Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

Ən böyük büdcənin gəlirləri necə formalaşacaq?


Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir (Arxiv. 2021)

Bu yeni ildə Azərbaycanın büdcə gəlirlərinin 30 milyard 774 milyon manat, xərclərinin 33 milyard 353 milyon manat olması proqnozılaşdırılır. Ötən 2022-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə gəlirlər 5.4 faiz, xərclər 3.2 faiz artır. Hökumət rəsmiləri vaxtaşırı 2023-cü il büdcəsinin müstəqillik dönəminin ən böyük büdcəsi olduğunu dilə gətirirlər. Sual doğur: elə isə, bu ilin büdcə gəlirləri hansı qaynaqlar hesabına formalaşacaq?

Neft fondunun transferləri

Dövlət büdcəsinin ən böyük gəlir qaynağı Dövlət Neft Fondudur. Bu il fonddan büdcəyə gəlirlərin 36.7 faizinin - 11 milyard 280 milyon manatın transferi proqnozlaşdırılır. Başqa deyimlə, 2023-cü ildə Azərbaycanın dövlət büdcəsinə daxil olan hər 100 manatın 36 manat 70 qəpiyi Neft fondu hesabına təmin ediləcək. Unudulmamalıdır ki, bu rəqəm enerji gəlirlərinin sadəcə birbaşa bölümüdür, axı neft-qaz gəlirləri dolayı yollarla da büdcəyə gəlir gətirir. Ölkədə fəaliyyət göstərən neft şirkətləri də neft gəlirləri hesabına mənfəətdən vergi ödəyir. Belə dolayı gəlirlər də gözə alınsa, ölkə büdcəsinin təxminən yarısı neft-qaz gəlirləri hesabına formalaşır. Maraqlıdır ki, neft fondundan büdcəyə proqnozlaşdırılan transferin həcmi nisbətən azaldılıb. 2022-ci il büdcəsində bu göstərici indikindən 238 milyon manat çox - 11 milyard 518 milyon manat idi.

Mənfəət vergisi yığımları kəskin artır

2023-cü ilin dövlət büdcəsində ikinci ən böyük gəlir qaynağı hüquqi şəxslərin mənfəət vergisidir. Proqnoza görə, il ərzində bu vergi növü üzrə büdcəyə 6 milyard 417 milyon manat daxil olmalıdır. Bu, bütün büdcə gəlirlərinin 20.9 faizi deməkdir. Deməli, proqnozlaşdırılır ki, gələn ilin büdcəsinə daxil olan hər 100 manat gəlirin 20 manat 90 qəpiyi şirkətlərin ödədiyi mənfəət vergisindən ibarət olacaq. Bu vergi növü ilə bağlı diqqətçəkən bir məqam da hüquqi şəxslərin mənfəət vergiləri üzrə daxilolmalardır. Həmin daxilolmalarla bağlı proqnozlar 2022-ci illə müqayisədə ciddi ölçüdə artıb. Ötən il bu qaynaqdan büdcəyə cəmi 5 milyard 290 milyon manatın daxil olması gözlənilirdi, amma bu il hüquqi şəxslərdən büdcəyə 1 milyard 127 milyon manat və ya 21.3 faiz daha çox mənfəət vergisi ödənilməsi proqnozlaşdırılır. Mənfəət vergisi üzrə proqnozların belə artması hesabına bu istiqamət büdcənin ən çox gəlir proqnozlaşdırılan ikinci istiqamətinə çevrilib. Ötən ilin büdcəsində Neft Fondunun transferlərindən sonra ən çox gəlir Əlavə Dəyər Vergisi üzrə proqnozlaşdırılırdı.

2023-cü ilin büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz məbləği 1 milyard 680 milyon manatdır. Keçən il bu rəqəm 1 milyard 485 milyon manat idi. Deməli, bu il hökumət gəlir vergisi üzrə daxilolmaların 13 faiz artacağını proqnozlaşdırıb.

ƏDV-nin həcmi artır

2023-cü ilin dövlət büdcəsində üçüncü ən böyük gəlir qaynağı Əlavə Dəyər Vergisidir (ƏDV). İl ərzində bu vergi növü üzrə dövlət büdcəsinə 6 milyard 42 milyon manatın daxil olması nəzərdə tutulur. Bu, toplam büdcə gəlirlərinin 19.6 faizi deməkdir. Deməli, ilboyu büdcəyə daxil olan hər 100 manatın 19 manat 60 qəpiyi ƏDV hesabına formalaşacaq. Nəzərə almaq lazımdır ki, bu vergi növü dolayı vergi sayılır, çünki məhsulun qiymətinə əlavə edilir və bu verginin ödəyicisi istehlakçılar olur. O da unudulmamalıdır ki, ötən il inflyasiyanın kəskinləşməsi bu verginin yığımlarını da artırıb. Axı ƏDV, qeyd edilən kimi, məhsulun qiymətinə əlavə edilir. Bu baxımdan, məhsulun qiyməti artdıqca, ona hesablanan ƏDV də artır. Ötən il ƏDV hesabına büdcəyə toplam 5 milyard 719 milyon manatın daxil olması proqnozlaşdırılmışdı. Bilindiyi kimi, ƏDV-nin azaldılması və ya dondurulması hökumətlərin qiymət artımları ilə mübarizədə yararlandığı başlıca alətlərdən biridir. Di gəl, ötən il Azərbaycanda ərzaq 22 faiz bahalaşsa da, hökumət bu alətdən elə də geniş faydalanmadı.

Aksizlər və gömrük rüsumları

Dövlət büdcəsi gəlirlərinin formalaşmasında növbəti ən böyük pay - aksizlər üzrə daxilolmalardır. Aksiz - aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növüdür. Azərbaycan Respublikasında aksizli mallara bunlar aid edilir:

-içməli spirt, pivə və spirtli içkilərin bütün növləri;

-tütün məmulatları;

-neft məhsulları;

-minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;

- idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;

- idxal olunan xəz-dəri məmulatları.

2023-cü ildə Azərbaycan büdcəsinə aksizlər hesabına toplam 1 milyard 378 milyon manatın daxil olması proqnozlaşdırılır. Bu, büdcə gəlirlərinin 4.5 faizi deməkdir. Ötən illə müqayisədə 2023-cü ildə aksizlər üzrə daxilolmaların həcmi 100 milyon manat daha çox olacaq.

2023-cü ildə gömrük rüsumları hesabına büdcəyə daxil olması gözlənilən vəsaitin həcmi 1 milyard 348 milyard manatdır. Bu, toplam büdcə gəlirlərinin təxminən 4.4 faizidir. Gömrük rüsumları üzrə proqnoz ötən illə müqayisədə cəmi 48 milyon manat artırılıb.

Büdcə gəlirlərinin formalaşmasında nisbətən iri paya sahib istiqamətlərdən biri də büdcə qurumlarının ödənişli xidmətlərdir. 2023-cü ildə bu istiqamətdə büdcəyə 726 milyon 500 min manatın daxil olması gözlənilir. Proqnozlaşdırılır ki, daha 272 milyon manat da büdcəyə dövlət rüsumları hesabına qazandırılacaq.

XS
SM
MD
LG