Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:56

Kotlet resepti videosundan sonra saxlanan aşpaz zaminə buraxılıb


Navab İbrahimi
Navab İbrahimi

Fars yeməkləri barədə videoları ilə tanınan iranlı aşpaz Navab İbrahimi azadlığa buraxılıb. Instagram-da 2.7 milyon izləyicisi olan aşpaz-bloqer yanvarın əvvəlində, kotlet resepti videosu paylaşandan sonra saxlanmışdı.

İranda siyasi fəaliyyəti izləyən HRANA agentliyi yanvarın 17-də bildirib ki, İbrahimi zaminə buraxılsa da, ona ittihamlar bəlli deyil.

22 yaşlı etirazçıya edam cəzası kəsilib

İranda İslam İnqilab Məhkəməsi 22 yaşlı etirazçı barəsində ölüm cəzası hökmü çıxarıb.

İranın Bəlucistan regionunda insan haqlarını monitorinq edən HAALVSH adlı qrup bildirir ki, Mənsur Dehmərde ölkənin cənubundakı Zahedan şəhərində keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə oktyabrın 3-də həbs olunub.

Fiziki əlilliyi olan Dehmərde məhkəmə iclasında deyib ki, o aksiya vaxtı “cəmi üç daş atıb və avtomobil təkəri yandırıb”.

Müttəhimin sözlərinə görə Zahedan Kəşfiyyat İdarəsinin düşərgəsində saxlandığı 10 gün ərzində ona işgəncələr verilib, burnu sındırılıb.

Dehmərde hazırda Zahedanın Mərkəzi Həbsxanasında saxlanır və ona ailəsi ilə görüşlər və telefon danışıqları qadağan olunub.

Ona qarşı şəriət qanunlarına uyğun olaraq irəli sürülmüş “Allaha qarşı müharibə” ittihamı ölüm cəzası nəzərdə tutur.

Bu, ölkədə artıq aylardır ki, davam edən etiraz iştirakçılarına qarşı daha çox irəli sürülən ittihamlardan biridir.

Etnik azlıq olan bəluclar

Tehran hakimiyyəti Sistan-Bəlucistan ostanının Zahedan şəhərində keçirilən etirazların iştirakçılarına amansız divan tutur.

Bəluc Fəallar Kampaniyası təşkilatı bildirir ki, son günlər Zahedanda yüzlərlə etnik bəluc həbs olunub.

Onlardan bir çoxunun vətəndaş kimliyi olmadığına görə qonşu Əfqanıstana deportasiya edilib.

Bu da qeyd olunur ki, Sistan-Bəlucistan ostanında minlərlə sənədisiz yaşayan iranlı var.

Məhz bu səbəbdən də onlar bir çox təməl insan haqlarından məhrum ediliblər.

Bəzi daxili mənbələr bu rəqəmin 100 mindən çox olduğunu bildirirlər.

Edama qarşı aclıq

İranda barəsində edam hökmü Ali Məhkəmə tərəfindən qüvvədə saxlanmış Məhəmməd Mehdi Kərami aclıq aksiyasına başlayıb.

Fəalların HRANA xəbər agentliyi Kəraminin vəkilinə istinadla onun Ali Məhkəmənin qərarına etiraz olaraq Kərəc həbsxanasında yanvarında 4-dən aclıq aksiyasına başladığını bildirir.

Bundan başqa ədliyyə habelə Kərmaiyə istədiyi vəkillə təmsil olunmaq icazəsi verməmişdi.

Sözü gedən vəkil - Məhənmməd Ağası bu həftənin əvvəllərində demişdi ki, məhkəmə onun Kəramini müdafiə etməsinə icazə verməyib.

Halbuki Ali Məhkəmənin sədri bəyan etmişdi ki, bütün məhkumlara öz istədikləri vəkillə təmsil olunmaq icazəsi verilir.

Bundan əvvəl İranın Ali Məhkəməsi təhlükəsizlik zabitinin qətlində iştirakda ittiham olunan üç etirazçı barəsində ölüm hökmlərini ləğv etmiş, amma həmin iş üzrə iki etirazçının edam hökmünü qüvvədə saxlamışdı.

Bunlardan biri də Kərami idi.

Hakimiyyət orqanları hərbiləşdirilmiş Bəsic qrupu üzvünün antihökumət aksiyası zamanı öldürülməsinə görə 16 etirazçıya qarşı ittiham irəli sürmüşdü.

Bu iş üzrə ittiham olunanların hamısı təqsirsiz olduqlarını deyir.

+++

Kotlet resepti paylaşan bloqer saxlanıb

İranda tanınmış aşpaz, Instagram influenseri, fars yeməklərini təbliğ edən videoları ilə tanınan bloqer saxlanıb.

İnsan Haqları Fəalları Xəbər Agentliyinin məlumatına görə, Navab İbrahimi yanvarın 4-də Tehranda saxlanaraq Evin həbsxanasına aparılıb.

Kotlet resepti

Instagram-da 2.7 milyon izləyicisi olan İbrahiminin saxlanma səbəbi göstərilmir. Ancaq “AFP” onun hesabına çıxışın mümkün olmadığını yazır. İzləyicilərinin dediyinə görə, bloger, İslam İnqilab Keşikçiləri Korpusunun generalı Qaşım Süleymaninin ölümünün üçüncü ildönümündə sosial şəbəkədə kotlet resepti paylaşandan sonra saxlanıb.

Rejimə qarşı çıxan bəzi iranlılar Süleymaninin ölüm günündə kotlet şəkli paylaşmağı ənənəyə çeviriblər. Bununla generalın İraqda ABŞ-ın dron zərbəsində öldürülməsinə eyham vururlar.

Nyu Yorkda yerləşən İranda İnsan Haqları Mərkəzi yazıb: “Aşpaz və influenser Navab İbrahimi Tehranda həbs olunub. Sosial media istifadəçiləri onun həbsinin Instagram hekayəsi ilə əlaqəli olduğunu təxmin edirlər”.

Oktyabrda həbs olunmuş, sonra buraxılmış iranlı kinorejissor və fotoqraf Nik Yusifi Twitter-də yazıb ki, İbrahimi həbs olunub, onun Tehrandakı “Noj” kafesi isə bağlanıb.

14 min nəfər saxlanıb

Bu həftə İran hakimiyyəti Süleymaniyə matəm mərasimləri keçirdiyi bir vaxtda opponentlər onun bayraqlar üzərindəki şəkillərinə od vururlar.

İranda sentyabrda başlanan etirazlarda azı 14 min nəfər saxlanıb. Bunu BMT bildirir.

Sentyabrın ortasında guya hicabı düzgün bağlamadığına görə saxlanan 22 yaşlı Məhsa Əmini polis tərəfindən saxlanandan sonra vəfat edib. Bunun ardınca ölkədə hakimiyyətə qarşı etirazlar başlanıb. Azı 400 nəfərin öldürüldüyü bildirilir.

Saxlananlar içində tanınmış jurnalistlər, kinorejissorlar, hüquqşünaslar və fəallar da var. Bəziləri sonradan zaminə buraxılsa da, digərləri həbsdə qalır.

XS
SM
MD
LG