Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:11

İlham Əliyev: ...BMT-də bizə qarşı növbəti təxribat hazırlanır


İlham Əliyev, Bakı, 25 noyabr 2022
İlham Əliyev, Bakı, 25 noyabr 2022

İlham Əliyev deyib ki, "biz bu gün görüşdüyümüz vaxtda BMT-də bizə qarşı növbəti təxribat hazırlanır"

Prezident İlham Əliyev Azərbaycanın təbii sərvətlərini istismar edənlərin "istənilən beynəlxalq hüquqi normaya görə cinayətkar" olduğunu deyir. O, Laçın yolunda keçirilən aksiyanı Azərbaycanın "legitim hüququ" sayır, bunu ölkənin təbii sərvətlərinin istismarı və daşınmasıyla izah edir.

Dekabrın 12-dən Azərbaycanın Qarabağ regionunu Ermənistanla birləşdirən Laçın yoluna yığışan azərbaycanlı fəallar deyirlər ki, Rusiya sülhməramlılarının nəzarətində yerləşən faydalı qazıntı yataqlarının qanunsuz istismarına, bunun ətraf mühitə vurduğu ziyana etiraz edirlər.

Xankəndi sakini: "Bazar boşalıb, təkcə göy-göyərti var"
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüşdəki çıxışında BMT-də Azərbaycana qarşı təxribat hazırlandığını iddia edib:

"Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır və biz bu gün görüşdüyümüz vaxtda BMT-də bizə qarşı növbəti təxribat hazırlanır. Artıq bir neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər. Gələn həftə də öz səylərini göstərəcəklər".

AzadlıqRadiosu prezidentin hansı təxribatı nəzərdə tutduğunu dəqiqləşdirə biıməyib.

Prezident Əliyev Azərbaycanın tələblərinin haqlı olduğunu vurğulayaraq deyib ki, ictimaiyyətin, dövlət qurumlarının nümayəndələri həmin mədənlətdə monitorinq keçirməli, oradakı "qanunsuz fəaliyyət dayandırılmalıdır".

Dövlət başçısı Azərbaycana edilən zənglərə, ​bəyanatlara "siyasi nəzakət naminə" cavab verdiklərini, bunların Azərbaycanın mövqeyini "zərrə qədər dəyişmədiyini" sözlərinə əlavə edib.

Prezidentin mətbuat xidməti dekabrın 24-də Əliyevə fransalı həmkarı Emmanuel Makronun zəng etməsi haqda xəbər yayıb. Məlumata görə, Əliyev fransalı həmkarına 8 Azərbaycan kəndinin hələ də işğal altında olduğunu söyləyib.

Şeparatçı rejim mədənlərin birinə səfərin mümkünlüyündən danışır, amma şərtlə...

Özünü Qarabağdakı separatçı rejimin "prezidenti" adlandıran Arayik Arutyunyan isə deyib ki, Azərbaycanım tələblərinin ekoloji məsələlərlə çox az əlaqəsi var və bu onların üçün qəbuledilməzdir. AzadlıqRadiosunun erməni xidməti yazır ki, Arutyunyan bu təkliflərin mahiyyətini açıqlamayıb.

"O, yalnız bildirib ki, buna baxmayaraq, Qarabağ tərəfi sülhməramlılar vasitəsilə Azərbaycan tərəfinə təkliflər çatdırıb və onlar yerinə yetirilərsə, Stepanakertdəki (Xankəndi) hakimiyyət “Kaşen” (Dəmirli) yatağına səfərə icazə verməyə hazır olacaq".

Laçın yolunda yaşananlar…

Dekabrın 12-dən bir qrup Azərbaycan vətəndaşı Ermənistanı Qarabağla birləşdirən Laçın yolunun Şuşa şəhərinin yanından keçən hissəsində növbəli aksiya keçirir.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər.

Etirazçıların sözlərinə görə, yolu onlar yox, Rusiya sülhməramlıları bağlayıblar və bundan başqa humanitar və təcili tibbi yardım maşınlarının yoldan keçməsinə də aksiya iştirakçıları heç bir maneə yaratmırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edir.

Qarabağdakı separatçı rejimin nümayəndələri isə baş verənləri ‘ekoloji yox, siyasi məsələ’ hesab edirlər. Həm də Laçın yolunun açılması ilə bağlı Azərbaycan və Rusiya sülməramlıları arasında aparılan danışıqlarda iştirak etmədiklərini bildirirlər.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG