Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:35

İsrail bayrağını öz həyətində yandırıb görüntüləri İrana göndərib: 'İnancıma görə eləmişəm...'


İsrail bayrağının yandırılması. Foto arxiv
İsrail bayrağının yandırılması. Foto arxiv

Azərbaycan İslam Partiyasının üzvü, partiya sədri Elçin Manafovun sürücüsü işləmiş Səbuhi Səlimov dövlətə xəyanət ittihamıyla həbsdədir. O, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edib Azərbaycanda iğtişaşlar törətmək məqsədilə onlardan pul almaqda suçlanır. Ancaq özü bu ittihamlarla razılaşmır, ittiham aktında yazılanları da "nağıl" adlandırır.

Cinayət işinin materiallarında iddia olunur ki, Səlimov İrana gedib, orada xüsusi xidmət orqanlarının əməkdaşlarıyla görüşüb, pul alıb. Onlar Bakıda İsrail səfirliyinin qarşısında etiraz aksiyası keçirmək, orada bu ölkənin bayrağını yandırmaq kimi tapşırıqlar veriblər.

Ürək əməliyyatına görə gedib, amma...

Səlimov İrana getdiyini də, İsrail səfirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərdiyini də təsdiqləyir. Amma bunu İranın xüsusi xidmət orqanlarının tapşırığıyla etməsi ittihamıyla razılaşmır. Deyir ki, İranda dəfələrlə olub. Əvvəllər xırda ticarətlə məşğul olduğuna görə qonşu ölkəyə gedib-gəlirdi. 2011-ci ildə isə ürək əməliyyatı ilə əlaqədar gedib. Həmin vaxt ailə üzvləri - həyat yoldaşı, övladları da onunla birlikdə olub. Lakin əməliyyat olunmadan geri qayıdıblar.

Cinayət işinin materiallarında onun bu səfər zamanı xüsusi xidmət orqanlarının əməkdaşlarıyla görüşdüyü, həmin şəxslərin onu və ailəsini oteldən çıxarıb qonaq evinə yerləşdirdiyi yazılıb. Özü də o səfərdə ailəsinin qaldığı yeri dəyişdiyini təsdiqləyib. Amma o bildirib ki, daha yaxşı şəraitə görə əvvəl qaldıqları yeri tərk ediblər: "İttihamda yazıblar ki, guya, mən Vəli Cabbari (ittihamnamədə xüsusi xidmət orqanının əməkdaşı kimi göstərilib – red.) ilə dəfələrlə görüşmüşəm. Guya, mən və ailəm İranda olarkən xərclərimizi onlar çəkib. Belə olmayıb. Mən onu bir dəfə onda görmüşəm. Heç xüsusi xidmət orqanının əməkdaşı olduğunu da bilməmişəm".

İsrail səfirliyi qarşısında "Qüds günü" aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

"Sadəcə öz hisslərimi ifadə eləmişəm"

İsgəndər adlı iranlının göstərişiylə Bakıda İsrail bayrağını yandırması məsələsinə gəlincə, Səlimov təsdiqləyib ki, səfirliyin qarşısında etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin ona icazə verilməyib. Belə olan halda aksiyanı öz həyətində keçirmək qərarına gəlib, ocaq qalayaraq bayrağı yandırıb. Üstəlik, bu prosesi videolentə alıb, görüntüləri İrana göndərib. Görüntülər olan flaşkartı İrana isə qızının əri vasitəsilə göndərib.

"O flaşkartda bayrağın yandırılması videosunun olduğunu bilmirdim. Mən bazarlığa görə İrana getmişdim. Onda qayınatam xahiş eləmişdi onu aparmağı. Mən də apardım", – Məmmədrza Məmmədrzayev məhkəmədə belə deyib.

Məhkəmədə Səlimovun özündən də soruşublar ki, başqa ölkənin bayrağını yandırıb bu görüntüləri İrana göndərməkdə məqsədi nə idi? Cavab verib ki, xüsusi məqsədi olmayıb, bunu pul qarşılığında da etməyib: "Sadəcə öz hisslərimi ifadə eləmişəm. Neyləmişəmsə, inancıma görə eləmişəm...".

İfadəni oxumadan imzaladığını deyib

İslam Partiyasının keçmiş sədr müavini, 2016-cı ildə dövlətə xəyanətdə suçlanaraq həbs edilmiş İnqilab Əhədov də bu məhkəmədə şahid kimi dindirilib. 5 il həbs cəzası alan Əhədov 1 il 8 ay öncə azadlığa çıxıb.

Səlimovu İslam Partiyasından sədrin sürücüsü kimi tanıdığını deyən Əhədov onun haqqında müsbət fikirlər səsləndirib. Deyib ki, özü həbsdə olduğu dövrdə ailəsinə dəstək olub, ərzaq yardımı edib.

Bu zaman Əhədova xatırladıblar ki, istintaqdakı ifadəsində fərqli fikirlər yer alıb. "Səlimov Azərbaycan İslam Partiyasından maaş alırdı, bu partiyanı isə İranın xüsusi xidmət orqanları maliyyələşdirir...", - sözügedən ifadədə yazılıb.

Əhədov belə bir ifadə vermədiyini, müstəntiqin yazdığını oxumadan imzaladığını söyləyib.

Səlimovun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar davam edir. Onun ittiham olunduğu CM-in 274-cü maddəsində 12 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG