Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:50

İranda 'əxlaq polisi'nin ləğv edildiyi, hicab məsələsinə də yenidən baxıldığı bildirilir


İran, arxiv foto
İran, arxiv foto

Hicab taxılmasını tələb edən qanunla bağlı məsələlərin isə hazırda müzakirə mərhələsində olduğu bildirilir

İranda "əxlaq polisi"nin ləğv edildiyi bildirilir. Bu barədə ölkənin baş prokuroru Məhəmməd Cəfər Montazeri-yə istinadla məlumat yayılıb.

Qeyd olunur ki, qərar iki aydan artıqdır davam edən kütləvi etirazlar fonunda qəbul edilib.

"Əxlaq polisinin ədalətlə heç bir əlaqəsi yoxdur", - baş prokuror əlavə edib.

Montazeri həmçinin bildirib ki, hökumət qadınların hicab taxmasını tələb edən qanuna yenidən baxa bilər. Onun sözlərinə görə, indi bu məsələ Parlament və Ədliyyə Nazirliyi tərəfindən birgə müzakirə olunur, bir-iki həftəyə qərar verilə bilər.

Bundan əvvəl İran rəsmiləri etirazçıların tələblərinin yerinə yetirilə biləcəyi ehtimalını etiraf etmirdilər.

İran hakimiyyəti iğtişaşları qızışdırmaqda ABŞ, İsraili, onlarla əlaqəli “terrorçu və separatçı qrupları”, habelə İraqda yerləşən kürd müxalifətçiləri günahlandırır.

Rəsmi olaraq “Davranış Patrulu” adlandırılan "Əxlaq polis"i 2006-cı ildə prezident Mahmud Əhmədinejadın dövründə yaradılıb.

Onun əməkdaşları iranlıların, ilk növbədə qadınların müəyyən qaydalara riayət etmələrini və hicab taxmalarını izləyiblər. İranlı qadınlar dəfələrlə patrulun kobudluğuna və təhqirlərinə şahidlik ediblər.

İranda etirazlar sentyabrda kürd azlığından olan 22 yaşlı Məhsa Amininin ölümündən sonra başlayıb.

Aminini əxlaq polisi baş örtüyünü açma ittihamı ilə saxlayıb. O, polis bölməsindən xəstəxanaya aparılıb və bir neçə gün sonra orada vəfat edib.

Etirazçılar onun ölüm səbəbinin döyülmə olduğunu düşünürlər.

Paytaxt Tehran da daxil olmaqla ölkənin hər yerində üçüncü aydır polis zorakılığına və daha geniş mənada İran hakimiyyətinin fərqli fikirlərə qarşı mübarizəsinə, hazırkı İran ali rəhbəri ayətüllah Əli Xameneyinin devrilməsi və ölkənin demokratikləşməsi uğrunda etirazlar davam edir.

Osloda yerləşən İran İnsan Haqları Təşkilatının məlumatına görə, etirazlar zamanı ölkə boyu hökumət qüvvələri tərəfindən azyaşlılar da daxil olmaqla 400-dən çox insan öldürülüb.

Noyabrın 14-də isə İran məhkəməsi etiraz iştirakçısına qarşı ilk ölüm hökmü çıxarıb.

4 nəfər edam edilib

Bazar günü İrandan yayılan başqa bir məlumata görə, İsrailin Mossad kəşfiyyat xidməti ilə əməkdaşlıqda təqsirli bilinən dörd nəfər edam edilib.

Bu barədə yerli "Fars" xəbər agentliyi məlumat yayıb.

İslam Respublikasının hakimiyyət orqanları uzun müddətdir ki, İsraili öz ərazisində gizli əməliyyatlarda ittiham edir. Tehran bu yaxınlarda İsrail və Qərb kəşfiyyat agentliklərini 1979-cu il İslam İnqilabından sonra ən böyük anti-hökumət etirazları yaratmaq cəhdində ittiham edib.

Dekabrın 2-də "Mehr" xəbər agentliyi İranda həbs edilənlərdən dördünün "sionist rejimin kəşfiyyat xidmətləri ilə əməkdaşlıq və adam oğurluğuna görə" edam cəzasına məhkum edildiyini yazıb.

Digər üç nəfərinsə milli təhlükəsizliyə qarşı hərəkətlər, adam oğurluğu və qanunsuz silah saxlama ittihamları ilə 5 ildən 10 ilədək azadlıqdan məhrum edildiyi bildirilir. "Associated Press"in məlumatında o da qeyd olunur ki, İran hakimiyyəti iddia edilən cinayətlərə dair heç bir sübut təqdim etməyib.

XS
SM
MD
LG