Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:18

Sülhməramlılarla bağlı Bakının qol çəkmədiyi sənəddə nə var


Rusiya sülhməramlıları Qarabağda
Rusiya sülhməramlıları Qarabağda

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Qarabağdakı Rusiya sülhməramlılarının mandatı və səlahiyyətləri barədə sorğu ilə Ermənistan baş nazirinin ofisinə müraciət edib. Sorğuda deyilir ki, məsələn onların Laçın dəhlizini zorla açmaq səlahiyyəti varmı?

Hökumət bu sorğuya cavab olaraq Azatutyuna “Dağlıq Qarabağ münaqişə zonasında sülhməramlı əməliyyatın icrası üçün mandat” adlı sənədi göndərib.

Bu sənəd 44 günlük müharibədən və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra, noyabrın 21-də Ermənistan və Rusiya müdafiə nazirləri tərəfindən imzalanıb. Azərbaycan bu sənədə qol çəkməyib.

Azatutyunun yazdığına görə bu sənəddə deyilir ki, Qarabağdakı təmas xəttində və Laçın dəhlizi boyunca yerləşdirilən sülhməramlı kontingent bütün nəqliyyat növlərinin təhlükəsiz hərəkətini, beynəlxalq humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməli, atəşkəs rejiminə əməl olunmasını monitorinq etməli, gücdən istifadə olunmaması öhdəliyinin pozulmasına reaksiya göstərməli, onların məsuliyyəti zonasında asayişin pozulmasının qarşısını almalı, Qarabağda normal həyatı təmin etməli, həyati əhəmiyyətli obyektləri qorumalıdırlar və sair.

Azatutyun yazır ki, bu sənədə əsasən sülhməramlıların aşağıdakı hallarda silahdan istifadə etmək səlahiyyəti var:

Sülhməramlılar onların üzərinə qoyulmuş vəzifələrin icrasına imkan verilmədiyi, onlara silahlı birləşmələr və ya şəxslər tərəfindən zorakılıq tətbiq edildiyi, mülki əhalinin həyat və sağlamlığına təhlükə yarandığı hallarda silahdan istifadə edə bilərlər.

Nikol Paşinyan nə demişdi

Azatutyun yazır ki, ötən ilin avqust ayında baş nazir Nikol Paşinyan bu sənəd barədə onun Azərbaycan tərəfindən imzalanmadığını demişdi. Amma o həm də əlavə etmişdi:

“Bu mandatın icrası üçün Ermənistan və Rusiyanın imzaları kafidir. Əgər bu belə deyildirsə, onda bu mandatın beynəlxalq səviyyədə təsdiq edilməsi və ya sülhməramlılara daha geniş beynəlxalq mandat verilməsi üçün tədbirlərin görülməsi zəruridir”.

Bu ilin yanvarında isə Paşinyan iddia etmişdi ki, sözü gedən sənəd 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının davamıdır və Azərbaycanın imzası olmadan da keçərlidir:

“Doğrudur, Azərbaycan imzalamayıb, amma bu sənəddə bir yerdə də deyilmir ki, o yalnız üç tərəfin onu imzaladığı halda qüvvəyə minir”.

Xankəndidə elektrik enerjisi hələ də tam verilmir
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Beynəlxalq ekspert nə deyir

Azatutyun yazır ki, bu barədə sualla ABŞ-ın Stenford Universitetinin siyasi elmlər professoru Artur Xaçikyana müraciət edib.

Ekspert deyib ki, Rusiya sülhməramlıları Azərbaycanın imzası olmadan yalnız Ermənistan və Rusiyanın imzaladığı sənəddəki vəzifələri icra edə bilməz:

“Təsəvvür edin ki, məsələn, Rusiya və Ermənistan Abxaziyada və Cənubi Osetiyada, Gürcüstan ərazisində baş verənlərlə bağlı sənəd imzalayır. Belə bir şey ola bilməz. Siz sənəd imzalaya və başqa bir ölkənin ərazisindəki hadisələri müəyyən edə bilməzsiniz. Əgər biz Artsaxı (Qarabağ-red) Azərbaycan ərazisi hesab ediriksə, belə çıxır ki, beynəlxalq birlik də bunu belə hesab edir, biz hətta bu barədə danışsaq da, bunu edə bilmərik. Siz təsəvvür edə bilərsinizmi ki, Rusiya və Azərbaycan, məsələn Yerevanda və ya Gümrüdə baş verənlərlə bağlı sənəd imzalasınlar”.

ABŞ Stenford Universitetinin professoru Artur Xaçikyan
ABŞ Stenford Universitetinin professoru Artur Xaçikyan

Ekspertin dediyinə görə sülhməramlıların Qarabağdakı fəaliyyəti yalnız 9 noyabr 2020-ci il tarixli sənədlə müəyyən edilir. Azərbaycan həmin sənədi imzalayıb. Orada sülhməramlıların yerləşdirilməsi var, amma onların nə edəcəyinə dair heç nə yoxdur.

“Biz çox böyük müharibəyə gedirik”

Artur Xaçikyanın sözlərinə görə sülhməramlıların sülhü təmin etmək üçün mandatları var, amma sülhə məcbur etmək, başqa sözlərlə zordan istifadə etmək səlahiyyəti yoxdur:

“Əgər biz klassik mənada sülhməramlılardan danışırıqsa, onların zordan istifadə etmək səlahiyyəti yoxdur. Onlar orada hər iki tərəfin razılığı ilə yerləşdiriliblər və neytral olmalıdırlar. Onlar silahı yalnız öz üzərlərinə hücum olarsa, mandatlarını müdafiə etmək və yerli mülki əhalini qorumaq üçün – yalnız bu üç halda tətbiq edə bilərlər. Amma orda əgər Azərbaycana qarşı güc tətbiq olunarsa, bu artıq sülhməramlı qüvvə sayılmayacaq. Ruslar münaqişənin tərəfinə çevriləcəklər. Yəni Rusiya güc işlətsə bu Rusiyanın Azərbaycana müdaxiləsi sayılacaq. Bu halda Rusiya Türkiyə və Azərbaycanla hərbi qarşıdurmaya getməli olacaq. Bu müharibə şəraitində Rusiya bunu edə bilməz, istəmir və edə bilmir”.

Politoloqun firkincə sülhə məcbur etmək üçün, yəni güc tətbiq olunması üçün BMT Təhlükəsizlik Şurasının mandatı olmalı, qurum beynəlxalq təhlükəsizliyə hədənin olmasını təsdiq etməli və güc tətbiq etməli olan ölkə və ya ölkələr qrupuna səlahiyyət verməlidir.

Professor Xaçikyanın fikrincə BMT Rusiyaya belə bir mandat verməyib və verməyəcək:

“Bu çox ağır, çox təhlükəli il olacaq, çünki biz böyük müharibəyə doğru gedirik. İndi Ukraynada çox ciddi eskalasiya olacaq. Yəni belə bir mandatı BMT-dən gözləmək mənasızdır”.

Artur Xaçikyan vurğulayıb ki, Qarabağdakı sülhməramlıların “birbaşa və yazılı səlahiyyətləri” yoxdur.

Xankəndidən müsahibə: 'Sülhməramlıların buraxdığı yük 10 faiz ehtiyacımızı ödəmir'
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG