Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

Azərbaycanda 4 ildir elektromobil istehsalından danışılır, prezident xaricə sifariş verir


Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin "TOGG" şirkəti tərəfindən istehsal olunan ilk elektrik avtomobillərin təqdimatında.
Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin "TOGG" şirkəti tərəfindən istehsal olunan ilk elektrik avtomobillərin təqdimatında.

Türkiyədə artıq elektrik avtomobili istehsal edilərək satışa çıxarılır. Türkiyə prezidentinin sözlərinə görə, Azərbaycan prezidenti də onlardan iki ədədinin sifarişini verib.

Nə 2018-ci illə bağlı vəd doğruldu, nə də …

Azərbaycanda da illərdir belə avtomobil istehsalına başlanılacağı deyilirdi. Hətta 2018-ci ildə Naxçıvan Avtomobil Zavodunda bu tipli avtomobillərin istehsalına hazırlıq işlərinə başlandığı açıqlanmışdı. Üstəlik, modellərin adları da müəyyənləşdirilmişdi – "Lifan 330" və "Lifan 650". Lakin sonra bu layihə baş tutmadı.

Amma bu ilin iyununda da Naxçıvan Avtomobil Zavodunda Çin markası pikap və elektromobillərin yığılmasına başlanılacağı deyildi. Müəssisədən bildirilirdi ki, orada ilk dəfə olaraq bu ilin sentyabrından "ZX Avto" markasına aid pikapların yığılması planlaşdırılır və avtomobilin hissələri, əsasən, Çindən gətiriləcək.

Naz-Lifan sürücüsü: "Prezidentin bu maşından xəbəri yoxdur"
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Elektromobil istehsalına gəlincə, qeyd olunmuşdu ki, nümunə üçün artıq yeddi-səkkiz Çin markası Azərbaycana gətirilib. Amma istehsal ediləcək marka təsdiqlənməyib.

Hələlik, bu məsələlərə həmin müəssisənin özündən izah almaq mümkün olmayıb.

Elektromobillərə tələbat artıb

Rəsmi rəqəmlər isə Azərbaycanda elektrik avtomobillərinə tələbatın artdığını göstərir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 744 milyon ABŞ dolları dəyərində 55 min 199 müxtəlif təyinatlı avtomobil idxal olunub. Bunlardan 51 min 55-i minik, 8 min 999-u hibrid mühərrikli, 301-i isə elektrik mühərrikli avtomobillər olub. Ötən ilin həmin dövrü ilə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayı 16, hibrid avtomobilləri 2.5 faiz azalsa da, elektromobillərin sayı 3.2 dəfə artıb.

Qanunvericiliyə əsasən, 2019-cu ildən yalnız elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələri idxal zamanı Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunub. 2021-ci ildən isə ölkə ərazisində belə avtomobillərin satışı zamanı 18 faizlik ƏDV də ödənilmir.

A.Badamov
A.Badamov

"Biz də gələcəkdə…"

Milli Məclisin deputatı Azər Badamov "Turan"a bildirib ki, indi elektrik avtomobilləri istehsal edən ölkələr dünyada barmaqla sayılar. O hesab edir ki, bu avtomobillərin istehsal prosesinin təşkili heç də asan deyil: "Bunun üçün müasir texnologiyaların gətirilməsi, istehsal proseslərinin qurulması istiqamətində işlər görülməlidir. Bizim çoxlu sənaye parklarımız ərsəyə gəlib, o cümlədən Ağdam Sənaye Parkı. Orada son günlərdə yeni dörd rezident qeydiyyata alınıb, rezidentlərin sayı 11-ə çatıb. Onların fəaliyyəti müasir texnologiyalar üzərində qurulub".

Deputat ümid edir ki, Ağdam Sənaye Parkının imkanları genişləndikcə orada yeni bir rezident elektrik avtomobillərin istehsalına üstünlük verəcək.

R.Həsənov
R.Həsənov

"Elektrik avtomobillərin istifadəsi genişlənməlidir"

İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda bugünə qədər bu istiqamətdə göstərilən təşəbbüslər özünü tam olaraq doğrultmayıb: "Xüsusilə də nəzərə alsaq ki, Azərbaycanda atmosferin çirklənməsində ən ciddi problem məhz fərdi avtomobillərin istifadəsindən yaranır və atmosferə tullantıların 90 faizini təşkil edir. Halbuki, ölkə öhdəlik götürüb ki, 2035-ci ilə qədər atmosferə atılan tullantılar 35-40 faiz azaldılacaq".

İqtisadçının sözlərinə görə, belə olan halda ölkədə elektrik avtomobillərin istifadəsi genişlənməlidir: "Amma bu təşəbbüslər yerli istehsalın hesabına nə qədər özünü doğruldacaq, bunu demək çox çətindir. Elektrik avtomobillər ənənəvi avtomobillərlə müqayisədə daha mürəkkəb kombinasiyalı bir modeldir".

"Yerli bazara xarici investorlar daxil olacaqsa…"

Ekspertin fikrincə, yerli bazara xarici investorlar daxil olacaqsa, vəziyyət dəyişə bilər: "Amma Azərbaycanda avtomobillərin istehsalı ilə bağlı biznes mühiti digərlərdən o qədər də fərqlənmir. Ölkədə iqtisadiyyatın idarə edilməsinə yanaşma dəyişməlidir. Burada məhkəmə hüququndan tutmuş, mülkiyyət hüququnun müdafiəsi, liberal bazar iqtisadiyyatına keçid, gömrük prosedurlarının, investisiya repatriasiyası prosesinin sadələşdirilməsinə qədər məsələlərdə islahatlar getməlidir".

XS
SM
MD
LG