Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:15

MTN generalı: 'İranlı casus prezident Əliyevə sui-qəsd hazırlamışdı'


Prezident İlham Əliyevi müşayiət edən kortej. 2013
Prezident İlham Əliyevi müşayiət edən kortej. 2013

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, iki ilə yaxındır həbsdə olan general Mövlam Şıxəliyev iddia edir ki, Prezident İlham Əliyevə İran vətəndaşı tərəfindən sui-qəsd hazırlanıb. Sabiq MTN generalının sözlərinə görə, prezidentin yüksək dəqiqliklə vurmaq imkanları olan snayperlə öldürülməsi planlaşdırılıb. Şıxəliyev deyir ki, planın icraçısı dövlət başçısının gündəlik istifadə etdiyi yolun üzərində - Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşən binada mənzil kirayələyib.

"Bizim haqqımızda hökmdə orden və medallarımızın, hərbi rütbələrimizin alınması məsələsi də əksini tapıb. Bunları bir dəqiqənin içində alırlar. Amma nəzərə almırlar ki, bu təltiflər bizə hansı xidmətlərin müqabilində verilib. Prezidentə sui-qəsdin qarşısı Vüsal Ələkbərov və Sahib Ələkbərovun sayıqlığı nəticəsində alındı. O, uzunmüddətli həbsə məhkum edildi. Hacı Məmmədovun dəstəsi bütün Bakını lərzəyə salmışdı, 12 nəfəri öldürmüşdü, biz həbs elədik...", – Şıxəliyev yanvarın 30-da öz məhkəməsində belə deyib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən general da, vaxtilə onun tabeliyində işləmiş, hazırda isə onunla birlikdə mühakimə olunan üç sabiq MTN polkovniki – Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov da apellyasiya şikayəti verib. Onların işinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

32 epizod üzrə bircə sübutun da ortaya qoyulmadığını deyir

General Şıxəliyevin sözlərinə görə, ona 32 epizod üzrə ittiham verilib, amma bircə sübut da ortaya qoyulmayıb. MTN-in sabiq idarə rəisi deyir ki, cinayət işi yalanlarla doludur. Onun sözlərinə görə, Baş prokuror Kamran Əliyevi də həmin yalanlarla aldadıblar: "Yazıblar ki, guya, mənə 28 May küçəsində yaşadığım evdə gətirib rüşvət veriblər. Halbuki, mən, ümumiyyətlə, orada yaşamamışam. Mən Nizami küçəsində yaşamışam, qapı qonşum da Maliyyə naziri Samir Şərifov olub. Məndə 37 saylı mənzil olub, onda 38...".

MTN generalı gileylənir ki, Bakı Hərbi Məhkəməsi araşdırma aparmadan ittiham aktını olduğu kimi köçürüb və hökm çıxarıb. O, məhkəməni notarius funksiyası yerinə yetirməyə görə qınayıb.

Şıxəliyevin "mən prezidentə sədaqətlə xidmət etmişəm" cümləsi isə onunla zərərçəkmiş Hüseyn Səfərov arasında qalmaqala səbəb olub.

"Sən sədaqətlə xidmət eləməmisən, xəyanət eləmisən...", – Səfərov belə deyib.

Xatırlatma

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində ona və vaxtilə MTN-də tabeliyində çalışmış daha üç polkovnikə -keçmiş şöbə rəisləri Yasin Məmmədov Vüsal Ələkbərov, rəis müavini Sahib Ələkbərova hökm oxunub. Hökmə əsasən, Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Şıxəliyevdən başqa digər üç nəfər həbsdə deyildi. Onlar hökm oxunanda məhkəmə zalından həbs olunublar.

Məhkəmə həmçinin Şıxəliyevin general-mayor, digərlərinin polkovnik rütbəsi və bir sıra başqa təltiflərinin alınmasına qərar verib.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, MTN-də bu işləri özbaşına eləyə bilməzdilər. Çünki istintaqa prosessual nəzarət orqanı var – prokurorluq. Şıxəliyev və digərləri bildirib ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı Baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır.

Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

XS
SM
MD
LG