Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:24

‘Heç kim bizə qulaq asmır’. Rusiyada qadınların etirazı


Novosibirskdə etiraz aksiyası, 24 fevral, 2022-ci il
Novosibirskdə etiraz aksiyası, 24 fevral, 2022-ci il

Bu ay Sankt-Peterburqda Qərb hərbi dairəsinin qərargahı qarşısında onlarla qadın bir neçə gün Rusiya hərbi qurumlarını hökumətin verdiyi vədə əməl etməyə çağırıb. Hökumət yeni çağırışçıların Ukraynaya və Ukrayna ilə sərhəd ərazilərə göndərilməyəcəyi vədi vermişdi.

Çarəsizlik aktı

Etirazçı qadınlar hər gün beş saat gözləsələr də, heç kim qapını açıb onlarla görüşməyib və onların yazılı müraciətini qəbul etməyib.

"Heç kim bizə qulaq asmır. Problemlərimiz onları maraqlandırmır. İki aydır ki, onların qapılarını döyürük. Bu etiraz çarəsizlik aktıdır”, – Sibirin Tomsk kəndindən bu aksiyada iştirak etmək üçün gələn Viktoria Sannikova deyir.

Nəhayət noyabrın 15-də baş qərargahın qapıları açılıb və qadınlar içəri salınıb. Onlar dövlət rəsmilərinə 100-ə yaxın məktub və hazırda Belqorod regionunda xidmətdə olan 400-dək çağırışçının yaxınları adından kollektiv müraciət təqdim ediblər. Müraciətdə həmin çağırışçıların Ukrayna tərəfindən müntəzəm atəşə tutulduğu və itkilərin olduğu qeyd olunur.

Saxlananların çoxu qadınlardır

Prezident Vladimir Putin sentyabrın 21-də səfərbərlik əmri verəndən Rusiyada müharibəylə bağlı ictimai narazılıq artıb. Ancaq kişilər polisin onları birbaşa orduya apara biləcəyindən çəkinərək açıq etiraz etməyiblər. Beləliklə, etiraz hərəkatında üstünlük qadınların payına düşüb. Çox sayda kişinin səfərbərlikdən yayınmaq üçün ölkəni tərk etdiyi də nəzərə alınmalıdır.

Rusiyada siyasi repressiyaların monitorinqi ilə məşğul olan “OVD-İnfo” adlı QHT-nin məlumatına görə, sentyabrın 21-dən bəri ölkə ərazisində saxlanmış 1383 nəfərin yarıdan çoxu qadınlardır. Sentyabrın 24-də baş qaldıran etirazlarda saxlanılan 848 nəfərin 71%-i qadınlardır. Dağıstan, Tıva, Başqırdıstan və digər regionlarda aksiyalarda da qadınlar çoxluq təşkil edirdi.

“Reuters”in oktyabrda yaydığı bir təhlildə deyilir ki, fevralda Rusiyanın Ukraynaya hücuma başlamasından sonrakı ilk bir neçə həftə ərzində həbs edilən etirazçıların 30%-i qadınlar olub. 2021 və 2019-cu illərdə siyasi etirazlara görə həbs olunanların arasında qadınların payı uyğun olaraq 11% və 6% olub.

“Yəqin, ərim heç nəyə görə xəstəxanaya düşüb”

Volqa regionundakı Ulyanovsk şəhərində noyabrın 11-də bir qrup qadın – səfərbər olunanların arvadları – hərbi idarənin qarşısında toplaşaraq ərlərinin döyüş zonasından geri çağırılmasını tələb edib. Onlar kişilərin heç bir müvafiq təlim almadıqlarını və orduya çağırılandan bəri mövcud sağlamlıq problemlərinin ağırlaşdığını deyiblər.

"Biz Ulyanovsk hərbi prokurorluğundan cavab aldıq. Məndə belə bir təsəvvür yarandı ki, onlar heç müraciətimizi oxumayıblar. Yazıblar ki, heç bir şikayət daxil olmayıb. Yəqin, ərim heç nəyə görə xəstəxanaya düşüb”, – Tatyana adlı qadın deyir.

Onun dediyinə görə, əri səfərbər olunmaq istəyirmiş və hətta özü könüllü hərbi komissarlığa yollanıb. Ancaq o, ağır diş problemlərinə görə möhlət istəyib.

"Heç bir hərbi təlim olmayıb. Onlar heç bir dəfə də burada, Ulyanovskda atıcılıq poliqonuna getməyiblər. Onlara bir həftə sıra təlimi keçilib, sonra da o bir həftə xəstəxanada yatıb.

O, tibbi möhlət üçün müraciət edib. Müraciətdə xəstəxanada olduğunu və orada tək olmadığını yazıb. Müraciəti dəfələrlə – oktyabrın 8, 10 və 12-də yenidən göndərib… Ancaq prokuror deyir, heç bir şikayət olmayıb”,
– o danışır.

Kontrakt imzalamaq üçün təzyiq

Olqa Tsukanova Həştərxan regionundan olan 20 yaşlı çağırışçının anasıdır. Sankt-Peterburq etirazlarına qatılan qadın deyir ki, məmurlar iki dəfə onun oğlunu Ukraynaya göndərməyə çalışıblar və ona könüllü müqaviləsini imzalaması üçün dəfələrlə təzyiq ediblər. Ancaq xoşbəxtlikdən onlar bu cəhdləri dəf edə biliblər.

“Gündə bir polkovnik, ya da başqa bir zabit gəlib onlara kontrakt imzalamaları üçün təzyiq göstərir”, – o söyləyir.

“Dedilər ki, oğlum müqaviləni könüllü imzalayacaq”

Tsukanovanın sözlərinə görə, sentyabrda oğlu ilə əlaqəsi bir neçə günlük kəsilib. Ana oğlunun hərbi birliyinə zəng vurub.

“Zəng vurmağa başladım və mənə dedilər ki, oğlumun adı [döyüş bölgəsinə] göndəriləcək əsgərlərin siyahısındadır. Onlara dedim ki, oğlum çağırışçıdır. Onlar da dedilər ki, oğlum müqaviləni könüllü imzalayacaq və “xüsusi əməliyyata” qoşulacaq. Onda mən hər yerə, o cümlədən Müdafiə Nazirliyinə şikayət göndərməyə başladım. Görünür bunun bir təsiri olub. Çünki onu göndərməyiblər”, – o deyir.

Tsukanova əlavə edib ki, onun oğlunun hərbi hissəsində heç bir əsgəri döyüş zonasına göndərməyiblər. O, dövlət rəsmilərinin çağırışçıların döyüşə göndərilməsinə artan etirazlara görə yarana biləcək “qalmaqal”dan çəkindiklərini ehtimal edir.

"Ancaq sabah nə olacağını bilmirəm. Mənim yalnız bir oğlum var. İtirməyə başqa nəyim var ki?” – o söyləyir. Qadın tezliklə oğlunun hərbi mükəlləfiyyət dövrünün bitəcəyini və bundan sonra da onun dərhal əlavə xidmət üçün səfərbər ediləcəyindən narahat olduğunu deyir.

Hər şəhərdə şuralar yaradılıb

Tsukanova öz oğluna görə narahat olduğundan qeyri-rəsmi Əsgər Anaları və Arvadları Şurasının həmtəsisçisi olub. Təşkilat müntəzəm olaraq Putinə və hərbi qurumlara şikayət məktubları göndərir.

"Tələb edirik ki, hər şəhərdə analar və həyat yoldaşları şuralarına səfərbərliyin icra edildiyi hərbi hissələri monitorinq etməyə, normal təlim alıb-almadıqlarını, tibbi komissiyaların yaradılıb-yaradılmadığını görmələrinə icazə verilsin. Biz həmçinin sülh danışıqlarına başlanmasını tələb edirik. Yaxud da, ən azı, prezident bütün dünyanı çirkli bombalarla hədələməkdənsə, bu istiqamətdə hərəkət etsin”, – o deyir.

"Bizdə qanunlar …işləmir. Məndə belə bir hiss var ki, biz müasir cəmiyyətdə yox, orta əsrlərdə yaşayırıq. Heç bir müraciətimə məhəl qoyulmur. Kömək istəyəndə isə deyilir ki, sakit durum və hər şeyin keçib getməsini gözləyim.

Mənə elə gəlir ki, dünya dağılır və heç bilmirəm ki, bundan sonra nə baş verəcək”, – ulyanovsklu Tatyana danışır.

XS
SM
MD
LG