Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:51

Keçmiş müavinin qızı və qayınanasının qətli: 18 il sonra nələrin üstü açılıb?


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

16 il Cəlilabadın icra başçısının müavini vəzifəsində çalışmış Asif Əzizovun 15-yaşlı qızını və qayınanasını qətlə yetirməkdə suçlanan iki nəfərə 31 il həbs cəzası kəsilib. Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. 38-yaşlı Fərid Məmmədli 15 il, onun həmyaşıdı olan Anar Ağalarov isə 16 il azadlıqdan məhrum edilib. Onlar xalaoğludur.

2004-cü ildə baş vermiş hadisənin - nənə və nəvənin qətlinin üstü 18 il sonra açılıb. Ötən müddətdə bu cinayətdə suçlanan üç nəfərdən biri Teymur Məmmədov vəfat edib. O, Fərid Məmmədlinin qardaşıdır. Vəfat etməsinə baxmayaraq, təqsirləndirilən şəxslər arasında onun da adı vardı. Məhkəmə sonda onu da təqsirli bilib, amma öldüyünə görə barəsindəki cinayət işinə xitam verilib.

1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və onun 1989-cu il təvəllüdlü nəvəsinin tamah məqsədilə öldürüldüyü iddia olunur.

"Teymur onda pul olduğunu bilirdi"

Anar Ağalarov məhkəmədə ifadəsində özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, qətli mərhum xalası oğlu Teymur törədib. Özünü isə onunla birlikdə həmin evə getdiyinə görə təqsirli bilir. Onun sözlərinə görə, o evə getməkdə məqsəd oğurluq olub: "Nənəm Rəhilə Cəlilovadan pul alırdı, sonra düzəldib qaytarırdı. Teymur onda pul olduğunu bilirdi...".

Onun sözlərinə görə, xalası oğlu ona qapıda dayanmağı, gəlib-gedənə nəzarət etməyi məsləhət görüb. Özü isə evə daxil olub oğurluq edəcəkdi.

Ağalarovun sözlərinə görə, qadını da, səsə çıxan uşağı da mərhum Məmmədov bıçaqla vurub: "Mən özümü həmin evə getməyimə görə təqsirli bilirəm. Evdə heç kim olmasaydı, oğurluq eləyəcəkdik. Buna görə də qapını döydük. Ev sahibi qarşımıza çıxdı. Mənə məlum deyil ki, Teymur niyə qətl hadisəsini törətdi. Biz evdə uşağın olduğunu bilməmişik. O qız uşağını da Teymur bıçaqla vurdu...".

O əlavə edib ki, digər təqsirləndirilən Fərid Məmmədli, ümumiyyətlə, hadisə yerində olmayıb.

Fərid Məmmədli də özünü təqsirli bilmir və cinayətdən xəbərsiz olduğunu iddia edir.

"İndi türmədə bir-birilərinə xəbər ötürürlər"

Amma zərərçəkmiş, sabiq məmur Asif Əzizov isə hesab edir ki, onlar yalan danışır. O, məhkəmədə ifadəsində təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası verilməsini istəyib.

"Bu qətldə özləri ilə yanaşı, nənələrinin, atalarının da əli var. Mütəşəkkil dəstə şəklində bu qətli törədiblər. Anar Ağalarovun atası polis işçisi olub. 18 il bu qətli gizlədib, üstünün açılmasına imkan verməyib. Atası da, nənəsi də qətli bilib. İndi türmədə bir-birlərinə xəbər ötürürlər, Teymur ölüb, onun üstünə yıxırlar", – zərərçəkmiş Əzizovun sözləridir.

Bu cinayət baş verəndə qanunda 15 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulmuşdu. Bu üzdən qətlə görə məhkəmə hər ikisinə 15 il cəza kəsib. Ağalarovun üzərində başqa bir işlə əlaqədar əvvəldən qalmış cəza olduğuna görə o da əlavə edilməklə 16 il olub.

Hökm oxunarkən zərərçəkmiş və ya təqsirləndirilən tərəf etiraz etməyib. Lakin onların apellyasiya şikayəti verib-verməyəcəyi məlum deyil.

Asif Əzizov 1999-2002-ci illərdə Cəlilabadın icra başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışıb, 2002-ci ildən 2015-ci ilə qədər birinci müavin olub. 2015-ci ildə öz ərizəsi ilə vəzifədən azad edilib və o vaxtdan biznes fəaliyyəti ilə məşğul olur.

XS
SM
MD
LG