Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:39

Putinin uduzması


Vladimir Putinin elan etdiyi “denasifikasiya” və “demilitarizasiya” məqsədləri indi daha əlçatmaz görünür

Avqustun 24-də Rusiya qoşunlarının Ukrayna ərazisinə müdaxiləsindən düz altı ay keçib.

AzadlıqRadiosunun müxbiri Maksim Blant yazır ki, yarım ildən sonra Vladimir Putinin elan etdiyi “denasifikasiya” və “demilitarizasiya” məqsədləri indi daha əlçatmaz görünür. Daha doğrusu indi bunun əks-təsirlərindən danışmaq olar.

Blant yazır ki, Putinin ildırımsürətli qələbəsi alınmayıb. Rusiya ordusunun havada və quruda, ağır texnika və canlı qüvvədə üstünlüyünə baxmayaraq Moskvanın hücumu tamamilə divara dirənib. Bu yarım ildə Rusiya heç Donetsk vilayətini də tam işğal edə bilməyib.

Volodimir Zelenski hələ də prezidentdir. Onun administrasiyası Kiyevə və Ukraynanın əksər ərazilərinə nəzarət edir. Ukrayna ordusu Qərbdən getdikcə daha çox müasir silahlar alır və Rusiya ordusuna və hərbi infrastrukturuna daha ağır zərbələr endirir. Ukrayna ordusu əks-hücuma hazırlaşır. Bir sözlə bəlli olub ki, bu müharibə hələ çox çəkəcək. Ukraynanın isə hələ martda fantastika kimi görünən qələbəsinin şansları gündən-günə artır.

Məqalədə deyilir ki, bütün bunlar ondan xəbər verir ki, beynəlxalq sanksiyalar və xarici şirkətlərin Rusiyanı könüllü boykotu da hələ uzun sürəcək.

Əgər lap möcüzə baş verib Kreml münaqişəni dondura bilsə də, bu heç nəyi dəyişməyəcək.

Sadə olmayan dilemma

İndi gündəlikdə çox da sadə olmayan dilemma var: Ya Moskva hərbi məğlubiyyətə uğrayır və Rusiyada hakimiyyət dəyişir, üstəlik denasifikasiya və demilitarizasiya artıq Rusiyanın özündə aparılır, ya da dünya iqtisadiyyatı Rusiya xammalı olmadan yaşamağa adət edərək Moskva üzərinə məhdudiyyətləri artırır.

Blantın fikrincə ilk baxışdan hətta belə müəyyənlik də, yazın əvvəllərində başlanmış qeyri-müəyyənlıik və xaosdan yaxşıdır.

Müxbir yazır ki, Qərb şirkətlərinin Rusiya bazarından gedişi əslində yayın ikinci yarısından başlanıb. Onlar buna qədər fəaliyyətlərini yalnız müvəqqəti dayandırdıqlarını bildirirdilər. Hətta işçi heyətlərinə ümid də vermişdilər. Rusiya bazarını, milyardlarla dollarlıq gəlirlərini itirmək istəmirdilər.

Bağlı brendlər
Bağlı brendlər

İndi bu ilyuziyalardan heç nə qalmayıb. Məhz bu səbəbdən də Rusiya İqtisadi İnkişaf Nazirliyi xəbərdarlıq etmişdi ki, ölkədə payızdan başlayaraq işsizlik artacaq.

İşçilərini heç də təkcə Rusiya bazarından gedən şirkətlər deyil, tam fəaliyyət göstərə bilməyən Rusiya şirkətləri də ixtisar edirlər.

Rusiyada tamamilə xarici ehtiyat hissələri təchizatından asılı olan avtomobil sənayesi kimi sahələr iflic vəziyyətinə düşməyə başlayır. Metallurgiya zavodlarında məhsuldarlıq 2009-cu il böhranı zamanında olduğu səviyyəyə düşüb.

Səbəb bu müəssisələrin üzərinə qoyulan sanksiyalar, xarici bazarlarda tələbatın azalması və ifrat dəyərləndirilən rubldur.

Rublun möhkəmlənməsi yaxşı xəbərdirmi?

Sonuncu faktoru – rublun möhkəmlənməsini həm Rusiya, həm də xarici mediada guya sanksiyaların işləməməsinin sübutu kimi göstərirlər.

Amma əslində, reallıqda Rusiya iqtisadiyyatının könüllü-məcburi devalyutizasiyası, Rusiyaya yüksək texnologiyalar verilməsinin qadağan edilməsi çox effektiv təsir göstərir.

Bugün Rusiyada nə dövlət, nə banklar, nə ixracatçı və idxalçılar, nə də adi vətəndaşlar dollar və avrodan tam faydalana bilmirlər.

Valyutaya tələbin azalmasına, rublun ifrat qiymətdirilməsinə də səbəb budur.

Dollarsız həyat
Dollarsız həyat

Sanksiyaların effektivliyinə gəlincə isə, iyun ayının nəticələrinə görə ötən ilin eyni dövrü ilə müqayisədə Rusiya iqtisadiyyatı 5 faiz geriləyib.

Sink tabutlarla artan ÜDM

Rusiya məmurları və ekspertləri az qala xorla deyirlər ki, mart-aprel aylarında daha acınacaqlı nəticələr göslənilirdi. Onlar bundan çıxış edərək iddia edirlər ki, Rusiya iqtisadiyyatı beynəlxalq sanksiyalara davamlı çıxıb.

Amma müəllifin firkincə, onlar nəzərə almırlar ki, bu nəticələrə müharibənin özü nə dərəcədə təsir göstərir. Hərbi xərclərin kəskin artması, işğal olunmuş ərazilərdə hansısa bərpa işlərinə xərclənən pullar hesablama zamanı ÜDM-ə daxil edilir.

Nə qədər kədərli səslənsə də, Ukraynanın cənunubda və şərqində humanitar vəziyyət dəhşətli şəkil aldıqca, Rusiya iqtisadiyyatının statistikası daha gözəl görünür.

Rusiya regionlarına göndərilən sink tabutların sayı artdıqca, həlak olanların yaxınları bir o qədər çox “qanpulu” alırlar və beləliklə də əhalinin “gəlirləri” artmış olur.

Kiyevə çatmayan tanklar
Kiyevə çatmayan tanklar

İndi Rusiyada işsizliyin ən aşağı həddə olduğunu deyirlər. Amma bu rəqəm nə firavanlığa, nə də iqtisadi inkişafa xidmət etmir.

Odur ki, Rusiyanı bürüyən böhranın dayaz olmasını söyləmək hələ çox tezdir.

Rusiya parçalana bilər

Müharibənin iqtisadi nəticələrini Kremlin hətta ən qatı təbliğatçıları da təhlil etməyə cəsarət göstərmirlər.

Yeri gəlmişkən, onlar iddia edirlər ki, Qərbin “düşüncəsiz” sanksiyaları onun özü üçün daha ağrılıdır. Onlar Rusiya tərəfindən süni şəkildə yaradılmış enerji böhranının Avropa üçün apokalipsisə çevriləcəyindən dəm vururlar.

Məqalədə deyilir ki, rusiyalılar Avropanın çətinliklərinə sevinməməlidirlər. Xammalın bahalaşması ilə yaranan iqtisadi kataklizmlər həmişə qənaət texnologiyalarının inkişafına təkan verir.

Odur ki, xammal qiymətlərinin artması Rusiyanın dünya iqtisadiyyatındakı yerinə və roluna heç bir təsir göstərə bilməyəcək. Rusiya xammal ixracatçısı kimi qalacaq, amma bu xammala ehtiyac ildən-ilə azalcaq.

Maksim Blant yazır ki, son nəticədə sistemli böhran, 1980-1990-cı illərdə olduğu kimi ictimai-siyasi sistemin dəyişməsinə, bəlkə də Rusiyanın mümkün parçalanmasına gətirib çıxaracaq.

Ən pisi də budur ki, indiki halda Rusiya sakinləri üçün yaxşı ssenari yoxdur. Əslində bu, artıq müharibənin üçüncü günündə bəlli idi.

XS
SM
MD
LG