Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:17

İrandan gələn sürücü: 'Onlar deyir ki, hökumət heç bir problemimizi həll etməyib'


Sərhədyanı mağazalarda elə də alıcı yoxdur.
Sərhədyanı mağazalarda elə də alıcı yoxdur.

Astara rayonundan İrana piyada yol Astara şəhərin mərkəzindən, nəqliyyat yolu isə dənizkənarı pakın yanından keçir. Sərhəd-gömrük məntəqəsinin önündə İran Astarasından gələn azan səsini eşitmək olur. Piyada keçiddə sakitlikdir.

"Bəzi mallarda bahalaşma var"

Astara gömrük məntəqəsinin qapısına qədər taksilər düzülüb. Yolun hər iki tərəfində mağazalar yerləşir. Mağazalarda, əsasən, İrandan gətirilən istehlak malları satılır. Mağaza sahiblərindən birinin sözlərinə görə, İranda baş verən etirazlar onların işinə də təsir göstərir: "Onsuz da mallar əvvəlki kimi keyfiyyətli deyil. Bəzi mallarda bahalaşma var. Adətən İrandan gələn malların qiyməti mart ayında qalxır. İrandan gətirilən malları da monopoliyaya alıblar. Əvvəllər oradan satış üçün gündə üç-dörd maşın yük gətirirdilərsə, indi 10-15 maşın gətirirlər".

Astara gömrükxanasına gedən yolda taksilər düzülüb.
Astara gömrükxanasına gedən yolda taksilər düzülüb.

Onun deməsinə görə, 2020-ci ilin fevralında koronavirusla bağlı İranla sərhəddə qapılar piyadaların üzünə bağlanandan sonra vəziyyət pisləşməyə doğru gedib: "İndi də İranda xalq etiraza qalxıb, nə olacaq, bilmirik".

"Nə gətirirlər alırıq, vururuq anbara"

Başqa bir satıcı isə bunları deyir: "Deyirlər ki, İranda zavodlar, fabriklər dayanıb. Adamlar küçədədirlər. Ona görə oradan nə gətirirlər alırıq, vururuq anbara. Ərzaqdan başqa İrandan hansı malı istəyirsən gətirirlər. Gömrük qulağımızın dibindədir. İrandan neçə nəfər gəlir-gedir, bilirik. Etirazlar başlayandan İrandan gələn adamların sayı azalıb. Gələnlər də, əsasən, iş adamları olur. İran barəsində onlardan soruşanda deyirlər ki, hamı küçədədir. Amma İran Astarasında sakitlikdir".

Mağazalarda İrandan gələn istehlak malları satılır.
Mağazalarda İrandan gələn istehlak malları satılır.

Verilən məlumatlara görə, bu yaxınlarda İranda 22-yaşlı gənc Məhsa Amini soyadlı xanımı əxlaq polisinin saxlaması və daha sonra onun ölümü kütləvi etirazlara səbəb olub. İranın bir çox əyalətlərini bürüyən etiraz aksiyalarında indiyə kimi onlarca şəxsin həlak olduğu bildirilir.

"Məni çörəyim maraqlandırır"

Astara sərhəd-keçid məntəqəsinin önündə taksi sürücülərindən biri də deyir ki, İrandan gələnlər çox azalıb: "İranın hayında deyiləm, məni çörəyim maraqlandırır. Bir həftədir burda durmuşam".

Nəqliyyat yolunda sıxlıq var. Sıraya düzülmüş yük maşınları, əsasən, Rusiyaya məxsusdur. İrandan tərəvəz və meyvə gətirirlər. Sürücülər danışır ki, İranda etirazlar başladığı gündən maşınların gediş-gəlişi ləngiyir. Deyirlər ki, buna səbəb İran tərəfidir. Vurğulandığına görə, İran gömrüyü maşınları bir neçə dəfə yoxlayır.

İrana gedən yük maşınlarının növbəsi
İrana gedən yük maşınlarının növbəsi

"Qorxdum ki, ...sərhədi bağlayarlar"

İranda yükü boşaldıb geriyə qayıdan sürücünün sözlərinə görə, orada narahatlıq var: "Adətən İranın yük maşınları Azərbaycan ərazisində sərbəst şəkildə hərəkət edə bilirlər. Azərbaycanın yük maşınlarını isə İran gömrüyündən kənara buraxmırlar. Amma maşınsız gömrükdən çıxa bilirik. İran Astarasında sakitlikdir. Şəhərdə polis və hərbiçiləri gördük. Əhalidə isə narazılıq var. Onlar deyir ki, bu hökumət bizim heç bir problemimizi həll etməyib. Qorxdum ki, nə isə başa verər, sərhədi bağlayarlar".

Astara rayonunun Ərçivan qəsəbə sakini, ictimai fəal Vaqif Əhmədoğlu da İranda baş verən hadisələrdən xəbərdar olduğunu söyləyir: "İran qonşu dövlətdir, biz də onunla sərhəddə yerləşirik. Təkcə Astaradan 17 qız iranlı ilə ailə qurub, onlar İranda yaşayırlar. Qarşılıqlı əlaqələr var".

Yazıda səslənən fikirlərlə bağlı Azərbaycan və İranın gömrük orqanları ilə danışmaq mümkün olmayıb. Amma Azərbaycanın rəsmi qurumları gömrükdə monopoliya yaradılması ilə bağlı şikayətləri, bir qayda olaraq, əsaslı saymırlar.

XS
SM
MD
LG