Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:52

Baydeni Rusiya ilə danışıqlara çağıran məktub geri götürüldü


Volodimir Zelenski Berlin konfransında çıxış edir
Volodimir Zelenski Berlin konfransında çıxış edir

Zelenski bu gün Ukraynanın bərpası üzrə konfransda deyib ki, Rusiya raketləri və İran dronları Ukraynanın enerji sektorunun üçdə birini dağıdıb

ABŞ Konqresindəki Mütərəqqi Qrup Ağ Evi Ukrayna müharibəsinin danışıqlarla sona çatdırılmasına çağıran məktubunu geri götürüb.

Bu qrupa daxil 30 demokrat millət vəkilinin məktubu prezident Co Baydeni müharibənin başa çatdırılması üçün Rusiya ilə “birbaşa diplomatiyaya” çağırırdı. Məktub oktyabrın 24-də ictimailəşdirilmişdi.

Məktubda deyilirdi ki, Konqresin Ukrayna üçün təsdiqlədiyi yardımlar “Birləşmiş Ştatların bütün mümkün variantların ciddi şəkildə araşdırılması üçün məsuliyyət yaradır”.

Qrupun rəhbəri, millət vəkili Pramila Cayapal oktyabrın 25-də verdiyi bəyanatda bildirib ki, bu məktubun qaralaması bir neçə ay bundan əvvəl yazılıb və yoxlanmadan ictimailəşdirilib.

Cayapal buna görə məsuliyyətini qəbul etdiyini bildirib.

O təəsüfləndiyini bildirib ki, məktub Nümayəndələr Palatasında respublikaçı azlığın lideri Kevin Makkartninin bəyanatına dəstək təəssüratı yaradıb.

Makkartni bu ayın əvvəllərində demişdi ki, 8 noyabr seçkisində respublikaçılar qalib gəlsələr, Ukraynaya heç bir təftişsiz yardım olmayacaq.

"Ermənistanın 127 kv kilometr ərazisini itirmişik"
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Bəzi demokrat millət vəkilləri bu məktubdan hətta Cayapalın bəyanatından əvvəl imtina etmişdilər.

Demokrat konqresmen Ruben Qalleqo oktyabrın 24-də Twitter-də yazmışdı:

"Müharibəni sona çatdırmağın yolu nədir? Tez qalib gəlmək. Necə tez qalib gəlmək? Ukraynaya Rusiyanı məğlub etməsi üçün silahlar verməklə!”

Aİ Ukraynanı enerjisiz qoymamağa çalışır

Avropa İttifaqı Ukraynaya onun enerji təchizatı sisteminin bərpası üçün 1 milyard avro məbləğində təcili yardım ayıracaq.

Bunu oktyabrın 25-də Berlində Ukraynanın bərpasına həsr olunmuş konfransda Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib.

Onun sözlərinə görə Rusiya Ukraynanın mülki infrastrukturunu və energetikasını hədəfləyir:

"Buna görə də biz Ukrayna ilə onun ifrastrukturunun bərpası üzərində işləyirik və ona təcili yardım kimi 1 milyard avro verəcəyik. Biz artıq Ukraynaya 400 elektrik generatoru çatdırmışıq”.

Avropa Komissiyasının rəhbəri bunu da qeyd edib ki, Ukraynanın bərpası üçün bütün qüvvələrin, o cümlədən beynəlxalq təsisatların, özəl sektorun və vətəndaş cəmiyyətinin köməyi lazımdır.

Hazırda ukraynalılardan elektrik enerjisinə qənaət etmələri rica olunub. Bu, vahid elektrik sisteminin sabitləşdirilməsinə kömək edərdi. Vətəndaşlara bu da bildirilib ki, elektrik kəsintilərində fasilələr arta bilər. Ölkənin ən böyük enerji şirkəti DTEK bildirib ki, kəsintilər elektrik təchizatının tam bərpasına qədər davam edə bilər.

30 demokrat Baydeni Ukraynaya görə danışıqlara çağırıb

ABŞ Nümayəndələr Palatasının 30 üzvü Prezident Co Baydeni Rusiyanın Ukraynaya qarşı müharibəsini danışıqlar yoluyla bitirmək üçün “birbaşa diplomatiya aparmağa” çağırıb.

Baydenin Demokrat Partiyasının üzvləri olan bu konqresmenlərin prezidentə oktyabrın 24-də göndərdiyi məktubda müharibəni dayandıracaq danışıqlara dəstək ifadə olunur.

Amerikanın məsuliyyəti

Məktub müəllifləri qeyd edirlər ki, Rusiyanın Ukraynaya qarşı “azğın və qanunsuz” işğalı, Ukrayna vilayətlərini qanunsuz ilhaqı fonunda Moskvayla əməkdaşlıq xülyasına qapılmayıblar.

“Ancaq azad və müstəqil Ukraynanı qoruyub saxlamaqla bu müharibəni bitirməyin bir yolu varsa, Ukrayna xalqı üçün məqbul bir həll yoluna dəstək və bundan ötrü hər bir diplomatik fürsətdən istifadə Amerikanın boynuna düşür”, – məktubda deyilir.

Konqresmenlər müharibənin Ukraynaya və dünyaya vurduğu ziyanı, onun katastrofik eskalasiya riskini də qeyd edirlər.

“Ukrayna barədə Ukraynasız heç nə etmirik”

Dövlət Departamentinin sözçüsü Ned Prays məktub haqda deyib ki, Birləşmiş Ştatlar Ukraynanı hərbi baxımdan dəstəkləyir ki, bu ölkə danışıqlarda “mümkün ən güclü mövqedə olsun”. O, rusiyalıların diplomatiya və dialoqa hazır olmasının əlamətinin görünmədiyini sözlərinə əlavə edib.

Ağ evin mətbuat katibi Karin Jan-Pyer isə ayrıca deyib: “Çox aydın şəkildə bildirmişik: “Ukrayna barədə Ukraynasız heç nə etmirik”.

Kremlin sözçüsü Dmitri Peskov bu ayın əvvəlində Moskvanın Kiyevlə danışıqlara açıq olduğunu bildirmişdi.

“Rusiya hər şeyi dağıdır”

Ancaq Rusiya ayın əvvəlində Ukraynanın şəhərlərinə və enerji infrastrukturuna dron zərbələri endirməyə başlayanda Prezdent Volodimir Zelenski rusiyalı həmkarı Vıadimir Putinlə birbaşa danışıqları rədd elədi.

Zelenski bu gün Ukraynanın bərpası üzrə konfransda deyib ki, Rusiya raketləri və İran dronları Ukraynanın enerji sektorunun üçdə birini dağıdıb.

“Rusiya hər şeyi dağıdır və qışdan çıxmağımız çətinləşir”, – Zelenski Berlində keçirilən konfransda videoəlaqə ilə çıxışında deyib. Konfransda Almaniyanın Kansleri Olaf Şolts və Avropa Komissiyasının başçısı Ursula von der Leyen də iştirak edir.

Dünya Bankı Ukraynaya dəyən ziyanı 350 milyard avro (345 milyard dollar) həcmində dəyərləndirib.

XS
SM
MD
LG