Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:27

Pentaqon: Rusiya Ukraynada 70-80 min itki verib 


Nikolayev vilayətində ukraynalı hərbçi
Nikolayev vilayətində ukraynalı hərbçi

ABŞ müdafiə nazirinin siyasıət üzrə müavini Kolin Kal deyib ki, Vladimir Putinin ordusu “nəhəng itkilər” verir

Rusiya Ukraynaya müdaxilə edəndən bəri 70-80 min arasında ölü və yaralı ilə canlı qüvvə itkisi verib.

The İndependent qəzetinin yazdığına görə ABŞ müdafiə nazirinin siyasıət üzrə müavini Kolin Kal deyib ki, Vladimir Putinin ordusu “nəhəng itkilər” verir:

“Müharibələrdə dəqiq rəqəmlər bildirmək çətindir, amma mən düşünürəm ki, Rusiyanın son 6 ayda 70 və ya 80 min itki verdiyini söyləmək olar. Bura döyüşlərdə həlak olanlar və yaralananlar daxildir. Bundan bir az çox, bir az az ola bilər, amma bu, zənnimcə ağlabatan rəqəmdir”.

Britaniya kəşfiyyatı: Rusiya qüvvələri son bir ayda cəmi 10 km irəliləyə bilib

Rusiya Ukraynanın cənubunda “müdafiəsini gücləndirir”, eyni zamanda Donetsk vilayətində Ukrayna qüvvələrinə hücumları davam etdirir. Buna baxmayaraq, Rusiya qüvvələri son bir ayda “ən uğurlu istiqamətlərdə” cəmi 10 kilometrə yaxın irəliləyə bilib. Bunu Böyük Britaniyanın hərbi kəşfiyyatı bildirib.

Qurumun avqustun 9-da yaydığı bülletenə görə, Rusiya qüvvələri Donetskdə heç üç kilometrdən artıq qabağa gedə bilməyib. Donetsk Rusiyanın dəstəklədiyi separatçıların son səkkiz ildə böyük ərazilərə nəzarət etdiyi iki şərq vilayətindən biridir. Luqansk bir müddət əvvəl tam tutulub.

“Belə bir sürət planlaşdırıldığından əhəmiyyətli dərəcədə azdır”, – Müdafiə Kəşfiyyatı bildirir.

“Bu ərazilərdə artilleriyadan intensiv istifadəni davam etdirməsinə baxmayaraq, Rusiya daha əhəmiyyətli irəliləyişə nail olmaq üçün bacarıqlı döyüş piyadaları cəlb edə bilməyib”, – məlumatda vurğulanır.

Rusiya Ukrayna qüvvələrini Donetskdən çıxarmağa çalışır

Ukraynanın şərqi Donetsk vilayətində Baxmut və Avdiyevka şəhərlərinə doğru Rusiyanın hücumu davam edir, qarşı tərəf Ukrayna qüvvələrinin “maksimum itki” verməsinə çalışır. Bunu Ukrayna ordusunun Baş Qərargahı avqustun 9-da bildirib.

Məlumata görə, Rusiya hava qüvvələri Donetsk istiqamətində hərbi obyektləri bombalayır, bununla da Ukrayna qüvvələrinin ön cəbhədən çıxarılmasını hədəfləyən artilleriya və digər quru əməliyyatlarını dəstəkləyir.

Britaniya kəşfiyyatı avqustun 8-də xəbərdarlıq edib ki, Rusiya Donbasdakı müdafiə xətlərinin saxlanması üçün piyadalar əleyhinə minalardan istifadə edir. Bu isə həm orduya, həm də dinc əhaliyə risk yaradır.

Döyüş zonasından gələn xəbərləri təsdiqləmək çətindir.

İki gəmi döyüşə hazırdır

Kiyev İvani-Daryevka, Baxmut və Zaytsevoda yaşayış məskənlərində kəşfiyyat və hücum əməliyyatlarını dəf etdiyini bildirib. Rusiya qüvvələrinin Avdiyevka və Krasnohorivka ətrafından geri oturdulduğu deyilir.

Ukrayna onu da bildirib ki, Kalibr qanadlı raketləri ilə silahlanmış iki Rusiya hərbi gəmisi döyüşə hazır vəziyyətdədir.

Həftəsonu Zaporojye Atom Elektrik Stansiyasının atəşə tutulması beynəlxalq miqyasda narahatlığa səbəb olub. AES müharibənin əvvəlindən Rusiyanın əlinə keçib, ancaq işçiləri əsasən ukraynalılardır. Ukraynanın Enerhoatom nüvə enerjisi şirkətinin başçısı nüvə fəlakətinin qarşısını almaq üçün Zaporojyeni qeyri-hərbi zona elan etməyə çağırıb.

Birləşmiş Ştatlar yardım ayırır

ABŞ Prezidenti Co Bayden avqustun 8-də Ukraynaya 1 milyard dollarlıq hərbi yardım elan edib. Yardıma uzaq məsafəni vuran silahlar, tibbi nəqliyyat maşınları daxildir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) avqustun 8-də bildirib ki, Vaşinqton Kiyevə 4.5 milyard dollarlıq əlavə maliyyə dəstəyi ayıracaq. Bu, Rusiya fevralın sonunda işğala başlayandan göstərilən yardımın iki dəfə artırılması deməkdir.

Dünya Bankı vasitəsilə ayrılacaq tranşlar tibb xidməti, pensiyalar, sosial müavinətlərinin ödənməsinə sərf olunacaq.

XS
SM
MD
LG