Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:29

ABŞ və Qərb Ukraynaya qırıcılar verməyə meylli deyil


Yeni F-16 Block 70 qırıcı təyyarəsi
Yeni F-16 Block 70 qırıcı təyyarəsi

ABŞ prezidenti Co Bayden (Joe Biden) bildirib ki, Vaşinqton Ukraynaya F-16 qırıcıları verməyəcək.

AFP agentliyi xəbər verir ki, prezident jurnalistlərin “o Ukraynaya təyyarələr verilməsi ideyasını dəstəkləyirmi” sualına “yox” cavabı verib.

Bundan sonra ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) Baydenin bəyanatını şərh edərkən deyib ki, Vaşinqton artıq Kiyevə kifayət qədər silahlar verir.

Yanvarın 26-da Baydenin müşavirlərindən Con Fayner demişdi ki, Vaşinqtonda Ukraynaya F-16 qırıcılarının verilməsini istisna etmirlər.

Elə həmin gün Pentaqonun sözçüsü Sabrina Sinqh jurnalistlərə bildirmişdi ki, Ukraynaya belə təyyarələrin verilməsi məsələsi gündəlikdən çıxarılmayıb.

O əlavə etmişdi ki, F-16 təyyarələrini idarə edə bilmələri üçün Ukrayna pilotlarının uzun təlim görməsi tələb olunacaq.

Daha əvvəl Vaşinqton bildirmişdi ki, hazırda Ukraynaya hərbi təyyarələrin verilməsi mümkün deyil.

ABŞ-ın ardınca Britaniya

Baydenin bu bəyanatından az sonra Britaniya da bildirib ki, Ukraynaya döyüş təyyarələrinin verilməsi hazırda “praktik” hərəkət olmazdı.

Bu barədə məlumatı yanvarın 31-də baş nazir Rişi Sunakın sözçüsü verib:

"Britaniyanın döyüş təyyarələri son dərəcə mürəkkəbdir və onların idarə edilməsinin öyrənilməsinə aylarla vaxt lazım gələ bilər. Bunu nəzərə alaraq düşünürük ki, Ukraynaya bu təyyarələrin göndərilməsi praktik deyil. Biz düzgün yanaşmanın müəyyənləşdirilməsi üçün müttəfiqlərimizlə məsləhətləşmələri davam etdiririk”.

The Telegraph qəzeti isə yazmışdı ki, London Kiyevə hərbi təyyarələri yalnız Rusiya qoşunları Ukraynadan çıxarıldıqdan sonra verə bilər.

Polşa F-16 verə bilər, amma...

Kiyevə Qərb istehsalı qırıcı təyyarələrin verilməsi məsələsi ötən həftə Ukraynaya ağır tankların göndərilməsinə dair qərarın qəbul edilməsindən dərhal sonra müzakirəyə çıxarılmışdı.

Ukrayna rəsmiləri bildirirlər ki, ölkənin 180-dək qırıcıya ehtiyacı var.

Ukraynaya öz hərbi hava donanmalarından F-16 qırıcıları verməyə hazır olduqlarını Niderland və Polşa bildirmişdilər.

Yanvarın 30-da Polşanın baş naziri Mateuş Moravetski demişdi ki, Varşava Kiyevə F-16 qırıcıları verə bilər, amma bunu yalnız NATO ilə “tam koordinasiya” etməsi lazımdır.

Almaniya kansleri Olaf Şolts da Ukrayuna qırıcıların verilməsini istisna etmişdi.

O bildirmişdi ki, bu, münaqişəni daha da qızışdıra bilər.

Fransanın mövqeyi

Fransa prezidenti Emanuel Makron Niderlanda səfəri əsnasında Ukraynaya qırıcı təyyarələrin verilməsini istisna etmədiyini demişdi.

Amma o əlavə etmişdi ki, belə təyyarələrin Kiyevə verilməsi müəyyən şərtlər daxilində olmalıdır.

Onun sözlərinə görə bu, münaqişənin eskalasiyasına səbəb olmamalı, bu təyyarələrdən Rusiya ərazisindəki obyektlərin vurulması üçün istifadə edilməməlidir.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov onun ölkəsinə ağır tankların verilməsinə dair qərar verildikdən dərhal sonra bildirmişdi ki, Ukraynanın Rusiya təcavüzünü dəf edə bilməsi üçün Kiyevə habelə döyüş təyyarələri lazımdır.

Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan bəri Ukrayna özünün hərbi aviasiyasını demək olar tamamilə itirib.

Oryx müstəqil layihəsinin hesablamasına görə Ukraynanın 55 təyyarəsi, 25 helikopteri məhv edilib.

XS
SM
MD
LG