Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:33

Hikmət Hacıyev yolu sülhməramlıların bağladığını deyir, amma onlar...


Yerevanda dəhlizə görə etiraz aksiyası başlandı
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

Yerevanda dəhlizə görə etiraz aksiyası başlandı

‘Azərbaycan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır’

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-ın dekabrın 13-də Şuşa-Laçın yolu ilə bağlı bəyanatına münasibət bildirib.

Orada qeyd edilir ki, “Ermənistan XİN-in Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir.”

Azərbaycan XİN əksinə Ermənistanı üçtərəfli bəyanatdakı öhdəlikləri yerinə yetirməməkdə günahlandırır:

“Xüsusilə erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı, Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu, bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədildiyi dəfələrlə bəyan edilib.”

Laçın yolu barədə

Azərbaycan XİN də vurğulayır ki, “Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb”

Bundan əvvəl oxşar bəyanatla prezidentin köməkçisi Hikmət Hacıyev də çıxış etmişdi.

“Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur” - Azərbaycan XİN-in son bəyanatında isə yazılıb.

XİN yekunda vurğulayıb ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir:

“Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.”

Laçınla həmsərhəd olan Tex kəndində ilişib qalmış erməni sürücülər danışdı
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Azərbaycan XİN-in bu son bəyanatına, hələlik, Rusiya Sülhməramlıları Kontingetinin rəhbərliyi və Ermənistan rəsmilərinin münasibəti bəlli deyil.

Amma hələ bu ilin yayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, Ermənistan Silah Qüvvələrinin bir hissəsi müharibə vaxtı Dağlıq Qarabağın “müdafiə ordusu”na köməyə getmişdi:

“Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses sona yaxınlaşır və sentyabrda başa çatacaq”.

Ermənistan rəsmiləri indi isə Qarabağda hərbi qüvvə yerləşdirmədiklərini, etnik erməni “müdafiə ordusu”nun özlərinin silahlı qüvvələrinə dəxli olmadığını vurğulayırlar.

Ermənistan XİN

Bundan əvvəl dekabrın 13-də Ermənistan XİN-in BMT Təhlükəsizlik Şurasına və ATƏT-in Minsk qrupuna müraciətində deyilirdi ki, Azərbaycanın Laçın dəhlizindəki hərəkətləri böyük miqyasda humanitar fəlakətə səbəb ola bilər.

Ermənsitan XİN-in bəyanatda iddia edilir ki, Azərbaycan tərəfi Laçın dəhlizinin bağlanmasına hələ bir neçə ay bundan əvvəl hazırlaşırdı.

Azərbaycan tərəfi isə Ermənistanı Qarabağa Laçın dəhlizi ilə silah-sursat gətirməkdə, Rusiya sülhmməramlılarını isə bu qanunsuz hərəkətlərin qarşısını almamaqda ittiham edir.

Hikmət Hacıyevdən açıqlama

Ermənistan tərəfinin Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddialarını qətiyyətlə rədd edirik.”

AZƏRTAC-ın xəbərinə görə, bunu dekabrın 13-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Elnur Məmmədovla birgə diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib.

O, əlavə edib ki, “Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınması vacibdir.”

Xəbərə görə, o habelə qeyd edib ki, “Ruben Vardanyanın (Qarabağda tanınmayan qurumun dövlət naziri) Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcək”.

"Təbii sərvətlərin qeyri-qanuni istismarı"

Hikmət Hacıyev çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir.

O deyib ki, bütün faydalı qazıntı yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.

Hacıyev bildirib ki, “son iki gün ərzində Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir”.

Qarşılıqlı iddialar

Xəbərə görə, o Ermənistan tərəfinin Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması barədə dediklərni təkzib edib:

“Bildirilib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.”

Bu fikirlərə, hələlik, Rusiya Sülhməramlıları Kontingentinin rəhbərliyi,Qarabağda tanınmayan qurumun "dövlət naziri" Ruben Vardanyan və başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.

Amma Ermənistan tərəfi bundan öncə Laçın dəhlizi ilə bağlı Azərbaycan tərəfinin iddialarını qəbul etməyidiyini bildirib.

Ermənistan baş naziri Nikol Paşinyan qeyd etmişdi ki, Azərbaycan hakimiyyəti Ermənistanı öhdəliklərini yerinə yetirməməkdə ittiham etməklə "Laçın dəhlizini bağlamaq, Artsax (Qarabağ) ermənilərini mühasirəyə almaq, onların soyqırımını gerçəkləşdirmək üçün saxta zəmin hazırlayır".

Buna cavab olaraq Azərbaycan da Ermənistanı soyqırmıda ittiham edib.

Son günlər olanlar…

Üstəlik, dekabrın 12-i səhər saatlarında bir qrup Azərbaycan vətəndaşı Laçın-Xankəndi yoluna toplaşıb.

Qarabağda Rusiya Sülhməramli Kontingentinin yerləşdiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarına etiraz etdiklərini bildirən həmin şəxslər gecə saatlarında da orada qalıblar.

Etiraz aksiyası keçirdiklərini deyən bu insanlar Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.

Onlar Volkovdan dekabrın 10-da Heyvalı və Dəmirli mis-molibden mədənlərinə niyə buraxılmadıqlarının səbəbini soruşmaq istədiklərini deyirlər.

Rusiya sülhməramlılarının komandanlığı, hələlik, onlarla görüşməyib. Andrey Volkov bu olaylar yenicə başlayanda vurğulaşdı ki, Rusiya sülhməramlılarını gözdən salmaq istəyirlər.

Qarabağdakı separatçı qurum isə dekabrın 12-də səhər 10:30-dan mülki geyimli şəxslərin ekoloji səbəbləri əsas gətirərək Xankəndi - Gorus yolunu bağladığını bildirib.

Tanınmayan qurum Azərbaycan tərəfinin "aqressiv və destruktiv" davranışını "qəbuledilməz" adlandırıb, vəziyyətin tənzimlənməsindən ötrü mümkün tədbirlər görüldüyünü, hərbi kontingentin komandanlığı ilə əlaqə saxladıqlarını bildirib.

Sülhməramlıların məlumatı

Qarabağda və Laçın dəhlizində yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin 13 dekabr tarixli açıqlamasında deyilir ki, kontingent “Dağlıq Qarabağ ərazisində vəzifələrinin yerinə yetirilməsini davam etdirir”.

Qeyd olunur ki, Rusiya sülhməramlılarının 30 müşahidə məntəqəsindən vəziyyət və atəşkəsə riayət edilməsinin monitorinqi aparılır.

Bildirilir ki, Rusiya sülhməramlılanın məsuliyyəti zonasında pozuntular qeydə alınmayıb.

Məlumatda dekabrın 12-də baş verənlər barədə deyilir:

“Dekabrın 12-də Azərbaycan tərəfi Stepanakert (Xankəndi-red) – Gorus avtomobil yolunu bağlayıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı Stepanakert (Xankəndi-red) – Gorus yolu istiqamətində maneəsiz mülki avtomobil hərəkətinin bərpa olunması üçün Azərbaycan nümayəndələri ilə danışıqlar aparır”.

Məlumatda daha sonra deyilir:

“Mardakert (Ağdərə-red), Martuni (Xocavən-red) və Şuşa rayonlarında üç marşrut üzrə patrul keşiyi çəkilib. Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları obyektlərin və ərazinin minalardan təmizlənməsini davam etdiriblər. Sutka ərzində 1,2 hektar ərazi təmizlənib”.

Azərbaycan tərəfinin dəfələrlə etirazlarına baxmayaraq sülhməramlıların bu məlumatında da yer adlarının erməni variantları göstərilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG