlik götürmüşdü ki, Qarabağdan erməni silahlı qüvvələri çıxarılacaq. Həmin bəyanata Ermənistan da imza atıb. Amma Rusiya öhdəliyini yerinə yetirməyib".

Onun fikrincə, Qarabağdakı erməni silahlılarının əksəriyyəti Paşinyana tabe deyil: "Orada iki tip silahlı var. Onların bir hissəsi rəsmi Ermənistan ordusunun hissələridir. Digəri isə yerli quldur dəstələridir. İki il keçəndən sonra İlham Əliyevin yadına düşdü ki, onlar Qarabağdan çıxarılmayıb".

Siyasi şərhçi hesab edir ki, Azərbaycan və Ermənistan nazirlərinin görüşünün heç bir nəticəsi olmayacaq, çünki həmin silahlıların çıxarılması Rusiyaya lazım deyil: "Rusiya yaxşı bilir ki, hər hansı hərbi qarşıdurma olsa, onun iki çıxış yolu var. Birincisi, erməni dəstələri adı altında Rusiya özü fəaliyyət göstərsin. İkinci variant odur ki, Rusiya özü hər hansı gərginlik yaradır və yaxud da Azərbaycan antiterror əməliyyatına başlayır, bunun ardınca da Rusiya Gürcüstan ssenarisinə əl atır".

Bununla belə, Ə.Oruclu Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlamasını mümkün sayır, hərçənd, onun nəticələrinin çox böyük sual altında qalacağını düşünür: "Bu halda Rusiya sülhməramlıları adı altında işğalçı qüvvələrlə toqquşma ola bilər. Bu isə Rusiyaya bölgəyə əlavə qoşun yeritməyə və hətta Azərbaycana qarşı açıq təcavüzə keçməyə rəvac verər".

Hərçənd, siyasi şərhçi Azərbaycanın antiterror əməliyyatlarına Rusiya ilə anlaşaraq başlayacağını da istisna etmir.

XS
SM
MD
LG