Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:38

Kosovo Serbiya ilə sərhəd keçidini açır


Merdare keçidi
Merdare keçidi

Kosovo hökuməti dekabrın 29-da Serbiya ilə əsas sərhəd keçidini açıb.

Xəbər verilir ki, bundan əvvəl Belqrad Kosovodakı etnik serb tərəfinin də barrikadaları sökəcəyinə dair bəyanat vermişdi.

Kosovo polisi AzadlıqRadiosuna Serbiya ilə sərhəddəki Merdare keçidinin açıldığını və iki kilometr aralıdakı serb barrikadasının yığışdırıldığını təsdiq edib.

Merdare Kosovonun yüklər daşınan əsas sərhəd keçididir və onun bağlı olması Priştina üçün əlavə problemlər yaradırdı.

Xəbər verilir ki, Kosovo serbləri Serbiya prezidenti Vuçiçin Kosovo tərəfi ilə əldə etdiyi razılaşmadan elə da razı qalmayıblar.

Bundan başqa hələki Kosovo və Serbiya arasında başqa keçidlərin açılıb-açılmadığı bilinmir.

Vuçiç: Kosovoda barrikadalar dekabrın 29-da yığışdırılacaq

Etnik serblərin Kosovonun şimalında quraşdırdığı barrikadalar növbəti 24-48 saat ərzində yığışdırılacaq. Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç dekabrın 29-da deyib.

Barrikadaların yığışdırılması üçün konkret işin nə vaxt başlanacağı bəlli deyil. Dekabrın 29-da şimaldakı Mitrovitsa şəhərində yolu kəsən yük maşınları yandırılıb. Yanğını Vuçiçin çağırışıyla razılaşmayan etnik serblərin törətdiyi güman edilir.

+++

Aİ, ABŞ Kosovoda gərginliyin azaldılmasına çağırırlar

Avropa İttifaqı (Aİ) və Birləşmiş Ştatlar Kosovonun şimalında gərgin vəziyyətlə bağlı narahatlıq ifadə ediblər. Dekabrın 28-də hakimiyyət Serbiya ilə Merdare əsas sərhəd keçidini bağlayıb. Bundan öncə Serbiya tərəfdə etirazçılar yolda barrikada qurmuşdular.

Kosovonun şərq sərhədində yerləşən Merdarenin yük maşınları və traktorlarla bağlandığı xəbər verilir.

Tərəflərlə iş aparılır

“Hər kəsi maksimum təmkinli davranmağa, qeyd-şərtsiz de-eskalasiya üçün dərhal tədbir görməyə, provokasiya, təhdid və qorxutmadan çəkinməyə çağırırıq”, – Aİ və ABŞ birgə bəyanatda bildirirlər.

Bəyanatda həmçinin tərəflərin Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti ilə “gərginliyin azaldılması üçün siyasi həllin tapılması” yönündə işlədiyi bildirilir.

Serbiyanın Müdafiə naziri Miloş Vuçeviç dekabrın 28-də deyib ki, Belqrad “razılaşmaya hazırdır”, ancaq detalları açıqlamayıb.

Vuçeviç etirazçıların quraşdırdığı barrikadaları “demokratik və dinc etiraz üsulu” adıandırıb. O, Serbiyanın məsələnin həllindən ötrü Qərb diplomatları ilə “açıq kommunikasiya xətti” olduğunu sözlərinə əlavə edib.

Noyabrdan gərginlik

Etnik serblərin yaşadığı şimali Kosovoda noyabrdan bəri gərginlik yaşanır. Yüzlərlə etnik polis əməkdaşı, hakim, prokuror işdən çıxıblar. Onlar Kosovo daxilində Belqradın verdiyi avtomobil lisenziya nömrələrindən istifadənin qadağan olunmasına etirazlarını bildiriblər.

Priştina bu qadağanı ləğv eləsə də, kütləvi etirazlar Kosovoda təhlükəsizlik vakuumu yaradıb.

Kosovo hakimiyyəti gərginliyi azaltmaq məqsədilə dekabrın 28-də etnik serb olan keçmiş polis zabiti Dejan Pantiçin həbsdən buraxıldığını elan edib. Onun dekabrın 10-da həbsi yüzlərlə etnik serbin Kosovonun şimalında barrikada qurmasına, iki sərhəd keçid məntəqəsində nəqliyyatın iflic vəziyyətinə düşməsinə səbəb olub.

Pantiç Mərkəzi Seçki Komissiyası rəsmilərinə hücumda əli olmaq şübhəsiylə saxlanıb. O, ev dustaqlığına buraxılıb.

Priştinadan Rusiyaya ittiham

Kosovonun Daxili işlər naziri Kselal Sveçla dekabrın 27-də deyib ki, Serbiya Rusiyanın təsirilə Kosovoda sabitsizlik yaratmağa çalışır. Belqrad isə bu ittihamı rədd edib, məqsədinin serb azlığını qorumaq olduğunu bildirib.

Kreml də dekabrın 28-də Kosovonun ittihamlarını rədd edib.

“Serbiya suveren ölkədir və orada Rusiyanın destruktiv təsirini axtarmaq tamamilə yersizdir”, – Kremlin sözçüsü Dmitri Peskov deyib.

Etnik alban çoxluğun üstünlük təşkil etdiyi Kosovo 1998-99-cu illər müharibəsindən sonra Serbiyadan ayrılıb.

2008-ci ildə müstəqilliyini elan etməsinə baxmayaraq, Kosovo Serbiya və bir sıra digər ölkələr, o cümlədən Rusiya və Ukrayna tərəfindən tanınmayıb. Üstəlik, Belqrad Kosovonun 120 minlik etnik serb əhalisinin mərkəzi hakimiyyətə müqavimətini dəstəkləyir.

XS
SM
MD
LG