Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:34

Ukraynadan rekord həcmdə taxıl yola salınıb


Ukrayna taxılını daşıyan gəmi Qara dənizdə, 30 oktyabr, 2022-ci il
Ukrayna taxılını daşıyan gəmi Qara dənizdə, 30 oktyabr, 2022-ci il

Oktyabrın 31-də Ukrayna limanlarından rekord həcmdə – 354 min ton kənd təsərrüfatı məhsulu yola salınıb. Məlumatı Odessa hərbi administrasiyasının sözçüsü verib.

Bir gün öncə Rusiya Kiyevi Qara Dəniz donanmasına dron hücumundan ittiham edərək taxıl sazişindən çıxıb. Ukrayna isə ittihamları rədd edib.

Artıq planlaşdırılan 40 gəmi təftişindən ilk hissəsinin tamamlandığı xəbər verilir. Qara dənizdə hərəkəti razılaşdırılan 16 gəminin 12-si Ukraynadan çıxmalı, dördü isə onun limanlarına yan almalıdır. İnfrastruktur naziri Oleksandr Kubarkov 12 gəminin Ukrayna limanlarını tərk etdiyini açıqlayıb.

Gəmilərdə təftişi BMT və Türkiyə təmsilçiləri aparır.

Taxıl sazişinin əsas memarlarından biri, Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan oktyabrın 31-də deyib ki, Rusiyanın razılaşmadan çıxmasına baxmayaraq, Ukrayna ilə taxıl sazişini qüvvədə saxlamaq səylərini “qətiyyətlə” davam etdirəcəklər.

“Rusiyanın tərəddüdlə hərəkət etməsinə baxmayaraq… bəşəriyyətə xidmət səylərimizi qətiyyətlə davam etdirəcəyik”, – Ərdoğan televiziya ilə çıxışında söyləyib.

Moskvanın addımından sonra Çikaqoda buğda fyuçersləri oktyabrın 31-də 6 faiz, qarğıdalı isə 2 faizdən çox bahalanıb.

+++

BMT, Türkiyə və Ukrayna Qara dənizdə 16 gəminin hərəkətini razılaşdırıblar. Söhbət Ukrayna taxılının ixracı üzrə razılaşmadan gedir. Gəmilər Türkiyənin ərazi sularındadır. Məlumatı “Reuters” yayıb.

Razılaşma Rusiyanın iştirakı olmadan əldə edilib. Bir gün öncə Moskva taxıl sazişindən çıxdığını açıqlayıb. Həmin razılaşma Ukrayna limanlarından məhsul daşınmasına imkan verirdi.

Rusiyalı çağırışçılar: "Ukraynaya ölümə getmək istəmirik"
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Ukrayna limanlarından çıxan 40 gəmidə təftiş aparılması üzrə razılıq əldə olunub və bu haqda Rusiya nümayəndə heyətinə məlumat verilib. Bəyanatı İstanbulda yerləşən, Rusiya, Ukrayna və Türkiyə təmsilçilərinin çalışdığı Birgə Koordinasiya Mərkəzi yayıb.

Mərkəzdəki rusiyalı mənbənin RİA Novosti agentliyinə dediyinə görə, bu üçtərəfli razılaşma heç bir öhdəlik yaratmır.

BMT bildirir ki, avqustun 1-dən oktyabrın 28-dək Ukrayna limanlarından 9 milyon tondan çox taxıl və digər ərzaq məhsulları daşınıb. BMT və Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında taxıl sazişi iyulun 22-də bağlanıb.

+++

Ukraynanın Kiyev və digər vilayətləri oktyabrın 31-də yenidən Rusiya qüvvələrinin hücumuna məruz qalıb. Şahidlər paytaxtda bir neçə partlayış baş verdiyini, şəhərin üzərinə tüstü dalğası örtdüyünü deyirlər.

Cənubi Marhanets şəhərində yaşayış binaları və bir məktəb Rusiyanın Qrad raketləri ilə vurulub, 31 yaşlı bir qadın həlak olub.

Kiyev vilayətinin qubernatoru Oleksey Kuleba paytaxtda havadan müdafiə sistemlərinin işə salındığını deyib. Mərkəzi Vinnitsya şəhəri də raket atəşinə tutulub.

Kiyevin meri Vitali Kliçko səhər zərbələrindən sonra paytaxtda bəzi yerlərin işıqsız qaldığını bildirib.

Xarkova da raket atılır

Xarkovun meri İqor Terexov ölkənin ikinci ən böyük şəhərində “vacib infrastruktur obyekti”nə iki raket atıldğını söyləyib.

Oktyabrın 31-də səhər Poltava və Kirovoqrad şəhərlərinə hava zərbələri endirildiyi, ölkə boyunca hava həyəcanı verildiyi bildirilir.

“Rusiyalı luzerlər mülki obyektlərlə müharibəni davam etdirirlər”, – Prezident Volodimir Zelenskinin aparat rəhbəri Andrey Yermak “Telegram”da yazıb.

Rusiya qüvvələri bir neçə həftədir Ukraynada mülki infrastruktura dron, artilleriya zərbələri endirir, dinc sakinlər arasında itkilər baş verir. Ukraynanın enerji infrastrukturunun 40 faizdən çoxu dağıdılıb. Kiyevdə və başqa yerlərdə elektrik kəsilib.

Rusiya taxil sazişindən çıxıb

Son hücumlardan öncə, oktyabrın 29-da Rusiya Ukraynanı Sevastopol yaxınlığındakı Qara dəniz donanmasına 16 dronla hücumda ittiham edib.

Moskva həmçinin bəyan edib ki, Ukraynadan taxıl ixracına imkan verən razılaşmada iştirakını dayandırır. Sözügedən razılaşma BMT-nin vasitəçiliyi ilə əldə olunub.

Ukrayna Rusiyanın ittihamlarını rədd edib.

Moskva BMT-nin Təhlükəsizlik Şurasından bazar ertəsi yığışaraq hücumu müzakirə etməyi xahiş edib. “Reuters” bu xəbəri müstəqil təsdiqlədə bilməyib.

Ukraynanın şərqi Donetsk vilayətində isə Baxmut şəhəri yaxınlığında ağır döyüşlər gedir. Avdiyevka və Uhledar ətrafında Rusiyanın hücumlarının dəf olunduğu xəbər verilir.

XS
SM
MD
LG