Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:55

Paşinyan: Qarabağ sakinləri 'potensial soyqırımı' haqda xəbərdarlıq edir


Nikol Paşinyan
Nikol Paşinyan

Qarabağ sakinləri potensial soyqırımı təhdidi haqda xəbərdarlıq edir. Bu bəyanatla Ermənistanın Baş naziri Nikol Paşinyan “Genosid cinayətlərinə qarşı” 4-cü Qlobal forumda çıxış edib və yeni təhdidlərlə mübarizənin vacibliyini vurğulayıb.

“Hazırda gördüyümüz ardıcıl hərəkətlər Azərbaycanın gerçəkdən də Dağlıq Qarabağda soyqırımına hazırlaşması sarıdan narahatlığa əyani sübutdur”, – deyən Paşinyan Laçın dəhlizində son baş verənləri yada salıb.

Dekabrın 3-də Gorus-Xankəndi yolunun 4 saat bağlı qaldığı bildirilib. Belə ki, rəsmi Bakı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərində “faydalı qazıntıların qanunsuz istismarı, bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi” üçün əraziyə mütəxəssislərdən ibarət qrup göndərib.

'Üç ssenari'

Baş nazirin sözlərinə görə, Laçın dəhlizi genosidin qarşısını almağın yoludur, bu dəhlizi bağlamaq isə Qarabağ ermənilərini üç ssenari üzrə genosidə məhkum etmək deməkdir: depopulyasiya, milli mənsubiyyətin itməsi və fiziki məhvolma.

Paşinyan 2020-ci ildə 44 günlük müharibə vaxtı Qarabağın dinc sakinlərinə qarşı zorakılıq və qətllərin törədildiyini, son dövrlərdə kənd təsərrüfatı işlərilə məşğul olan sakinlərin atəşə tuş gəldiyini iddia edib.

Azərbaycan bir qayda olaraq, dinc sakinlərin hədəfə alınması xəbərlərini təkzib edir.

Ermənistan rəsmisi: 'Daha detallı sülh müqaviləsi üzərində işləyirik'
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Paşinyanın sözlərinə görə, genosidlərin önlənməsindən ötrü regional münasibətlərin mahiyyəti və keyfiyyətini dəyişmək lazımdır. Onun fikrincə, bu, üç sadə şeydən başlayır: regionda özəlliklə rəsmi səviyyədə nifrət nitqinin önlənməsi, ona nəzarət və aradan qaldırılması.

“Bizim regionda həqiqətən də ədavətə nəzarət olunmalıdır, nifrət dilinə nəzarətdən başlanmalıdır. Bu nifrət, azından, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərində mövcuddur”, – Paşinyan deyib.

Qarşılıqlı ittihamlar

Paşinyan daha öncə də Azərbaycanı Laçın dəhlizini bağlamaqla Qarabağdakı ermənilərin təcridinə, soyqırımına hazırlaşmaqda ittiham etmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev isə Paşinyanın ittihamlarını rədd edərək, Ermənistanın özünü azərbaycanlılara qarşı soyqırımı siyasəti yürütməkdə suçlayıb.

Rəsmi Bakı Laçın dəhlizi ilə Qarabağdakı separatçı dəstələrə silah, texnika daşındığını deyir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG