Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:14

Soğan az qala 100 faiz bahalaşıb


"1 kilosuna 90 qəpik verdim"
"1 kilosuna 90 qəpik verdim"

Azərbaycanın rayonlarında soğanın qiymətinin bir həftə ərzində 35-40 qəpik bahalaşdığı bildirilir.

"Göyərtinin də qiyməti artıb"

Astara rayon bazarından soğan alan yerli sakinlərdən Zabir Ağayev əlindəki bağlamanı göstərib deyir ki, beş-altı gün bundan əvvəl həmin məhsulun 1 kiloqramını 50 qəpiyə alıb: "Bu gün (yanvarın 15-də) həmin soğandan aldım, 1 kilosuna 90 qəpik verdim. Hələ, üstəlik, satıcı ilə mübahisə də etdim. Gördüm ki, günah onda deyil. Göyərtinin də qiyməti artıb. Əvvəl göyərtinin bir dəstəsi 8-10 qəpik idi, indi olub 20 qəpik. Həyət yumurtasının bir ədədi 45-50 qəpiyə satılır. Bahalaşma maaş və pensiya artımını udur".

"Soğan tədarükçüsü bizə dedi ki..."

Kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan, adının çəkilməsini istəməyən işadamının deməsinə görə, bazarlara soğan, əsasən, Ağdam rayonundan gətirilir: "Gözləmirdik ki, soğanın qiyməti qısa müddətdə bu qədər qalxar. Ağdamdan olan soğan tədarükçüsü bizə dedi ki, anbarlara vurulan soğanın 70-80 faizi çürüyüb. Məhsul tükənir, tükəndikcə qiyməti qalxır. Belə getsə, soğanın qiyməti iki dəfə qalxacaq. Cəlilabaddan, Rusiyadan, İrandan kartof gəlir, ona görə qiyməti sabitdir. Soğan gəlmir. Digər tərəfdən, soğanının bir hissəsi toylara gedir".

"Hər dəfə görürəm ki, qiymətlər qalxıb"

Marketlərin birinin qarşısında rastlaşdığımız yaşlı bir qadın da qiymətlərin qalxmasından gileylənirdi: "Mən müəllimə işləmişəm, indi pensiyadayam. Yaşlı adamam, gərək indi evdə əyləşib rahatlıqla pensiyamla dolanım. Dolana bilmirəm. Həftədə iki dəfə marketə gəlirəm. Hər dəfə gələndə eyni məhsulları alıram, hər dəfə də görürəm ki, qiymətlər qalxıb. Gördüm ki, kəllə qəndin 800 qramı 3 manat 7 qəpikdir. Qarğıdalı yağı baha, toyuq ətinin 1 kiloqramı 7 manatdan yuxarıdır. Belə iş olar?!".

Onun sözlərinə görə, dərmanın bahalaşması daha sürətlə gedir: "İran sərhədində satılan ərzaq məhsulları buradakından ucuzdur, 30 faiz fərq edir".

Un ucuzlaşıb

Mağaza sahiblərindən biri isə deyir ki, ucuzlaşan məhsullar da var: "50 kiloqramlıq unun bir kisəsi 24 manatdan 21 manat 50 qəpiyə düşüb. Sənaye malları ucuzlaşır. Elə konfetlər var qiymətləri aşağı düşüb".

"Monopoliya var"

İctimai fəal Asən Həşimli deyir ki, rayonlarda istehlak məhsullarının qiymətlərinin qalxmasının səbəbləri çoxdur: "Uzaq dağ kəndində bir mağaza varsa, orda süni şəkildə qiymət artımı ola bilər. Rayon mərkəzlərində bu, mümkün deyil. Monopoliya var. Gedən müharibələrin (Rusiya-Ukrayna) də təsiri var. Mövsümi vaxt kənd təsərrüfatı məhsulları su qiymətinə olur. Yadıma gəlir, mövsüm vaxtı soğanın 1 kiloqramı 20-30 qəpiyə idi. Həmin vaxtı məhsul tədarük olunmalıdır, müəyyən dövrlərə saxlanmaldır. Rayonumuzda yetişdirilən naringinin yarısı bu il batdı".

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub. Ərzaq məhsullarının isə 20 faizə yaxın bahalaşdığı bildirilir. Rəsmilər deyir ki, Azərbaycanda bahalaşma, əsasən, xarici amillərlə bağlıdır.

XS
SM
MD
LG