Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:22

Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə edib


Qarabağ, 2 avqust, 2022-ci il
Qarabağ, 2 avqust, 2022-ci il

Avropa İttifaqının Xarici siyasət rəhbəri Jozep Borrel də döyüşləri dərhal dayandırmağa çağırıb

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası üzvlərinin operativ iclasını keçirərək Qarabağda vəziyyətin gərginləşməsini müzakirə edib. Bu haqda Putinin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, şuranın daimi üzvləri “qarşıdan gələn, yüksək səviyyədə Rusiya-Türkiyə danışıqları konteksində fikir mübadiləsi aparıblar”.

“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət də müzakirə edilib. Üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsinin təkidli zəruriliyi qeyd olunub”, – Peskov deyib.

O, iclasda ölkənin sosial-iqtisadi inkişafıyla əlaqədar məsələlərin də müzakirə olunduğunu bildirib.

Rusiya rəhbərliyi Qarabağda vəziyyətin kəskinləşməsindən narahatdır və tərəfləri öhdəliklərinin icrasına çağırır. Bunu avqustun 4-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Çox diqqətlə izləyirik. Vəziyyətin kəskinləşməsindən, təbii ki, narahatıq. Tərəfləri təmkinli olmağa, ən əsası üçtərəfli sənədlərin bütün müddəalarına əməl etməyə çağırırıq”, – sözçü vurğulayıb.

***

Qarabağdakı separatçı qurum regionda vəziyyətin sabitləşdiyini deyir.

Avqustun 4-də verilən məlumata görə, sporadik atışmaya baxmayaraq, “Rusiya hərbi komandanlığının vasitəçiliyi ilə vəziyyəti sabitləşdirmək üçün addımlar atılır”.

***

Birləşmiş Ştatlar Qarabağda döyüşlərin qızışması, itkilər barədə xəbərlərdən narahatdır, baş verənləri diqqətlə izləyir. Dövlət Departamentinin sözçüsü Ned Prays avqustun 3-də yazılı bəyanatında gərginliyin azaldılması, gələcək eskalasiyanın önlənməsi üçün təcili addımlar atmağa çağırıb.

“Gərginliyin yenidən qızışması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, yaxud onun nəticəsi olan bütün qalan məsələlərin danışıqlar yoluyla, hərtərəfli və davamlı həllinin vacibliyini göstərir”, – bəyanatda deyilir.

Avqustun 3-də toqquşmalarda hər iki tərəf itki verib.

Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin Azərbaycanın Laçın rayonundakı mövqelərinə atəş açdığını, əsgər Anar Kazımovun həlak olduğunu bildirib.

Ermənistan beynəlxalq ictimaiyyətdən kömək istəyir

2020-ci ilin noyabrında 44 günlük müharibə başa çatandan sonra Laçın dəhlizinə və Qarabağda qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Azərbaycan həmin əməliyyatlar nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Qarabağdakı separatçı rejim isə Azərbaycanı atəşkəs rejimini dronlar və reaktiv qumbaraatanlarla pozmaqda ittiham edib, iki erməni hərbçinin öldürüldüyünü, 14-nün yaralandığını bildirib.

Separatçıların lideri Arayik Arutyunyan qismən səfərbərlik elan edib.

Ermənistan beynəlxalq ictimaiyyəti Azərbaycanın “aqressiv hərəkətlərini” dayandırmağa kömək göstərməyə çağırıb.

Xarici İşlər Nazirliyi avqustun 3-də bəyanatında “Azərbaycanın aqressiv hərəkətləri və münasibətini dayandırmaq üçün tədbirlər görməyə, bundan ötrü gərəkən mexanizmləri işə salmağa” səsləyib.

Qarabağdakı erməni silahlı dəstələri

Azərbaycan XİN isə Ermənistanın ittihamlarını rədd edib, qarşı tərəfin Azərbaycanı 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanatı pozmaqda ittiham etməsini “riyakarlıq” adlandırıb. Nazirlik həmin bəyanatda erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasının nəzərdə tutulduğunu, Qarabağda son yaşananları “məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atması” ilə izah edir.

Ermənistan rəsmiləri Qarabağdakı çağırışçıların sentyabradək çıxarılacağını, ancaq “yerli özünümüdafiə dəstələri”nin qalacağını bildirib.

Rusiyanın Müdafiə Nazirliyi də avqustun 3-də regionda son zorakılıqlarla bağlı bəyanat yayıb. “Interfax”ın yaydığı bəyanatda deyilir ki, atəşkəsi Azərbaycan pozub və “sülhməramlı kontingent vəziyyətin sabitləşməsindən ötrü Azərbaycan və Ermənistan təmsilçiləri ilə birlikdə tədbirlər görür”.

Avropa İttifaqının Xarici siyasət rəhbəri Jozep Borrel də döyüşləri dərhal dayandırmağa çağırıb.

Azərbaycan bir neçə yüksəkliyi nəzarətə götürüb

Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatına görə, erməni qüvvələri Laçın və Kəlbəcər rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək, orada yeni döyüş mövqeləri qurmağa cəhd göstəriblər.

Azərbaycan ordusu bölmələri isə “qisas” əməliyyatı keçirərək Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb. Nazirlik havadan zərbə nəticəsində alışan hərbi texnikanın videosunu yayıb.

2020-ci il müharibəsindən sonra regiona 2 minədək Rusiya hərbçisi yerləşdirilib. Azərbaycanın suveren ərazisi olan Qarabağ həmin üharibəyədək 30 ilədək erməni qüvvələrin işğalı altında qalıb.

XS
SM
MD
LG