Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 12:45

Bakıda ana və iki azyaşlı övladının qətli ilə bağlı videogörüntülər niyə silinib?


Hadisə 2022-ci il fevralın 20-də Nizami rayonu ərazisində baş verib.
Hadisə 2022-ci il fevralın 20-də Nizami rayonu ərazisində baş verib.

Bakıda 39-yaşlı Gülnar Qaraxanova və iki azyaşlı övladının qətlə yetirilməsi son dövrlərin ən ağır cinayət hadisələrindən biridir. Bu hadisəyə görə həbs olunan Əhəd Əliyevlə bağlı məhkəmə istintaqı yekunlaşıb, prokuror məhkəməyə ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib. Lakin məhkəmə hüquq-mühafizə orqanlarının bu cinayəti tam və hərtərəfli araşdırmadığı qənaətindədir. Hətta Bakı Ağır Cinayətlər Məhkəməsində bu işi araşdıran Rahib Salmanovun sədrlik etdiyi hakimlər kollegiyası bunu açıq şəkildə polis rəisinin müavininə də deyib.

Hakim bildirib ki, əlindəki cinayət işinin materiallarını araşdırıb təhlil etməklə bu cinayətdə ikinci bir şəxsin də iştirakının olmasından şübhələnir. Özəlliklə cinayətin hərtərəfli araşdırılması baxımından əhəmiyyətli olan videogörüntülərin bir hissəsinin silinməsi (cızılaraq görünməz hala düşməsi) də müəyyən şübhələr yaradıb.

Hakim bildirib ki, bu işin sonunda Baş Prokurorluğa tədbir görülməsi üçün məktub göndərəcək.

Hadisə necə baş verib

Hadisə 2022-ci il fevralın 20-də Nizami rayonu ərazisində baş verib. Gülnar Qaraxanova, onun 14-yaşlı qızı Lamiyə və 11-yaşlı oğlu Ataxan kirayə qaldıqları evdə bıçaqla qətlə yetirilib. Mənzildə olan 25 min manat pul isə oğurlanıb.

Ana və övladlarını öldürməkdə suçlanaraq həbs olunan 42-yaşlı Əhəd Əliyev Gülnar Qaraxanovanın bacısının həyat yoldaşı olub. Hadisədən sonra onlar rəsmi şəkildə boşanıblar.

Əliyev uzun illər müəllim işləyib, hətta bir müddət Saatlı rayonunda məktəb direktoru vəzifəsində də çalışıb. Cinayət işinin materiallarında iddia olunur ki, o, hadisəni tamah məqsədilə törədib. Ailənin ev almaq üçün pul topladığını bilib. Cinayəti törədəndən sonra evdən təxminən 25 min manat pul götürüb.

Lakin Əliyev ittihamda yazılanları qəbul etmir, özünü təqsirli bilmir. O, həbs olunandan sonra dözülməz işgəncələrə məruz qaldığını deyir. Onun sözlərinə görə, işgəncəyə məruz qalması sənədlərlə də təsdiqini tapıb.

Polis əməkdaşları qayıdıb gedib

Hadisədən öncə qonşular evdən səs-küy gəldiyini eşidib, polisə xəbər veriblər. Polislər gəlib qapını döyüblər. Uşaqlardan biri gəlib, atasının içkili olduğunu və yatdığını, anasının isə qapını açmaq istəmədiyini bildirib.

"Üzümüzə qapını açan olmadı. Qonşulardan biri dedi ki, qadın başı bağlıdır, elə də qabağa çıxmır. Bu vaxt uşaq bildirdi ki, şikayətimiz yoxdur, gedə bilərsiniz. Ona görə qayıdıb getdik...", – məhkəmədə dindirilən polis əməkdaşı Ramil Hacıyev mənzilə daxil olmamalarını belə izah edib.

Hakim ona mənzilin qapısını sındırmamalarını irad tutanda o, cavabında bildirib ki, mənzil toxunulmazlığı qanunla qorunur və hər şikayətə görə mənzilin qapısı sındırıla bilməz: "Qonşuların qadının mühafizəkar olması haqda dedikləri uşağın "anam qapıya gəlmək istəmir" deməsi ilə üst-üstə düşdü. Ona görə ağlımıza gəlməzdi ki, uşaq kiminsə təzyiqi altında elə deməyə məcbur edilir".

Amma polislər bölməyə durum haqda məlumat veriblər. Onlar da öz növbəsində Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə xəbər çatdırıblar. Xilasedicilər biləndə ki, azyaşlıların valideyni yanındadır, geri qayıdıb: "Xilasedicilər bildirdilər ki, azyaşlının yanında valideyni varsa, biz müdaxilə edə bilmərik".

Təqsirləndirilənin oğlu nə deyib

Məhkəmə öz təşəbbüsü ilə hadisə baş verən dövrdə həmin bölmənin rəis müavini olmuş, hazırda isə Polis Akademiyasında çalışan Natiq Hüseynovu da çağırıb dindirib. O, təqsirləndirilən Əliyevin 15-yaşlı oğlunun ifadəsi əsasında məhkəməyə çağırılıb. Yeniyetmə məhkəmədə ifadəsində bildirib ki, hadisədən sonra anası xalasıgilin qətlinə görə dindiriləndə ona telefonda hadisə yerində hərəkət edən gödəkcəli bir nəfərin videogörüntüləri göstərilib. Lakin Hüseynov belə bir görüntü göstərmədiyini deyir.

Bundan sonra hakim sabiq rəis müavininin nəzərinə çatdırıb ki, bu cinayət işi ilə bağlı videogörüntülər məsələsində çox ciddi problemlər ortaya çıxıb. Təxminən 4-dəqiqəlik videogörüntülər, demək olar, yox olub.

Hüseynov dindiriləndə təqsirləndirilən Əliyev iddia edib ki, ona işgəncə verib cinayəti üzərinə götürməyə məcbur edənlərdən biri məhz bu şəxs olub.

Onun vəkili isə vəsatət qaldırıb ki, Əliyevin keçmiş həyat yoldaşının hadisə günü və o ərəfədə harada olduğu araşdırılsın, bu məqsədlə mobil operatordan onun anten məlumatları alınsın.

Prokurorun gətirdiyi dəlillər

Prokuror isə deyir ki, cinayətin Əliyev tərəfindən törədildiyini təsdiqləyən konkret sübutlar var – hadisədən sonra ondan tapılan böyük məbləğdə pul, ayaqqabısının altından tapılan qan ləkəsinin uyğunluğu, cinayətin baş verdiyi evdəki siqaret kötüyündəki ağız suyu və s. Dövlət ittihamçısının sözlərinə görə, hadisədən dərhal sonra Əliyev gedib özünə bahalı mobil telefon alıb, xeyli pul xərcləyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsi ilə yanaşı, ondan götürülən pulun zərərçəkmişlərin hüquqi varisi qismində tanınan Fəsahət Qaraxanova qaytarılmasını təklif edib. O, Gülnar Qaraxanovanın həyat yoldaşı, uşaqların isə atasıdır.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, bu hadisədən sonra polis bölməsində xidməti yoxlama aparılıb və bir neçə polis əməkdaşı cəzalandırılıb.

XS
SM
MD
LG