Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:21

Ukraynada Zelenski, Ərdoğan və Quterreş görüşəcəklər


BMT-nin baş katibi Antonio Quterreş (solda) və Ukrayna prezidenti Volodimir Zelenski (Arxiv fotosu)
BMT-nin baş katibi Antonio Quterreş (solda) və Ukrayna prezidenti Volodimir Zelenski (Arxiv fotosu)

Ukraynada avqustun 18-də Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan, Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşin iştirakilə görüş keçiriləcək.

Bu barədə xəbəri Reuters agentliyi BMT-yə istinadən yayıb.

BMT sözçüsü Stefan Duyarric deyib ki, Quterreş Zelenski ilə Ukraynanın qərbindəki Lvov şəhərində görüşəcək, Zaporojye nüvə stansiyası ilə bağlı yaranmış vəziyyəti, habelə Rusiya ilə münaqişənin siyasi yollarla tənzimlənməsi mümkünlüyünü müzakirə edəcək.

Bu görüşdə Türkiyə liderinin də iştirak edəcəyi xəbər verilir.

Bu həftənin cümə gününə BMT baş katibinin Odessaya səfəri planlaşdırılıb.

Bu yaxınlarda Ukrayna, Türkiyə, Rusiya və BMT arasında əldə olunmuş razılaşmaya əsasən Odessa portundan Ukrayna taxılının daşınmasına başlanıb.

Quterreşin buradan Türkiyəyə yollanacağı xəbər verilir.

“Nüvə terroru”

Kiyev və Moskva bir-birini Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığındakı əraziləri atəşə tutmaqda ittiham edir.

Rusiya qüvvələri bu stansiyanı müharibənin lap başlanğıcında, mart ayında ələ kçiriblər. Buna baxmayaraq AES-də Ukrayna texniki heyəti işləməkdə davam edir.

Volodimir Zelenski avqustun 16-da Moskvanı “nüvə terrorunda” ittiham edib.

O bu barədə bəyanatı Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində verib.

Zelenski Zaporojye AES-in atəşə tutulmasına görə Rusiyanın atom sənayesinə sanksiyaların qoyulmasını tələb edir.

Fransa prezidenti Moskvanı qüvvələrini stansiyadan çıxarmağa çağırıb.

Mübahisə

BMT rəhbərliyi bildirir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi heyətinin Enerqodar şəhərində yerləşən AES-ə səfərini təşkil etməyə hazırdır.

Əslində agentlik sözü gedən stansiyaya baş çəkilməsi üçün bir neçə həftədir ki, icazə gözləyir.

Agentlik bildirir ki, AES müharibəyə görə “tamamilə nəzarətdən çıxıb”.

Kiyev tələb edir ki, agentlik nümayəndələrinin stansiyaya səfəri üçün Rusiya oradakı qüvvələrini çıxarmalıdır.

BMT Rusiyanı AES ətrafında hərbsizləşdirilmiş zonanın yaradılmasına çağırır.

Bu təklifi ABŞ da daxil, bir neçə ölkə dəstəkləyib.

Lakin Zaporojye vilayətinin işğalçı administrasiyası isə bildirir ki, burada təhlükəsiz zona yox, atəşkəs rejimi yaradılmalıdır.

XS
SM
MD
LG