Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:12

Azərbaycan prezidenti: 'Bizim tərəfimizdən bu cəhdlər rədd edildi'


Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?

"Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb". AZƏRTAC-ın xəbərinə görə, bunu oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib. O, sonra Rusiya tərəfinin səylərindən bəhs edib: "…Mən bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi, bəziləri bunu başqa ölkələrə aid edirlər ki, bu da tamamilə əsassızdır. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim kimi, dayandırıldı".

Prezident daha sonra oktyabrın 6-da keçirilən dördtərəfli görüşə də toxunub. Onun sözlərinə görə, bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub: "Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı iki ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi".

Azərbaycan prezidentinin vurğulamasına görə, buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək.

Xankəndindəki etirazçılar: 'Araik Arutunyana etibar etmirik'
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Bakıdan Makrona cavab

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Prezidenti Emmanuel Makrona cavab verib.

"Fransa Respublikasının Prezidenti Emmanuel Makronun... tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir və Fransa dövlət başçısının Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamları rədd edirik", - XİN-in açıqlamasında bildirilir.

Cavabda qeyd edilib ki, Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altında alır.

Fransa uzun müddət Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında vasitəçilik etmiş ATƏT-in Minsk qrupunda həmsədrlərdən (digərləri ABŞ və Rusiyadır) biridir.

Putin Əliyevlə Paşinyanı Rusiyada görüşə çağırır

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiya Federasiyasında görüşməyə dəvət edib. Rusiya mediası Putinin Astanada MDB dövlət başçıları Şurasındakı çıxışında belə bir təkliflə çıxış etdiyini yazır.

Putin qeyd edib ki, Moskva daima Qarabağ daxil olmaqla istənilən münaqişənin tənzimlənməsinə səmimiyyətlə çalışıb.

Fransa Prezidenti Emmanuel Makron bir gün öncə Rusiyanı Qarabağ münaqişəsindən Cənubi Qafqazda sabitliyi pozmaq üçün yararlanmaqda ittiham edib. Putin isə bu bəyanatı qeyri-dəqiq və qəbuledilməz adlandırıb.

Putin deyib ki, “Fransa prezidentinin bəzi fikirlərini təəccüblə oxuyub”.

“Hesab edirəm ki, bu bəyanatlardan münaqişənin gedişatının anlaşılmadığı üzə çıxır. Ona görə də onlar qeyri-korrekt, hətta deyərdim ki, təhrif olunmuş səslənir, qəbuledilməzdir”, – Putin bildirib.

Aİ müşahidəçilərinin ilk qrupu bu gün Yerevana gedir

Bu gün – oktyabrın 14-də Avropa İttifaqı müşahidəçilərinin ilkin qrupu Yerevana gedir. Bu haqda blokun Cənubi Qafqaz və böhran üzrə xüsusi təmsilçisi Toivo Klaar Twitter-də məlumat yayıb.

“Avropa İttifaqının 27 üzv ölkəsi Ermənistanın sorğusuna operativ reaksiya verdi. Aİ missiyasının məqsədi sərhəddə vəziyyəti müşahidə etmək, Ermənistan-Azərbaycan münasibətlərinin sabitləşməsinə dəstək göstərməkdir”, – Klaar yazıb.

Sərhədə Aİ-nin mülki missiya göndərməsi haqda razılıq ötən həftə Ermənistan, Azərbaycan, Fransa və Aİ liderlərinin Praqa görüşündə əldə olunub.

Bugünlərdə bəlli olub ki, Aİ Ermənistana texniki qrup göndərir.

Rusiyanın başçılıq etdiyi KTMT də Azərbaycan-Ermənistan sərhədinə missiya göndərməyə hazırdır. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

Xatırlatma

Yerevan ötəy ay sərhəddə qanlı toqquşmalardan dərhal sonra KTMT-dən kömək istəsə də, blok Ermənistana faktaraşdırıcı missiya göndərdi.

Həmin toqquşmalarda Azərbaycan 79, Ermənistan azı 207 hərbçisinin həlak olduğunu açıqlayıb. Ermənistan Azərbaycanı özünün suveren ərazisinə girməkdə ittiham etsə də, Azərbaycan bu ittihamları rədd edir, sərhədlərin delimitasiya olunmadığını əsas gətirir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Qarabağda ermənilərin yaşadığı yerlərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi imzalamayıblar.

İki ölkə rəsmiləri ilin sonunadək sülh sazişinin imzalanacağını istisna etmirlər.

XS
SM
MD
LG