Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:22

Orta Asiya universitetlərinə üz tutan əfqan qadınlar


Əfqanıstanda qadınlar universitetə imtahan verir, oktyabr, 2022-ci il
Əfqanıstanda qadınlar universitetə imtahan verir, oktyabr, 2022-ci il

Taliban hökuməti Əfqanıstanda qadınların universitetlərdə oxumasını qadağan etdiyi bir vaxtda Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində onlarla əfqan qız Qazaxıstan, Qırğızıstan və Özbəkistanda təhsil ala biləcək.

Təşkilatçıların bildirdiyinə görə, artıq 100-dən çox əfqan qız həmin ölkələrdə təhsil almaq üçün beşillik təqaüd qazanıb.

2025-ci ildə 50 nəfər məzun olacaq

Bu layihə hələ 2019-cu ildə, Kabildə qərbin dəstəklədiyi hökumət hakimiyyətdə olanda işə salınıb. Məqsəd əfqan qadınlara xaricdə təhsil almaq, daha yaxşı karyera imkanları ilə ölkələrinə bacarıqlı kadrlar kimi qayıtmasına şərait yaratmaqdır.

İlkin mərhələdə 50 qıza 2025-ci ilədək Qazaxıstan və Özbəkistanda təhsil üçün tam təqaüd verilib.

Proqramın ikinci mərhələsinin iştirakçıları isə Taliban 2021-ci ilin avqustunda Kabildə hakimiyyəti ələ keçirməzdən bir neçə ay öncə seçilib.

Taliban qızların ibtidai təhsildən sonra oxumasını, qadınların universitetə getməsini yasaqlayıb. Qadınlar bir çox iş yerlərindən, eləcə də qeyri-hökumət təşkilatlarından uzaqlaşdırılıb.

5.5 milyon dollarlıq proqram

Ancaq bütün bunlara baxmayaraq, proqramın ikinci mərhələsində 105 iştirakı Orta Asiyaya aparılıb. Mənbələrin AzadlıqRadiosuna dediyinə görə, Qazaxıstanın Xarici İşlər Nazirliyi qadınların Əfqanıstandan çıxmasına yönəlik danışıqlarda vacib rol oynayıb.

Layihəni BMT-nin İnkişaf Fondunun (UNDP) Qazaxıstandakı ofisi idarə edir. Ofisdən AzadlıqRadiosuna deyilib ki, Qazaxıstan universitetlərində 50 tələbə təhsil alacaq. 30 nəfər Özbəkistandan, 25 qadın Qırğızıstanda oxuyacaq.

Bu qadınların təhsili 2027-ci ildə başa vuracağı gözlənir.

Aİ layihənin birinci və ikinci mərhələlərinə 5.5 milyon dollar ayırıb, proqramın ondan sonra davam edib-etməyəcəyi bəlli deyil.

Yekun qərar məzundan asılı olacaq

Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid AzadlıqRadiosuna deyib ki, Kabildəki rəsmilərlə sözügedən ölkələr, yaxud layihənin digər tərəfləri arasında hər hansı razılaşmadan məlumatı yoxdur.

Proqram plan üzrə gedərsə, 155 tələbə Orta Asiyada kənd təsərrüfatı, maliyyə, mədənçilik, mühəndislik, marketinq, kompüter elmləri üzrə diplom alacaq.

Ancaq Taliban hakimiyyətdə qaldığı müddətdə bu qadınların Əfqanıstanda iş və karyera perspektivləri real görünmür. Onlardan bəziləri təhlükəsizlik risklərini əsas gətirərək ölkələrinə qayıtmaq istəməyə bilər.

UNDP bildirib ki, “Əfqanıstana qayıtmaqla bağlı yekun qərar hər bir məzunun özündən asılıdır”.

Təhsilini bitirənlərin taleyi

“Proqram təşkilatçıları bu qızların təhsili bitirəndən sonra nə edəcəkləri haqda düşünməlidirlər”, – 2021-ci ildə Almatı Elektroenergetika və Telekommunikasiya Universitetini bitirmiş əfqan qadın Barna Kargar deyir.

Əfqanıstanın Bəlx vilayətindən olan 25-yaşlı qadın Kabildə Qərbin dəstəklədiyi hökumət iflas edən gün diplomunu alıb. O, vətənə qayıtmaq fikrindən daşınaraq Qazaxıstanda qalıb.

Kargar deyir ki, o vaxtdan həyatında qeyri-müəyyən dönəm başlayıb. Qazaxıstan sığınacaq müraciətini rədd etdiyindən bu ölkədə qanuni yaşamaq və işləmək hüququ yoxdur.

Kargar Əfqanıstana qayıtmağa qorxduğunu əsas gətirərək məhkəmənin qərarından şikayət verib. O, Aİ-nin maliyyələşdirdiyi layihənin iştirakçısı deyil. Ancaq 2016-cı ildə Qazaxıstana Əfqanıstan hökumətinin təqaüdüylə gedib.

Qazaxıstan, eləcə də Orta Asiyanın digər ölkələri təhsilini bitirən əfqan tələbələrə sığınacaq, yaxud hər hansı formada yaşam hüququ verəcəyini açıqlamayıb.

“Çox şey dəyişə bilər”

Kabildə yaşayan 23-yaşlı Rahila Yusafzay deyir ki, internetdə sözügedən proqramın bərpa olunması haqda oxuyub.

İngiliscəsi yaxşı olan Yusafzay xaricdə oxumaq istəyir, əfqan qadınlara təklif olunan təqaüd, qrant və digər imkanları daim axtarır.

“Ötən ay Taliban qadınların universitet təhsilini qadağan edəndən sonra bir çox əfqan qadın təhsilini yarımçıq qoydu. Ümid edirəm, onların xaricdə oxuması üçün təqaüd proqramları olacaq”, – o, AzadlıqRadiosuna danışıb.

“Onlar məzun olandan sonra nə baş verəcəyi sarıdan narahat olmamalıyıq. Beş-altı ilə çox şey baş verə, çox şey dəyişə bilər”, – Yusafzay vurğulayıb.

XS
SM
MD
LG