Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:49

Rəsmi: Rusiya Ermənistanı Azərbaycana dəhliz verməyə məcbur edir


Xankəndi sakini: "Bazar boşalıb, təkcə göy-göyərti var"
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Xankəndi sakini: "Bazar boşalıb, təkcə göy-göyərti var"

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov News.am saytının sorğusuna cavab olaraq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Moskvanın Yerevana təzyiq göstərməsi barədə bəyanatını “təxribatçı” adlandırıb:

“Belə bəyanatlara təxribatçı bəyanatlar kimi baxmaq lazımdır. Bu bəyanat həqiqətə uyğun deyil. Rusiya məmurlarından heç kəs belə bir bir şey deməyib və ya heç kim vasitəsilə erməni tərəfinə çatdırmayıb”.

***

Ermənistanın strateji müttəfiq Rusiya Yerevanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, həmçinin formalaşmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir. Bunu Ermənistan hakimiyyəti ilk dəfə yüksək səviyyədə dilə gətirib.

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 26-da axşam İctimai televiziyanın efirində bu haqda danışıb. Onun sözlərinə görə, Azərbaycanın sentyabrın 13-də Ermənistanın suveren ərazisinə girməsi, həmçinin Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqi çərçivəsində baş verir. Qriqoryan deyib ki, son vaxtlar Ermənistan-Rusiya münasibətlərindəki böhranın səbəbi də məhz budur.

Azərbaycan sentyabrdakı sərhəd toqquşmaları nəticəsində Ermənistan ərazisinə girməsi haqda ittihamları rədd edir, sərhədlərin delimitasiya olunmadığını əsas gətirir.

Qriqoyan bildirib ki, Ermənistan öz ərazisindən yolun verilməsinə müqavimət göstərməyə davam edir. “Dəqiq deyə bilərəm ki, 13 sentyabr eskalasiyası da bununla bağlı olub, bütün böhranın əsası və motivi də bundadır”, – deyən Qriqoryan Laçın dəhlizindəki aksiyanın da, bütün təzyiqin məhz koridor məsələsi ilə bağlı olduğunu vurğulayıb.

İttifaq dövləti

Qriqoryanın sözlərinə görə, Ermənistan İttifaq dövlətinə qoşulmağa da müqavimət göstərir və cavabında hərbi təzyiqlə üzləşir. O qeyd edib ki, konstitusiyaya uyğun olaraq, Ermənistan suveren dövlətdir, suverenliyin qorunması indiki hökumətin missiyasıdır.

“İttifaq dövlətinə gəlincə, Ermənistana təzyiq buradan qaynaqlanır. Hər dəfə erməni demokratiyası və demokratik sistemi buna müqavimət göstərəndə, hərbi güc daxil olmaqla digər təzyiq formaları ilə üzləşir”, – Qriqoryan bildirib.

Moskva və Minsk İttifaq Dövləti müqaviləsini 1999-cu ildə imzalayıblar. Ötən ilin noyabrında isə iki lideri İttifaq Dövlətinin Ali Şurasının iclasında “28 inteqrasiya proqramına” dair razılaşmaya imza atıblar.

+++

Politoloqlar Bakının Yerevandan güzəşt qoparmağa çalışdığını deyirlər

Rəsmi Yerevan Azərbaycanın aşkar təzyiqi altında danışıqlara getməyə hazır deyil. Politoloq Tiqran Qriqoryan bunu AzadlıqRadiosunun erməni xidmətinə – “Azatutyun”a deyib.

Politoloq Xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfərini təxirə salmasının səbəbini də bunda görür. “Azatutyun”nun yazdığına görə, rəsmi Yerevanda belə bir təəssürat var ki, təkcə Azərbaycan deyil, elə Rusiya da güc metodları ilə Ermənistana müəyyən qərarlar qəbul elətdirməyə çalışır.

Bakı və Moskva aksiyanı razılaşdırıb?

“Məncə onlarda (rəsmi Yerevanda) belə bir hiss var ki, məsələn, Laçın dəhlizində yaradılmış vəziyyət Bakı və Moskva arasında razılaşdırılıb, məqsədi həm də Ermənistandan ‘Zəngəzur dəhlizi’ deyilən gündəmlə bağlı güzəştlər qoparmaqdır”, – politoloq “Azatutyun”a söyləyib.

Azərbaycanın Qarabağ regionunu Ermənistanla birləşdirən Laçın dəhlizində dekabrın 12-dən özlərini ekoaktivistlər kimi təqdim edən fəallar aksiya keçirirlər. Onlar Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarına, bunun ətraf mühitə vurduğu ziyana etiraz etdiklərini deyirlər.

Azərbaycan Ermənistan ərazisindən Naxçıvan eksklavına quru yolun açılmasını tələb edir, bunu “Zəngəzur dəhlizi” adlandırır. Ermənistan isə heç bir yazılı, yaxud şifahi razılaşmada Azərbaycana belə bir vəd vermədiyini bildirir.

Danışıqların alternativi

Ermənistanlı politoloq Qriqoryanın sözlərinə görə, danışıqların alternativi gərginliyin qızışmasıdır və buna görə də hətta ən pis danışıq prosesi belə vəziyyətin kəskinləşməsindən yaxşıdır, “xüsusilə də ona görə ki, Bakı periodik olaraq öz gündəmini hərbi əməliyyatlarla irəlilətməyə cəhd edir”.

Dekabrın 26-da Sankt-Peterburq şəhərində keçirilən MDB-nin qeyri-formal sammitində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü keçirilməyib. Ancaq bir gün öncə Kremlin sözçüsü Dmitri Peskov belə bir görüşün olacağını istisna etmirdi.

“Düşünürəm ki, yaxın aylarda həm Dağlıq Qarabağda, həm də Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatların bərpası mümkündür”, – politoloq vurğulayıb.

Azərbaycanla Ermənistan arasında ən son sərhəd toqquşması bu ilin sentyabrında baş verib, hər iki tərəfdən üst-üstə 300-dək hərbçi ölüb.

Laçın dəhlizi nə vaxt açıla bilər

“Azatutyun” yazır ki, Laçın dəhlizinin yaxın günlərdə açılacağına dair Rusiya sülhməramlılarından nikbin bəyanatlar eşidilib. Tiqran Qriqoryan isə deyir ki, Laçın dəhlizi yalnız Azərbaycanın tələblərinin bir qismi yerinə yetirilərsə, açıla bilər. Əks halda Azərbaycanın belə bir addıma niyə gedəcəyini təsəvvür etmək çətindir, üstəlik də, beynəlxalq təzyiq elə də böyük deyil, Bakıya təsir göstərmir.

Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüşdə Azərbaycanın tələblərinin haqlı olduğunu vurğulayaraq deyib ki, ictimaiyyətin, dövlət qurumlarının nümayəndələri həmin mədənlətdə monitorinq keçirməli, oradakı "qanunsuz fəaliyyət dayandırılmalıdır". Dövlət başçısı Azərbaycana edilən zənglərə, ​bəyanatlara "siyasi nəzakət naminə" cavab verdiklərini, bunların Azərbaycanın mövqeyini "zərrə qədər dəyişmədiyini" sözlərinə əlavə edib.

Siyasi təhlilçi Akop Badalyan qeyd edir ki, Qarabağ hazırda geosiyasi maraqların toqquşmasının mərkəzində dayanır. Buna görə də, politoloqun fikrincə, Laçın dəhlizini açmaqla bağlı beynəlxalq çağırışlar Bakını məsuliyyətə cəlb edəcək konkret addımlara səbəb olmur.

Rusiya da dəhlizdə maraqlıdır

Badalyan deyir ki, Rusiyanın Azərbaycan və Türkiyəylə sıx əməkdaşlığına və maraqlarına baxmayaraq, Laçın dəhlizində yaranmış problemlər və ümumilikdə vəziyyətin destabilizasiyası Rusiya üçün ciddi problemdir. Belə ki, hazırda Ukraynada müharibə aparan Moskva digər istiqamətdə, indiki halda Qafqazda yeni təhdidlərə aşırı həssas yanaşır. Bu vəziyyətdən hazırda Ukraynada Rusiya ilə müharibə vəziyyətində olan ölkələr faydalana bilərlər, o qeyd edib.

“Geniş baxsaq, bu gün Rusiya Qafqazda vəziyyətin ümumilikdə sabit qalmasını istəyir. Həmçinin kommunikasiyaların, o cümlədən Ermənistan ərazisində Azərbaycan-Naxçıvan əlaqəsinin qurulmasını istəyir ki, bu da sanksiyalar altında olan Rusiya üçün Türkiyəyə vacib iqtisadi kanaldır. Digər tərəfdən onu da bilirik ki, Qərbin istiqamətlərindən biri Rusiyaya burada problemlər yaratmaq və Rusiyanın rolunu zəiflətməkdir”, – Badalyan vurğulayıb.

Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG