Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:24

Reportyorun qətli işində 9 il 6 ay həbs cəzası


Əvəz Şıxməmmədov
Əvəz Şıxməmmədov

24-yaşlı Əvəz Şıxməmmədov fevralın 22-də Bakının Balaxanı qəsəbəsində, yaşadığı evin həyətində bıçaqla qətlə yetirilib

Reportyor Əvəz Şıxməmmədovu (Hafizli) onun cinsi orientasiyasına görə öldürdüyünü deyən əmisi oğlu Əmrulla Güləliyev 9 il 6 ay azadlıqdan məhrum edilib.

İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. O, CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib.

Məhkəmə onun könüllü təslim olmasını, zərərçəkmiş tərəfin şikayətçi olmamasını və sair yüngülləşdirici hal kimi qiymətləndirib.

Hökmdən öncə məhkəmədə son sözünü deyən 24-yaşlı Güləliyev əməlindən peşman olduğunu vurğulayıb.

“Biz bir evdə böyümüşük. Sanki üç qardaş olmuşuq…” - təqsirləndirilən şəxsin son sözü qısa olub.

24-yaşlı Əvəz Şıxməmmədov fevralın 22-də Bakının Balaxanı qəsəbəsində, yaşadığı evin həyətində bıçaqla qətlə yetirilib.

Reportyorun qardaşı şikayətçi olmadıqlarını deyib

Reportyorun ögey əmisi oğlu olan Əmrulla Güləliyev hadisənin mübahisə zəminində baş verdiyini bildirib.

O, məhkəmədə ifadə verərkən deyib ki, əmisi oğlunun cinsi orientasiyasıyla əlaqədar davranışlarına görə illərdir aralarında mübahisələr olurdu.

Hadisə günü də növbəti dəfə mübahisə etdiklərini deyən Güləliyevin sözlərinə görə, Əvəzgilə gedərək, ona axırıncı dəfə xəbərdarlıq edib:

“Dedim ki, bu yoldan qayıdacaqsan. O isə dedi ki, “mənim sənətimdir, get, işinlə məşğul ol”. Əsəbiləşdim, mətbəxdən bıçağı götürüb vurdum...”

Mərhum reportyorun hüquqi varisi qismində tanınan qardaşı Təbriz Şıxməmmədov əmisi oğlunu bağışladıqlarını, ondan şikayətçi olmadıqlarını bildirib.

O, məhkəməyə bu barədə ərizə təqdim edib. Şıxməmmədov əmisi oğluna daha yüngül - 7 il həbs cəzası verilməsini təklif edib.

“Kanal 13” və bir sıra başqa internet televiziyalarıyla əməkdaşlıq edən Şıxməmmədov həm də LGBT fəalı kimi tanınırdı. O, cinsi azlıqların hüquqlarıyla bağlı etiraz aksiyalarında da iştirak edirdi.

XS
SM
MD
LG