Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:51

Gələn ilin dövlət büdcəsində nələr çatmır?


Dövlət dotasiyaları, investisiyaları ayrılan, amma yenə də zərərlə işləyən dövlət qurumları
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Dövlət dotasiyaları, investisiyaları ayrılan, amma yenə də zərərlə işləyən dövlət qurumları

Hesablama Palatası gələnilki dövlət büdcəsinin layihəsi haqqında rəyini açıqlayıb. Xatırlatmağa dəyər ki, 2023-cü ildə Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 30.7 milyard manat, büdcə xərclərininsə 33.3 milyard manat olması nəzərdə tutulub. Deməli, hökumət gələn ilin büdcəsində 2.6 milyard manat defisit proqnozlaşdırılır. 2023-cü ildə dövlət büdcəsinin gəlirləri bu illə müqayisədə 5.2 faiz, xərcləri isə 3 faiz daha çox olacaq. Gələnilki büdcənin istər gəlirləri, istərsə xərcləri indiyədək manat ifadəsində ən böyük göstəricilərlə ifadə edilib. Büdcə gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb. Bir çox beynəlxalq təşkilatın (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, "Goldman Sachs" və s.) 2023-cü ildə neft qiymətləri ilə bağlı proqnozu 85-108 dollar arasında dəyişir. Bu baxımdan, növbəti il enerji qiymətləri gözləniləndən daha yüksək olarsa, bu, Azərbaycanın dövlət büdcəsi gəlirlərini daha da artıra bilər.

Baza göstəriciləri açıqlanmayıb

Hesablama Palatasının rəyində büdcə layihəsindəki çatışmazlıqlara da diqqət çəkilib. Palatanın rəyinə görə, bu çatışmazlıqlardan biri makroiqtisadi proqnozlar hazırlanarkən istifadə edilən bilgilərin açıqlanmamasıdır. Palatanın fikrincə, sözügedən çatışmazlıq makrofiskal təhlillərin aparılmasına təsir göstərir. Üstəlik, istər "Büdcə sistemi haqqında" Qanunda, istərsə "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda həmin göstəricilərin büdcə layihəsində əks etdirilməsi tələbi var. Ancaq hər iki hüquqi aktda bu göstəricilərin tərkibi haqqında tələb müəyyənləşdirilməyib. Palatanın qənaətincə, qanunvericilikdə bununla bağlı konkret tənzimlənmənin olmaması "Büdcə zərfi"nin tərkibinə daxil edilən makroiqtisadi parametrlər siyahısını dəyişdirə bilir.

Əvvəlki illər üzrə təqdim edilmiş zərflərin də təhlili göstərir ki, "Büdcə zərfi"nə daxil edilən sosial iqtisadi göstəricilərin proqnozları barədə bəzi məlumatlar əvvəlki illərlə müqayisədə azalıb. Bu il üzrə gözlənilən rəqəmlər barədə də bilgi verilməmişdi. Bu da makrofiskal təhlilin gerçəkləşdirilməsini və bəzi göstəricilər üzrə 2022-2023-cü illərə dair müqayisənin aparılmasını mümkünsüz edib.

İnflyasiya gözləniləndən çox olacaq

Hesablama Palatası gələn ilin büdcə layihəsində inflyasiya göstəricisi ilə bağlı məqama da diqqət çəkib. "2022-2026-cı illərin sosial-iqtisadi inkişaf Strategiyası"nda Azərbaycanda illik inflyasiya göstəricisinin 4±2 faiz intervalında qorunacağı hədəf sayılıb. Di gəl, orta illik inflyasiyaya dair proqnoz məlumatlarının təhlili göstərir ki, həmin illərdə hər il orta hesabla 6.2 faiz inflyasiya qeydə alınacaq. Ayrıca gələn ilin inflyasiya proqnozu 6.9 faizdir və bu, hədəfin yuxarı həddindən bir qədər çoxdur. Bu da var ki, bəzi beynəlxalq qurumların Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarında inflyasiya göstəricisi daha yüksək göstərilir. Məsələn, Beynəlxalq Valyuta Fondunun gələn il üçün inflyasiya proqnozu 10.8 faizdir. Xatırlatmağa dəyər ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk doqquz ayında Azərbaycanda qeydə alınan illik inflyasiya göstəricisi 13.4 faizə bərabər olub.

Palata öz rəyində hökumətin yalnız optimist ssenari açıqlamasını da tənqid edib. Qurum yada salır ki, 2022-ci ilin büdcəsi hazırlanarkən də inflyasiyanın 4 faiz olacağı bildirilmişdi. Ancaq dövlət büdcəsinə yenidən baxılan zaman həmin rəqəm 12.5 faizə yüksəldilmişdi. Bu baxımdan, Hesablama Palatası gələn ilin dövlət büdcəsində də təkcə optimist ssenarinin (təkrəqəmli inflyasiya halı) nəzərə alınmasını çatışmazlıq sayıb.

İlin sonunda inflyasiya yüksələ bilər

Hesablama Palatası büdcə layihəsinə dair rəyində qiymət artımlarına da toxunub. Qurum ölkədə qiymətlərin ötən illərlə müqayisədə yüksək olmasının əsas səbəbinin idxal edilən məhsullardakı yüksək bahalaşmadan qaynaqlandığını bildirib. İlboyu manatın səviyyəsinin dəyişməz qalması və Mərkəzi Bankın notlar vasitəsi ilə ilin əvvəliylə müqayisədə pul kütləsini azaltması bahalaşmanı nisbətən səngidən amillər kimi qiymətləndirilib. Ancaq Palatanın fikrincə, dövlət büdcəsinin vahid xəzinə qalığının il sonunadək xərclənməsi inflyasiyanı artıra bilər. Belə ki, bu ilin yanvar-avqust aylarında vahid xəzinə hesabının sərbəst qalığı ötən ilin sonu ilə müqayisədə 2 milyard 177 milyon manat artaraq 3 milyard 446 milyon manata yüksəlib. Həmin dövr ərzində dövriyyədə olan nağd pulların həcmi ilin əvvəliylə müqayisədə 1 milyard 205 milyon manat artıb. Banklardakı müxbir hesabları 3 milyard 106 milyon manat azalıb. Bu hal xəzinə qalığının artması ilə izah edilə bilər. 2022-ci ilin ilk səkkiz ayının nəticələrinə görə, vahid xəzinə qalığının həcmi 3 milyard 446 milyon manatdır. Bu üzdən, Hesablama Palatası öz rəyində bildirir ki, həmin vəsaitin ilsonunadək xərclənməsi pul kütləsi təklifini artıra, bu da inflyasiya səviyyəsini yüksəldə bilər. Azərbaycanda büdcə xərcləri ilin son rübündə daha çox olduğundan ilin son aylarında və növbəti ilin ilk aylarında ölkədə inflyasiya göstəricisi daha yüksək həddə çatır.

XS
SM
MD
LG